"Fərrux dağ yüksəkliyi çox strateji bir yerdir. Ermənilər oradan hər zaman nəzarət ediblər. Ona görə də həmişə Ağdam üçün ora təhlükəli yer olub".
Teleqraf.com xəbər verir ki, bunu Publika.az-a açıqlamasında keçmiş döyüşçü Rey Kərimoğlu deyib.
Birinci Qarabağ müharibəsi veteranı bildirib ki, bu yüksəkliyin ordumuzun nəzarətinə keçməsi həm Ağdam şəhəri, çay yatağı və 9-a yaxın kəndin təhlükəsizliyinin təmin edilməsi deməkdir: "O cümlədən, Şelli, Şıxbabalı, Xoramırd, Xıdırlı, Abdal Gülablı və digər kəndlər üçün bu yüksəkliyin ermənilərdə olması böyük təhlükə demək idi. Orada bizim postlar olacaq. Fərrux yüksəkliyinin azad olunması ilə Ağdam şəhəri üçün təhlükə aradan qalxacaq. Gələcəkdə insanlarımız orada sərbəst şəkildə yaşaya biləcək. Eyni zamanda, Əsgəran, Xanabad, Xocalı bizim ayağımızın altında olacaq. Yəni oralara vizual nəzarət edə biləcəyik. Daşbaşından, Fərrux yüksəkliyindən Xankəndi də görünür. Xocalı sanki ovuc içinə düşür. Eyni zamanda, Xankəndi-Ağdərə yolu da Azərbaycan Ordusunun nəzarətinə düşə bilər".
Qeyd edək ki, ilk dəfə Fərrux yüksəkliyi 1992-ci ildə Milli Qəhrəman Şirin Mirzəyevin batalyonu tərəfindən azad edilib. Şirin Mirzəyev o vaxt "Fərruxa nəzarət edən Ağdama da nəzarət edəcək" fikrini səsləndirib.
29 mart 2022-ci ildə Azərbaycan Ordusu həmin yüksəklikdə nəzərəti yenidən bərpa etməyi bacarıb.