18 Mart 2022 16:07
965
12 Punto 14 Punto 16 Punto 18 Punto

Mühacirətdə fəaliyyət göstərən Azərbaycan cəmiyyətlərindən ən mühümü bu gün də mövcudluğunu qoruyan Azərbaycan Kültür Dərnəyidir.

Azərbaycan Kültür Dərnəyi 1 fevral 1949-cu ildə Ankarada qurulub. 1949-cu ilin aprelin 17-də bazar günü saat 10-da dərnəyin Ankara Xalq Evində vəkil Hüseyn Aksunun sədrliyində ilk ümumi yığıncağı keçirilib. Quruculardan Dr. Həmid Atamanın qurultayı açmasından sonra sədrlik divanı seçilib. Məhəmməd Altunbay dərnəyin qayəsi haqqında qısa çıxışından sonra təşkilatın nizamnaməsi müzakirəyə çıxarılıb, bəzi dəyişikliklər edilib. Nizamnamənin yekdilliklə qəbulundan sonra gizli səsvermə ilə idarə heyəti müəyyənləşdirilib. Səsvermə nəticəsində sədrliyə Həmid Ataman seçilib. Ümumi katibliyə Əziz Alpaut, mühasibliyə Məhəmməd Altunbay, üzvlüyə Feyzi Aküzüm və Hüseyn Aksu seçiliblər. Dərnəyin fəxri sədrliyinə Məhəmmədəmin Rəsulzadənin seçilməsi alqışlarla və coşquyla qarşılanıb. Ardınca Müşahidə Şurası və İntizam Komissiyası üzvlüyünə seçkilər keçirilib. Müşahidə Şurasına Çingiz Gökgöl, Rəsul Ünal, Bəşir Gəncəçay, Haysiyet Divanına Əbdülvahab Yurdsevər, Məhəmmədəli Rəsuloğlu, Nəbi Turaplı seçiliblər.

AKD-nin nimzamnaməsinə görə dərnəyin məqsədləri bunlardır: Azərbaycanı, onun tarixini, mədəniyyətini tədqiq etmək və yaymaq; Kitab, dərgi və qəzet çıxarmaq, mədəni toplantılar keçirmək; Möhtac azərbaycanlılara maddi-mənəvi yardım etmək.

Nizamnaməyə görə, 18 yaşı tamam olan hər kəs dərnəyə üzv ola bilər. Bunun üçün dərnək üzvü olan ən az iki nəfər tərəfindən zəmanət verilməlidir. Dərnəyin idarə heyəti sədr, ümumi katib, mühasib və iki üzvdən ibarət olmaqla 5 nəfərdən təşkil edilməlidir. Hər il yanvar ayında qurultay keçirilməlidir.

Rəsulzadənin son mühazirələri

28 may 1949-cu ildə şənbə günü saat 16:30-da Ankara Xalq Evində M.Rəsulzadə “Azərbaycan kültür gələnəkləri” mövzusunda mühazirə oxuyub. Konfransda Rəsulzadə Azərbaycanın coğrafi vəziyyətindən, siyasi proseslərdən danışdıqdan sonra mədəniyyət və ədəbiyyat mövzusunda danışıb. Rəsulzadə Azərbaycanda çox əski zamanlardan turani qövmlərin məskunlaşdığı, Səlcuqlar və Elxanlıların gəlişindən sonra tamamilə türkləşdiyini qeyd edib, Nizami Gəncəvi, “Kitabi-Dədə Qorqud” dastanı haqqında da məlumat verib.

18 iyun 1949-cu ildə, şənbə günü saat 17-də Ankara Xalq Evində Məhəmmədsadıq Aranın “Azəri Türk ədəbiyyatı, demokratizm və türkçülük ülküsü”, bir gün sonra – 19 iyunda, saat 17-də yenə Aranın “Türk inqilabı və azəri türkləri” mövzusunda mühazirəsi baş tutub.

4 dekabr 1949-cu ildə bazar günü saat 15:30-da M.Rəsulzadə Ankara Xalq Evində “Çağdaş Azərbaycan ədəbiyyatı” mövzusunda mühazirə oxuyub. Rəsulzadə Azərbaycan ədəbiyyatının mərhələlərindən, mühacirətdəki istiqlalçı ədəbi nümunələrdən bəhs edib. Rəsulzadənin şair Əmin Abid Gültəkinin “Buzlu cəhənnəm” şeirindən nümunə verməsi iştirakçıların böyük marağına səbəb olub.

