Azərbaycanın Təhsil naziri Emin Əmrullayevin rəhbərlik etdiyi nümayəndə heyətinin Türkiyəyə işgüzar səfəri başlayıb.
Təhsil Nazirliyindən Teleqraf.com-a verilən məlumata görə, səfər çərçivəsində Emin Əmrullayev Türkiyənin milli təhsil naziri Mahmut Özerlə görüşüb. Görüş zamanı iki ölkə arasında ümumi və peşə təhsili sahəsində əməkdaşlığın cari vəziyyəti və perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.
Tərəflər iki ölkənin ümumi təhsil müəssisələrinin şagirdlərinin qarşılıqlı olaraq səfərlərinin təşviqi haqqında əldə olunmuş razılıq əsasında cari il martın 15-22-də Azərbaycandan olan 25 şagird və onları müşayiət edən müəllimlərdən ibarət heyətin Türkiyənin Çanakkala şəhərinə səfərindən dolayı məmnun olduqlarını vurğulayıblar.
Qeyd edilib ki, cari ilin may-iyun aylarında isə Türkiyənin ümumi təhsil müəssisələrinin şagird və müəllimlərindən ibarət heyətin Bakıya və işğaldan azad olunmuş ərazilərə səfəri nəzərdə tutulur.