15 Mart 2022 09:05
772
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Baku Elektronics” şirkəti vətəndaşların istehlakçı hüquqlarını tapdalamağa davam edir.

Şirkətlə bağlı şikayətini Teleqraf.com-a danışan müştəri Nəsirulla Bayramov bildirib ki, ötən ilin may ayında 269 manat ödəyərək zəmanətlə aldığı telefonda problem yaranıb.

Müştəri baş verən nasazlıqla bağlı şirkətə müraciət etsə də, onu adətlərinə uyğun get-gələ salıblar:

"Mən həyat yoldaşım Təranə Bayramova adına bir il zəmanətlə "SamsungA107F" markalı mobil telefonu aldım. Ötən müddət ərzində telefon səliqəli şəkildə istifadə olunmaqla "çexol"da saxlanılıb. Bu ilin yanvarında ekranında sarı rəngli ləkə əmələ gəldiyi üçün həmin gün telefonu aldığım dükana apardım, satıcıya zəmanət müddətində telefonda qüsur meydana çıxdığını bildirdim.

Telefonun digər qüsursuz telefonla dəyişdirilməsini, yaxud ödədiyim pulun geri qaytarılmasını tələb etdim. Satıcı telefonu nəzərdən keçirdikdən sonra mənə “Baku Servis Kompani”yə müraciət etmək lazım olduğunu bildirdi”.

Müştəri sevisə müraciət edib. Lakin telefon səthi olaraq nəzərdən keçirilib, telefonda aşkar edilən qüsurların - telefonun deformasiyaya uğraması və mexaniki təsir nəticəsində ekranda ləkə əmələ gəlməsi barədə texniki rəy tərtib edilib. Bundan sonra şirkətin servis xidməti yaranmış qüsurların zəmanətə daxil olmamasına istinad edilməklə müştərinin müraciətini rədd edib: “Bu, mənə böhtan idi. Çünki telefonu diqqətlə saxlamışıq. Bunu gözlə də görmək mümkündür, cızıqlar varsa belə onu satıcı və ya servisdəkilər bilərəkdən edib. Onlar telefonun təmiri üçün məndən 130 manat tələb etdilər”.

Şirkət açıq şəkildə müştərinin istehlakçı hüquqlarını pozub.

Qeyd edək ki, müştəri məsələ ilə bağlı Azad İstehlakçılar Birliyinə də şikayətini bildirib.

Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.


Müəllif: Aysel Azad