15 yanvar 1950-ci ildə Məhəmmədəmin Rəsulzadənin fəxri sədri olduğu Azərbaycan Kültür Dərnəyinin ikinci qurultayı keçirilib. Qurultay saat 09:30-da Ankara Xalq Evində toplanıb. Tədbirdən öncə Atatürkün müvəqqəti qəbrini ziyarət edərək çələng qoyulub. Ziyarətdə Rəsulzadə ilə birlikdə Həmid Ataman, Əbdülvahab Yurdsevər, Kərim Odər və başqaları iştirak ediblər. Ziyarətdən sonra Xalq Evinə gələn dərnək qurucuları və üzvlər saat 10-da ikinci qurultayın açılışını ediblər. İstiqlal marşı oxunduqdan sonra dərnəyin idarə heyətinin sədri Dr. Həmid Ataman açılış nitqini söyləyib. Həmin gün qurultayın sədrliyinə Əli Aran, sədr müavinliyinə Həsən Zeynallı, katibliyə isə Mirzə Abay və Qurban Biter seçiliblər. Əli Aranın qısa çıxışından sonra dərnəyin fəxri sədri Məhəmmədəmin Rəsulzadə nitq söyləyib: “Birinci qurultay məni fəxri başqan seçmək nəzakətini göstərdi. Bu yüksək iltifata mütəşəkkirəm. Hamınızı qəlbən salamlayıram. Azərbaycan Kültür Dərnəyi yepyeni və ciddi bir işin təməlini qurmuşdur. Biz də kültür tariximizə və mənəvi qüvvətimizə istinad edərək dünya millətləri arasında bir yer sahibi ola bilərik. Dərnəyin bir illik çalışması kiçik görülə bilməz. Bu, böyükdür. Qardaş məmləkətlərimizin kültür qüvvətləri ilə yaxından təmasda olaraq birlikdə çalışaq. Sözdə kiçik millətlər arasında olduğumuz halda tarixən ən böyük kültür dəyərlərinə sahibik. Bunda qafil olmayaq. Böyük xəzinənin sahibi olduğumuzu unutmayaq. Çalışmalarınıza candan başarılar diləyirəm”.

İkinci qurultayda çıxış edən mühacirlərdən Nəbi Turablı konfransların və müzakirələrin az keçirildiyini qeyd edib, sədr Həmid Ataman isə tarixi mövzuda konfransların baş tutduğunu, məsələn, Sadıq Aranın (Cümhuriyyət deputatlarından) iki dəfə müzakirəli konfrans verdiyini bildirib. Daha sonra isə dərnəyin idarəsi ilə bağlı seçkilər keçirilib. Sədrliyə Dr. Həmid Ataman, Baş katibliyə Həsən Zeynallı seçiliblər. Təftiş heyətində Bəşir Gəncəçay, Kərim Odər, Əhməd Yaşat təmsil olunublar. Fəxri divana Əbdülvahab Yurdsevər, Nəbi Turablı və Məhəmmədəli Rəsuloğlu seçiliblər. Fəxri sədrliyə yenidən Məhəmmədəmin Rəsulzadə, fəxri üzvlüyə isə Mustafa Vəkilli, Dr. Əsəd Oktay, Məhəmmədsadıq Aran, Mirzəbala Məhəmmədzadə yekdilliklə seçiliblər. Tədbir saat 13:30-da başa çatıb.

28 may 1950-ci ildə bazar günü saat 11-də Ankara Xalq Evində M.Rəsulzadənin “Çağdaş Azərbaycan tarixi” mövzusunda mühazirəsi baş tutub.

16 dekabr 1950-ci ildə AKD Gar gazinosunda yeməkli toplantı tərtib edib. Tədbirdə Qars millət vəkili, Pakistanın Türkiyədəki səfiri Mian Beşir Əhməd xan və xanımı da iştirak edib. Bəşir Əhmədin Pakistanın istiqlal mücadiləsi dövründə yazdığı bir şeiri üç pakistanlı xanım tərəfindən tədbirdə oxunulub.

