19 Mart 2022 17:32
515
12 Punto 14 Punto 16 Punto 18 Punto

Martın 19-da Azərbaycan müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzinin əsaslı təmir olunan əsgər yeməkxanasına baxış keçirib.

Bu barədə Teleqraf.com-a Müdafiə Nazirliyindən məlumat verilib.

Nazirə məruzə olunub ki, iki mərtəbəli geniş yeməkxana binası yüksək keyfiyyətli qida məhsullarının hazırlanması üçün müasir tipli avadanlıqlarla təchiz olunub. Burada mətbəx və təsərrüfat otaqları, eləcə də ərzaq və əşya anbarları vardır. Yeməkxana kompleksində çörək istehsalı sahəsi də fəaliyyət göstərir.

Daha sonra general-polkovnik Z.Həsənov Silahlı Qüvvələrin Hərbi Akademiyasının tədris korpusuna baxış keçirib, əsaslı təmirdən sonra yaradılan şəraitlə tanış olub. Qeyd olunub ki, tədris korpusunda hərbi elm və təhsil sisteminin daha yüksək səviyyədə təşkili üçün hər cür şərait mövcuddur.

Xüsusi təyinatlı təhsil müəssisələrinin rəhbərləri, professor və müəllim heyəti qarşısında çıxış edən general-polkovnik Z.Həsənov qeyd edib ki, Azərbaycan Prezidenti İlham Əliyevin göstərişinə əsasən aparılan struktur islahatları çərçivəsində Milli Müdafiə Universitetinin yaradılması ilə Türkiyə Silahlı Qüvvələri modelinin Azərbaycan Ordusunda tətbiqi, o cümlədən hərbi elm və təhsil sahəsinin inkişafı uğurla davam etdirilir.

Müasir dövrdə elmi əsaslarla yanaşmanın vacibliyini qeyd edən nazir elm və təhsilin vəhdət şəkildə tətbiqinin ordu quruculuğunda mühüm rol oynadığını, eləcə də aparılan elmi tədqiqat işlərinin praktiki olaraq həyata keçirilməsinin əhəmiyyətini xüsusi vurğulayıb.

Sonda müdafiə naziri general-polkovnik Z.Həsənov hərbi elm və təhsil sisteminin daha yüksək səviyyədə təşkili ilə bağlı müvafiq tapşırıqlar verib, xüsusi təyinatlı təhsil müəssisələrinin heyətini qarşıdan gələn Novruz bayramı münasibətilə təbrik edib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər