18 Mart 2022 23:13
558
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Ötən il 100-dən çox vətəndaş qazın sərfiyyatının çox olması şikayəti ilə bağlı "Azəriqaz" İstehsalat Birliyinin Metrologiya Departamentinə müraciət edib".

Teleqraf.com xəbər verir ki, bu sözləri “Azəriqaz” İB-nin növbəti “Açıq qapı” aksiyası zamanı Birliyin Metrologiya Departamentinin rəhbəri Zehin Rəsulov deyib.

Departament rəisi bildirib ki, vətəndaşların və Departamentin nümayəndələrinin iştirakı ilə sayğaclar yoxlanılıb. "Hər birində qazın sərfiyyatı qaydaları çərçivəsində olub".

Aksiyada Birliyin Sayğacların tətbiqi, idarə olunması və nəzarəti şöbəsinin rəisi Rövşən Məhyəddinov əvvəlcədən ödənişli (smart-kart tipli) sayğacların sonradan ödənişli (mexaniki) sayğaclarla əvəzlənməsi məsələsinə açıqlıq gətirib.

Şöbə rəisi bildirib ki, qaz sayğaclarının 5 ili tamam olduqda sayğaclar mütləq qaydada çıxarılaraq dövlət yoxlamasına təqdim olunmalıdır: “Ölçmə vasitəsi olaraq qaz sayğacları müəyyən müddət işləndikdən sonra sözsüz ki, norma daxilində olan xətalar yaranır. Sözügedən norma daxilində olan bu xətalar artıq müəyyən uyğunsuzluqlar yaradır. Bizim də məqsədimiz balans mənsubiyyəti tərəfindən quraşdırılan ölçmə vasitəsini, yəni qaz sayğacının işlək və saz vəziyyətdə saxlanmasını təmin etməkdir”.

Birliyin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Eldəniz Vəliyev şəffaflığın qorunması, vətəndaşları narahat edən məsələlərə yerindəcə aydınlıq gətirilməsi istiqamətində görülən işlərdən söz açıb. Şöbə rəisi bildirib ki, bu gün Birlikdə baş tutacaq aksiya ilə vətəndaşların sonradan ödənişli (mexaniki) sayğacların sərfiyyatı guya çox yazması ilə bağlı şikayətlərinə, iddialarına aydınlıq gətiriləcək: “Media və ictimaiyyət nümayəndələri, “Azəriqaz” İB yanında yaradılan İctimai Şura üzvləri, ekspertlər, “Azəriqaz” İB-nin rəhbər heyəti, QHT nümayəndələri və ən əsası abonentlərin iştirakı ilə onların sayğacları yoxlamadan keçiriləcək, hər hansısa qüsurun olub-olmaması aydınlaşdırılacaq”.


Müəllif: Yeganə Oqtayqızı

Oxşar xəbərlər