Rəsulzadənin çıxardığı son mətbu orqan

1 aprel 1952-ci ildə dərnəyin “Azərbaycan” adlı jurnalı çıxmağa başlayıb. Jurnalın indiyədək 380 sayı işıq üzü görüb. Jurnalın əsas məqsədi Azərbaycan haqqında bilgilərin verilməsi, Ankara və bölgələrdə yaşayan azərbaycanlılarla mədəni bağın qurulması olub. M.Rəsulzadənin Süleyman Təkinərə yazdığı məktublardan aydın olur ki, jurnalı onun özü idarə edib. Dərnəyin 1952-ci il qurultayında bəzi üzvlər 15 günlük qəzetin nəşr edilməsi fikrini irəli sürüblər. M.Rəsulzadə çıxdıqdan bir neçə gün sonra saralıb-solacaq qəzet yerinə daimi surətdə qalacaq elmi-ədəbi dərginin daha müvafiq olacağı fikrini irəli sürüb. Feyzi Aküzüm Rəsulzadə ilə bağlı xatirəsində jurnalın təsis edilməsi barədə bunları bildirib:

“… Məhəmmədəmin bəy Azərbaycanın səsini duyuracaq, haqlı mübarizəsini dünyaya yayacaq, kommunizmin dünyaya gətirəcəyi fəlakəti izah edəcək bir mətbuata ehtiyac olduğunu, çətinlik və maddi sıxıntılar içində olsa da, mütləq həyata keçirilməsi fikrini müdafiə edirdi. Bu məqsədlə Yenişəhər Sakarya küçəsindəki sadə evində dərnək üzvləri ilə birlikdə toplantı keçirdi. Bu toplantıda mən də iştirak etdim... Bir xeyli müzakirədən sonra Əmin bəyin tövsiyəsi ilə aylıq bir dərginin nəşri üzərində razılaşdıq. Növbə jurnalın adına gəldi. Təklif edilən adlar arasında “Qurtuluş”, “Odlu vətən”, “Dirilik”, “İstiqlal” kimi indi adını xatırlamadığım bir çox adlar vardı. Mən də “Madam ki, dərnəyimiz Azərbaycan Kültür Dərnəyi adlanır, o halda dərnəyin adını daşıması baxımından jurnalın adının “Azərbaycan” olması lazımdır, bu ad dərnəyin qayəsi, çalışmaları, hər kəs tərəfindən mənimsənilməsi üçün daha rahat olar” dedim. Məhəmmədəmin bəy diqqətlə məni süzdü və “mən də Feyzinin fikrinə qatılıram, dərginin adı “Azərbaycan” olsun” dedi və dərginin bütün yükü mənə verildi. Dr.Əhməd Yaşat məsul müdir oldu. Ertəsi gün Əhməd Yaşat, Ənvər Roman, Qurban Biter və mən fəaliyyətə keçərək Əmin bəylə birlikdə dərginin ilk sayının hazırlığına başladıq. 1952-ci ilin aprelində birinci sayı nəşr etdik. Dərginin 12 sayını Əmin bəylə birlikdə nəşr etdik. Baş məqalələri zamana görə Əmin bəylə Vahab bəy və digər yazıları Əmin bəy hazırlayardı. Günün şərtlərinə görə dərc edilməsi vacib olan yazıları, yazar heyətini o təlqin edərdi. Hazırlanan yazıları isə mən götürər, makinada yazar, mətbəəyə aparardım. Bu münasibətlə onu bir il ərzində daha yaxından tanımaq imkanım oldu. Həftənin iki günü birlikdə idik. Hər mövzuda ondan çox faydalandım. Öyrənmək istədiyim xüsusları, ən incə detallarına qədər yorulmadan, bezmədən böyük bir zövqlə izah edərdi. Gəncliyə sonsuz güvəni və etimadı vardı. Gənclərlə birlikdə olduğu vaxt sevinci sərhəd tanımazdı. Ona görə də daim gəncləri yanında görmək istəyərdi. Mən də hər fürsətdə o zaman Ankarada olan gənc dostlarla birlikdə ziyarətinə gedərdik. Bundan çox məmnun olardı. Dəfələrlə güvənini təkrarlayar, gəncliyin öhdəsinə düşən vəzifənin çox böyük və müqəddəs olduğunu söyləyərdi. Köhnə nəsillə yeni nəsil arasındakı bağların qopmamasına diqqət edər, keçmiş nəslin təcrübəsi ilə yeni nəslin həyəcanı arasında əlaqə qurmağı olduqca yaxşı bacarardı...”.

