15 Mart 2022 12:39
827
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qasım Qasımzadə adına ilk dəfə hərracların birindən satın aldığım fransız dilində 1926-cı ildə nəşr olunmuş “Rusiya və boğazlar” adlı kitabın müəllifi kimi rast gəlmişdim. Professor Ədalət Tahirzadədən bu barədə soruşduğum zaman Qasım bəyin Bakıda önəmli vəzifələrdə çalışdığını, Fransada təhsil aldığını, daha sonra isə İrana köçdüyünü qeyd etmişdi.

2020-ci ildə Ədalət bəy professor Misir Mərdanovla birgə yazdığı “1920-ci ilәdәk ali mәktәblәrdә oxumuş azәrbaycanlılar” adlı kitabın 4-cü dildində ilk dəfə olaraq görkəmli azərbaycanlı haqqında geniş məlumat verdilər. Daha sonra mühacirətdə çıxan “Azərbaycan” jurnalında mühacir Əbdülvahab Yurdsevərin Q.Qasımzadənin İranda vəfatı ilə bağlı nekroloq yazısını əldə etdik. Beləliklə, Qasım bəyin həyat hekayəsi tamamlanmış oldu.

M.Mərdanov və Ə.Tahirzadənin yazdığına görə, Q.Qasımzadə 1889-cu ildə Qubanın Xələc kəndində Hacı Mahmud Qasım oğlu ilə Şəhrəbanu Allahverdi qızının ailəsində doğulub. Atası Bakının 2-ci gildiya taciri olub. Q. Qasımzadә 1899-cu ilin sentyabrından 8 iyun 1906-cı ilәdәk Bakı edadi (real) mәktәbindә oxuyub. 15 sentyabr 1906-cı ildәn 9 iyun 1907-ci ilәdәk hәmin mәktәbdә әlavә sinifdә dә tәhsil alıb. 2 iyun 1907-ci ildә әlavә olaraq 8-ci sinif hәcmindә latın dilindәn dә imtahan verib vә bununla da tam orta tәhsilini başa vurub. 6 iyul 1907-ci ildә hüquq fakültәsinә götürülmәsi üçün Sankt-Peterburq Universitetinin rektoruna әrizә yazıb vә universitetә qәbul olunub. 1911-ci ildə ali tәhsilini bitirdikdәn sonra Bakıya dönәn Qasımzadә hәm peşә fәaliyyәti ilә (vәkilliklә) mәşğul olub, hәm dә ictimai işlәrdә fәallıq göstәrib. Belә ki, 31 mart 1911-ci ildә baş tutan Bakı Şәhәr Dumasına seçkilərdə o da deputat olub. Qasımzadә dumanın 41 iclasının 26-sında iştirak edib. O, 1914-cü ildә “Nicat” cәmiyyәtinin sәdri seçilib.

Çar Rusiyasının devrildiyi dövrlərdə müxtəlif vəzifələrdə çalışan Qasımzadə 1919-cu ilin mayında Bakı Şәhәr Dumasının rəhbəri olub. Cümhuriyyət hökuməti onun bacarığını yüksək qiymətləndirib. Cümhuriyyətin işğalından sonra vətəni tərk edənlər arasında Qasım bəy də olub. O, ailәsi ilә birgә 1920-ci ildә öncә Güney Azәrbaycana, sonra isә Parisә köçüb. Hüquq tәhsilini burada davam etdirib.

18 iyun 1926-cı ildə o, “Rusiya və boğazlar. Diplomatiya tarixi vә insan hüquqları üzrә araşdırma” mövzusunda doktorluq işi müdafiə edib. Qasım bəy Fransada yaşadığı müddətdə burada qurulan Fransadakı Azәrbaycanlılar Cәmiyyәtinin və Azәrbaycan Neft Sahibkarları Cәmiyyәtinin üzvü olub.

