Azərbaycanda ölkə əhalisinin səhiyyə sisteminə etimadının və göstərilən xidmətlərdən məmnunluq səviyyəsinin öyrənilməsi ilə bağlı tədqiqatlara başlanılıb.
Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzindən (İSİM) Teleqraf.com-a verilən məlumata görə, tədqiqat Azərbaycanın Bakı, Gəncə, Mingəçevir və Lənkəran şəhərləri, eləcə də Masallı, Quba, Xaçmaz, Şamaxı və İsmayıllı rayonlarının ilkin səhiyyə xidmətləri göstərən dövlət tibb müəssisələrində aparılır. Ölkə üzrə seçmə əsasında aparılan sorğu zamanı əhalinin səhiyyə xidmətlərinə etimad səviyyəsi öyrənilir.
Əldə olunmuş məlumatlar əsasında təhlillər aparılacaq və hesabat hazırlanacaq. Tədqiqatın nəticələrinin 2014-cü ilin sonunadək ictimaiyyətə açıqlanması planlaşdırılır.