Dərginin ilk sayında məsul müdir kimi Dr. Əhməd Yaşat göstərilib. Üz səhifədə “Birlik dirilikdir” və “türkləşmək, müasirləşmək, islamlaşmaq” şüarları yer alıb, Azərbaycanın xəritəsi təqdim olunub. İlk sayda M.Rəsulzadənin “Azərbaycan Cümhuriyyəti haqqında ümumi məlumat” adlı məqaləsi dərc edilib.

23 mart 1952-ci ildə AKD Ankara Gücü salonunda Ergenekon (Novruz) bayramı münasibətilə tədbir keçirib. Ziyafətdə Məhəmmədəmin Buğra, İsa Yusuf Alptəkin kimi Şərqi Türküstan liderləri də iştirak edib. AKD sədrinin müavini Əbdülvahab Yurdsevər Ergenekon dastanı haqqında geniş məlumat verib.

6 iyun 1952-ci ildə AKD Ankara Ordu Evi salonunda “Azərbaycan balosu” təşkil edib. Baloda Məhəmmədəmin Rəsulzadə, Türkiyənin Səhiyyə və Sosial Yardım naziri Əkrəm Hayri Üstündağ, Həmdullah Sübhi Tanrıövər, Sədri Məqsudi Arsal, Hüsaməddin Tuqaç, Lətif Aküzüm, Məhəmməd Gəncə, Baba Behbud, Bəşir Gəncəçay, Həsən Zeynallı, Sultan Hacıoğlu kimi şəxslər iştirak ediblər. Baloda Üzeyir bəy Hacıbəylinin əsərlərindən musiqilər ifa edilib, sənətçi İsrafil Azəri “Şuşanın dağları” mahnısını oxuyub, müxtəlif rəqslər oynanılıb. Baloda Azərbaycanda istehsal olunan gümüş siqar qutusu keçirilən hərracda İğdır tacirlərindən Fazil Baykala nəsib olub.

Dərnəyin nəşrləri qısa zamanda Türkiyədə rəğbət görüb. Türkiyə Təhsil Nazirliyi dərnəyin çap etdiyi bəzi konfrans materiallarından ibarət kitabçaları satın alaraq məktəblərə göndərib. Münxen Universitetinin Türkologiya İnstitutunun direktoru professor F.Babinger məktub göndərərək dərnəyin nəşrlərini bəyəndiklərini və göndərilməsini istəyib. Yenə professor B.Spuler eyni mövzulu məktub göndərib.

14 dekabr 1952-ci ildə Ankara Ordu Evində “Azərbaycan gecəsi” təşkil edilib. Bu tədbirdə də Üzeyir bəy Hacıbəylinin, Müslüm Maqomayevin əsərləri ifa edilib, İsrafil Azəri mahnılarını oxuyub. Bu tədbirdə Azərbaycanda istehsal edilmiş gümüş meyvə qabı hərraca çıxarılıb, Hüseyn Manaf qazanıb. 20 iyun 1953-cü ildə də Ankara Ordu Evində də “Azərbaycan gecəsi” tərtib edilib. Gecədə Təhsil naziri Rıfkı Salim Burçak da iştirak edib.

10 noyabr 1953-cü ildə Mustafa Kamal Atatürkün Etnoqrafiya muzeyindəki müvəqqəti qəbrinin Anıtməzara nəql edilməsi ilə bağlı baş tutan cənazə törənində Azərbaycan Kültür Dərnəyi adına Rəsul Ünsal, Həmid Ataman və Kərim Odərdən ibarət heyət iştirak edib.

12 fevral 1954-cü ildə AKD Ankara Gar qazinosunda “Azərbaycan balosu” tərtib edib. 21 mart 1954-cü ildə dərnək binasında Novruz bayramı münasibətilə bayram tədbiri keçirilib. Tədbirdə Məhəmmədəmin Rəsulzadə, Əbdülvahab Yurdsevər və Mustafa Vəkiloğlu Novruz haqqında danışıblar.

