II Dünya müharibəsindən sonra minlərlə SSRİ vətəndaşı Avropa düşərgələrində qaçqın vəziyyətində yaşayırdılar. Azərbaycan, Şimali Qafqaz, Krım, Türküstan və s. bölgələrdən olan türk və müsəlman qaçqınların xilas edilməsi, onların Türkiyə, Misir və başqa ölkələrə göndərilməsi üçün bu ölkələrin mühacir liderləri böyük səy göstərirdilər. Məhəmmədəmin Rəsulzadə, Əbdürrəhman Fətəlibəyli, Zahid xan Xoyski, Məhəmməd Əmircan, Abbas bəy Atamalıbəyov və s. kimi azərbaycanlı siyasi xadimlər qaçqınların Türkiyəyə yerləşdirilməsi məqsədilə mühüm işlər görürdülər.
Azərbaycan, Şimali Qafqaz, Türküstan qaçqınlarının can atdığı əsas yer Türkiyə olub. Çünki burada özlərinə iş tapmaq imkanından tutmuş gələcəkdə ailələri ilə əlaqə yaratmağa qədər fürsətlər daha geniş idi.
Türkiyə dövlətinin rəsmi və qeyri-rəsmi təmsilçiləri də istər müharibə dövründə, istərsə də savaşdan sonra türk, müsəlman qaçqınların taleyi ilə yaxından maraqlanıblar. Cəmil Həsənlinin yazdığına görə, 1948-ci ilin yanvar ayının ilk günlərində İspartadan olan millət vəkili Said Köksal Avropanın müxtəlif həbs düşərgələrində saxlanılan və öz vətəninə qayıtmaq istəməyən türklər barəsində xarici işlər nazirinə sorğu ilə müraciət edib. Xarici işlər naziri N.Sadak bu barədə yanvar ayının 12-də Məclisə geniş məlumat verib. N.Sadak bildirib ki, 1946-cı ildə BMT-nin Baş Məclisində köçkün və qaçqın düşmüş adamların yerləşdirilməsi ilə bağlı xüsusi beynəlxalq təşkilat yaradılıb. Bu adamların arasında Türkiyəyə gəlmək istəyənlər də olduğundan hökumət məsələni öyrənmək üçün 1946-cı ilin iyul ayının 1-də xüsusi komissiya yaratmış və bu komissiya oktyabr ayına qədər Yunanıstan, İtaliya, Avstriya, Almaniyanın ingilis və amerikan işğal zonasında işləmiş və müvafiq raport hazırlamışdı. Komissiya 7170 müsəlmanın Türkiyəyə köçmək arzusunda olduğunu müəyyənləşdirmişdi ki, bunların da 4700 nəfəri İtaliya, İsveçrə və alman düşərgələrində beynəlxalq təşkilatların nəzarəti altında olan, 2470 nəfəri isə düşərgələrdən kənarda yerləşən şəxslər təşkil edib. Hökumət Türkiyəyə gəlmək arzusunda olanların gələcəkdə digər ölkəyə getmək məqsədilə Türkiyənin müvəqqəti yaşayış yeri kimi seçməsi ilə razı olmayıb. Şərt qoyulub ki, gəlmək istəyənlər Türkiyə vətəndaşlığını qəbul edib orada daimi yaşayacaqlar. N.Sadak hökumətin Türkiyəyə gəlmək istəyənlərin qarşısında heç bir maneə yaratmaq istəmədiyini bildirib .
Ömər Özcanın yazdığına görə, düşərgələri gəzən vəzifəli şəxs Türkiyə Baş qərargahının zabiti yüzbaşı İhsan Ünesen olub.
1947-ci ildə Frankfurtda Türkiyə konsulluğu fəaliyyətə başladıqdan sonra Türkiyəyə gəlmək istəyənlərin müraciətləri artmağa başlayıb. Konsul Orhan Tahsin Günden onları Almaniyadakı Türk Tələbə Cəmiyyəti ilə əlaqələndirib, sonuncu isə onların Almaniyaya gələn tələbələr olduqlarına dair saxta sənədlər verib. Türkiyə hökuməti kommunistlərin, casusların əsirlərlə birlikdə ölkəyə sızmasının qarşısını almaq üçün İskan ümummüdiri Dr. Cövdət Atasağunun rəhbərliyində gələn heyət xüsusi işlər görüblər. Buna görə də proses xeyli uzanıb.
Nəhayət, 1948-ci ildən etibarən azərbaycanlı qaçqınlar toplu şəkildə gəmi ilə Türkiyəyə gələ biliblər.
Baş nazirə məktub
Qeyd etdik ki, müharibə qaçqınlarının Türkiyəyə gəlməsinə daha öncəki nəsil mühacirlər də önəmli rol oynayıblar. Bu mühacirlərdən biri də 1939-cu ildə təyyarə ilə mühacirətə gedən pilot Məhəmməd Altunbaydır. Türkiyədə çıxan “Kızılelma” jurnalında Altunbayın Türkiyənin Baş nazirinə ünvanladığı məktub dərc edilib. Həmin məktubu təqdim edirik:
“Hörmətli Baş nazir!