İran senatının üzvü

“Azərbaycan” jurnalının 1959-cu ildə çap olunan 90-91-ci qoşasayında Əbdülvahab Məhəmmədzadənin (Yurdsevər) “Dr. Qasım Qasımzadə” adlı məqaləsi dərc olunub. Qasımzadənin ömrünün son illəri bu yazıda əks olunduğu üçün tam şəkildə təqdim edirik:

“Tehranda çıxan “Ettilaat” qəzeti 20 oktyabr 1959-cu il tarixli sayında Azərbaycanın tanınmış simalarından Dr. Qasım Qasımzadənin vəfat etdiyini xəbər vermişdir. Bakıda doğulmuş və ad-san qazanmış mərhum Qasımzadə (Ağa Qasım) tüccardan “Türkmən” Hacı Mahmudun oğlu və tanınmış yazar, “Bəsirət” qəzetinin sahibi və naşiri Hacı İbrahim Qasımzadənin qardaşı idi. Atasına “Türkmən” deyilməsinin səbəbi Türküstandan gələn türkmən tacirlərlə ticarət etməsi, türkmən qiyafətinə bənzər bir qiyafət geyinməsi idi.

Dr. Qasımzadə Rusiyada hüquq təhsili almış, Bakıda vəkilliklə məşğul olmuşdu. Öz məsləyində sürətlə şöhrət qazanmış Qasımzadə eyni zamanda ictimai işlərə qatılaraq istiqlal dövrümüzdə Bakı bələdiyyəsinin və “Cəmiyyəti-Xeyriyyə”nin sədrliyini etmişdi.

Mən onu ilk dəfə 1916-cı il martın 21-də İsmailiyyədə xeyriyyə cəmiyyətinin möhtəşəm salonunda tərtib edilən Novruz bayramı şənliklərində görmüşdüm. Öndə gələn bütün Azərbaycan aydınlarının iştirak etdikləri bu toplantıda vəkil Qasımzadə Bakı qazisi və məşhur Qurani-Kərim müfəssiri mərhum Mirməhəmmədkərim Mircəfərzadənin yerli hökumət amirinə xitabən söylədiyi nitqi düzgün şəkildə ruscaya tərcümə edirdi.

Sovet istilasından sonra Qasım Qasımzadə həmən Azərbaycanı tərk edərək İrana keçmiş və oradan da Parisə gedərək Sorbonnada hüquq doktoru olmuşdu. Ardınca İrana qayıdaraq Tehran Hüquq fakültəsində dərs demişdi.

1934-cü il may ayının sonlarında dostum Kərbəlayi Vəli Mikayılzadə ilə birlikdə Türküstan üzərindən İrana iltica etdikdən sonra iyun ayı ərzində Dr. Qasım Qasımzadə ilə Tehranda görüşmüş və 1938-ci ilin oktyabr ayının sonlarına – yəni, İrandan ayrıldığım günə qədər, demək olar ki, hər gün görüşərək sıx və səmimi dostluq etmişdik.

Dr. Qasımzadə hər yönü ilə tam bir elm adamı idi. Hüquq sahəsindəki elmi tədqiq və araşdırmaları sayəsində Tehran mühitində böyük bir şöhrət qazanmışdı. Eyni zamanda vəkilliklə də məşğul olurdu. Sonralar ona İran Xariciyyə Vəkalətinin hüquq müşavirliyi ünvanı verildi. Bu ünvanla Dr. Qasımzadə II Dünya müharibəsindən sonra İran heyəti üzvü olaraq Birləşmiş Millətlər Təşkilatının ümumi yığıncaqlarında iştirak etmişdir. Mən Tehranda ikən ona ayrıca olaraq Xariciyyə Vəkalətinin Birləşmiş Millətlər şöbəsi müdirliyi təklif edilmişdi. Mən təklifi qəbul etməsi üzərində israr etdiyim halda çox məsuliyyət daşımaq istəməyən Qasımzadə bu işə yanaşmamışdı. Professor doktor olaraq Qasımzadə istər məslək dostları, istərsə də tələbələri tərəfindən son dərəcə sevilib-sayılırdı.

Mərhum Rza şah Pəhləvi dövründə Dr. Qasımzadə şəxsən şahın arzusu üzərinə ordu ali ərkanı üçün millətlərarası vəziyyətə dair konfranslar vermişdi. Bu konfransların mətnlərini birlikdə hazırlayardıq. Müharibədən sonra isə şah ona senat üzvlüyünü vermişdi. Beləliklə, Dr. Qasımzadə İranın həm elm çevrələrində, həm də siyasət sahəsində mühüm bir rol oynamışdı.

“Ettilaat” qəzeti Dr. Qasımzadənin cənazə mərasiminə dair verdiyi xəbərdə bu təfsilatı zikr etməkdədir: “Mərhum senator və professor doktor Qasımzadənin cənazəsi bu gün sabahleyn Sepahsalar məscidindən ehtişamla götürülmüşdür. Saat 9-dan etibarən senatorlardan bir çoxu və hökumət üzvlərindən bir neçəsi, Məclis üzvlərindən bir qrup, həmçinin Hüquq fakültəsi tələbələri, müxtəlif xalq təbəqələrinə mənsub şəxslər Sepahsalar məscidi qarşısında toplanmışdılar. Məscidin həyətindəki cənazə çələnglərə bürünmüşdü. Hafizlərdən biri Qurani-Kərimdən ayətlər oxuyurdu. Saat 9:45-də cənazə çiyinlərə qaldırıldı. Ən öndə böyük çələnglər daşınmaqda idi.

Mərhum Dr. Qasımzadənin ailəsi cənazənin arxasından yürüyürdü. Vəkillər, senatorlar, millət vəkilləri, professorlar və ali məktəb tələbələri cənazəni müşayiət edirdilər. Cənazə mərhumun yaxınları, dostları və məsləkdaşları tərəfindən bir məsafəyə qədər müşayiət edilmiş, sonra xüsusi maşın vasitəsilə Həzrəti Əbdüləzimə nəql edilmişdir”.

Dəfn mərasimində yuxarıda adları çəkilən şəxslərin hamısı iştirak etmişdir. Mərhumun cənazə namazı tanınmış müctəhidlərdən Ayətullah Koni tərəfindən böyük bir qələbəliyin iştirakı ilə qılınmış, sonra nəşi Əlican bağçasındakı əbədi mənzilinə qoyulmuşdur. Bütün bu mərasimdə Ədliyyə vəkili Dr. Hidayəti şəxsən iştirak etmişdir.

Ertəsi gün mərhumu anmaq üzərə Sepahsalar məscidində senat məclisi tərəfindən möhtəşəm bir törən tərtib edilmişdi. Həmçinin senatın xüsusi bir iclasında Dr. Qasımzadənin xidmət və məziyyətləri şəxsən rəis tərəfindən şərh edilmişdir.

Azərbaycanın yetişdirdiyi seçilmiş övladlarından olan mərhum Dr. Qasımzadəni millətcə şükranla və iftixarla anırıq. Ona Cənabi-Haqdan məğfirətlər və qəni-qəni rəhmət diləyirik”.

Beləliklə, Prof. Dr. Qasımzadənin Rusiyada başlayan təhsil, Bakıda vəkillikdən bələdiyyə şurası sədrliyinə qədər yüksələn iş həyatı, “Nicat” və “Cəmiyyəti-Xeyriyyə”dəki ictimai fəaliyyəti, Fransada qazandığı doktorluq ünvanı və nəhayət, İran senatındakı və universitetindəki elm və siyasət sahələrindəki xidməti tariximiz üçün olduqca əhəmiyyətlidir. Ona görə də onun adı əbədiləşdirilməli, elmi işi dilimizə tərcümə olunmalıdır.


Müəllif: Dilqəm Əhməd