28 may 1954-cü il saat 18-də dərnək binasında İstiqlal günü qeyd edilib. Mühacir Əbdülvahab Yurdsevər açılış nitqi söyləyib, daha sonra Əhməd Qaraca şair Gültəkinin 28 mayla bağlı şeirini oxuyub. Ardınca dərnəyin fəxri başqanı Rəsulzadə kürsüyə dəvət edilib. Jurnaldakı məlumatda qeyd edilib: “Rəsulzadə gənclik tərəfindən istiqlal məfkurəsinin bir kult, bir ibadət halına gətirilməsi və mənimsənilməsinin lüzumunu qısa və təsirli bir xitabla anlatmış, davamlı şəkildə alqışlanmışdır”.

19 dekabr 1954-cü ildə AKD binasında Münhendə qətlə yetirilən Azərbaycan legionunun komandanlarından Əbdürrəhman Fətəlibəyli Düdənginski ilə bağlı anım mərasimi keçirilib. Tədbirdə M.Rəsulzadə geniş nitq söyləyib, Fətəlibəyli ilə bağlı xatirələrindən bəhs edib.

8 mart 1955-ci ildə AKD M.Rəsulzadənin təntənəli surətdə dəfn mərasimini keçirib. “Azərbaycan” jurnalının mart sayı da dəfnə həsr edilib.

AKD 17 aprel 1955-ci ildə Rəsulzadənin 40 mərasimi münasibətilə Hacı Bayram məscidində mövlud-i şərif oxudub.

Rəsulzadənin vəfatından sonra da dərnək üzvləri Azərbaycanın istiqlal mübarizəsi, tarixi, ədəbiyyatı ilə bağlı fəaliyyət göstərib, önəmli tarixi günləri qeyd edib, 1988-ci ildə Azərbaycanda başlayan milli azadlıq hərəkatına dəstək verib, Rəsulzadənin yadigarı olan “Azərbaycan” jurnalını qoruyub saxlayıblar.

2 fevral 1974-cü ildə AKD-nin qurulmasının 25 illiyi təntənəli şəkildə qeyd olunub. Dərnək 25-ci ilində 23 balo və gecə, 19 çay ziyafəti, 5 folklor gecəsi, 20 gəzinti, 21 anım günü, 7 ildönümü tədbiri, eləcə də şeir və ədəbiyyat günləri və s. tədbirlər keçirib. 25-ci ildönümü münasibətilə 1974-cü ildə Kərim Odərə, Həmid Atamana, Lətif Aküzümə, Əbdülvahab Yurdsevərə “Azərbaycan Kültür Dərnəyi şərəf bəlgəsi” verilib.

Dərnəyin indiyədək keçirilən qurultaylarına əsasən sədrlər və sədrlik müddətləri aşağıdakı kimidir:

Dr. Həmid Ataman (1 fevral 1949 - 18 noyabr 1953); Rəsul Ünsal (18 noyabr 1953 – 1 mart 1955); Dr. Həmid Ataman (1 mart 1955 – 3 mart 1957); Kərim Odər (3 mart 1957 – 2 dekabr 1962); Əhməd Yaşat (2 dekabr 1962 – 20 dekabr 1965); Cəlal Odelli (20 dekabr 1965 – 6 may 1966); Məhəmməd Kəngərli (6 may 1966 – 27 may 1967); İskəndər Aküzüm (27 may 1967 – 10 dekabr 1968); Məhəmməd Kəngərli (10 dekabr 1968 – 2 sentyabr 1969); Əhməd Yaşat (2 sentyabr 1969 – 26 dekabr 1970); İskəndər Aküzüm (26 dekabr 1970 – 24 fevral 1973); Feyzi Aküzüm (24 fevral 1973 – 24 fevral 1990); Cəmil Ünal (24 fevral 1990 - ).

Dərnək indiyədək 59 kitab nəşr edib. İlk kitablar konfrans materialları olub. 1953-cü ildə dərnək şair Almas İldırımın vəfatının birinci ildönümü münasibətilə onun “Seçilmiş şeirləri”ni çap edib. Məhəmmədəmin Rəsulzadə, Mirzəbala Məhəmmədzadə, Əbdülvahab Yurdsevər, Əhməd Cəfəroğlu, Kərim Odər, Alazan Baycan kimi mühacirlərlə yanaşı başqa müəllif kitabları da dərnək yayınlarından işıq üzü görüb.


Müəllif: Dilqəm Əhməd

Oxşar xəbərlər