Minlərlə əsir və kimsəsiz türkün bugünkü fəci vəziyyətinə tərcüman olan bu məktubumuzu səmimiyyətlə qarşılayacağınıza qane olduğumuz üçün yazırıq. Buna inanırıq ki, məktubumuzu oxusanız və ya eşitsəniz, o zaman illərin ağır işgəncələrini, səfalətin bitməz-tükənməz ağrılarını çiyinlərində, igidliyin və qəhrəmanlığın nişanələrini sinələrində daşıyan on minlərlə əsir qardaşımızın fəci vəziyyəti bir an üçün gözünüzün önünə gələcək və o anda vicdanınızdan qopub gələn qutlu və mərhəmətli səsi dinləyəcəksiniz.
Hörmətli Baş nazir!
Bu kimsəsiz qalan əsirlər kommunizmin qanlı və vəhşi çəkməsi altından qaçmağa müvəffəq olaraq Avropanın hər bucağına səpələnən türküstanlı, azərbaycanlı, krımlı, şimali qafqazlı və idil-urallı türklərdirlər. Biz bu bədbəxt qardaşlarımızın hər gün yurdumuza gələn acınacaqlı məktublarını göz yaşlarımızla oxuyuruq.
Ataları, anaları güllələnən, övladları aclıqdan ölən bu zavallı qardaşlarımız uzun illər müstəbid bir rejimin pəncəsində inim-inim inlədilər. Fəqət bu gün azad Avropada da yenə əsirlər kimsəsiz, səfil və pərişandırlar. İllərdən bəri ruhlarını oxşayacaq, kədərlərini bölüşəcək, könüllərini bir az olsun şən edəcək müşfiq bir qucaq tapa bilmədilər. Zira onların əskidən bəri ən qutlu əməlləri dünyada ən əziz varlıq olaraq tanıdıqları müqəddəs yurdumuza gələ bilməkdir. Hətta bu yolda canlarını da verməyə hər an hazırdırlar. Aylar əvvəl “Sizlər Türkiyəyə qəbul edilmirsiniz” sözünü eşitdikləri vaxt bir çoxları intihar etmiş və bəziləri də kədərlərindən aylarca xəstəxanalarda yatmışlar.
Bu əsir və bədbəxt qardaşlarımız Türkiyəmizi sadəcə Türkiyə olaraq tanımırlar. Onlar məktublarında qutlu ölkəmizi “Türkün qibləgahı” deyə anırlar. Qaldıqları Avropa şəhərlərində tətil və bayram günlərini səbirsizliklə gözləyirlər. Bu günlər onlar üçün ən qutlu gündür. Çünki o gün səfirlik və konsulluq binalarımızın önündə toplaşırlar və şanlı bayrağımız göylərdə dalğalanarkən onu hıçqırıqlı göz yaşları ilə salamlayırlar.
Hörmətli Baş nazir
İtaliyadan və Almaniyadan gələn bir çox yurddaşlarımız danışırlar ki, əsir qardaşlarımızın əksəriyyəti bir neçə günlük çörək pullarını toplayaraq bir metr qırmızı ipək qumaş almışlar, üzərini ay-ulduzla süsləyərək olduqları yerlərdə divarlara Türk bayrağı olaraq asmışdılar. Hər gün bir neçə dəfə bu bayrağı öpüb oxşayaraq və ona üzlərini sürtərək göz yaşlarını axıdırlar. Avropaya gedən türk vapurlarını çılğın bir aşiq kimi ağlayaraq qarşılayırmışlar.
Hörmətli Baş nazir!
Bir neçə ay öncə hökumətimizin qərarı ilə qaçqın və əsir türklərlə məşğul olmaq üçün Avropaya göndərilən heyətimiz İtaliyadan ayrılarkən heyət rəisi hörmətli Dr. Cövdət bəyin oradakı qardaşlarımıza verdiyi vədlərə baxdığımız zaman, indiyə qədər yurdumuza gəlmələri lazımdı. Fəqət nədənsə bu önəmli məsələnin həlli xüsusundakı çalışmalar çox ağır getməkdədir. Avropadakı bir çox düşərgələrdən aldığımız məktublardan anlaşılır ki, bu vəziyyət türk qardaşlarımızı yenidən böyük bir kədərə, ümidsizliyə və əndişəyə salmışdır. Önümüzdə qara qışdır, yaxınlaşır. Əgər bu qışa qədər yurdumuza gətirilməzlərsə, halları çox fəci olacaq, indiyə qədər çəkdikləri sıxıntı və səfalətin, bəlkə, yüz misli artığı ilə qarşılaşacaqlar, hətta soyuqdan, aclıqdan və xəstəlikdən yenə bir çoxu qırılıb öləcəklər.
Hörmətli Baş nazir!
Aralarında yüzlərlə dəyərli mühəndis, həkim, müəllim və texniki mütəxəssislərin də olduğu kimsəsiz və bədbəxt qardaşlarımızın bir an öncə yurdumuza gətirilmələri işində cəld olunmasını, mərhəmətli zənn etdiyimiz vicdanınızdan gözləyirik. Bu istək və arzunun, yalnız bizim deyil, milyonlarla türkün də istək və arzusu olduğuna qətiyyətlə əminik.
Buna görə də icra etmənizi gözləyirik, hörmətli Baş nazir!”
(“Kızılelma” jurnalı, sayı 5, 28 noyabr 1947)