24 Noyabr 2014 18:04
792
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bir neçə ziyalıya “Türk Dünyasına Xidmət Ödül”ü veriləcək

Noyabrın 27-30-da bir sıra türk xalqlarının gənc şair və araşdırmaçı - yazarları Bakıda görüşəcək.

Teleqraf.com xəbər verir ki, onlar Dünya Gənc Türk Yazarlar Birliyinin təşkilatçılığı ilə “Türk Dünyasının gənc yazarlarını birləşdirən qurumlar arasında məsləhət mühitinin yaradılması” adlı layihə çərçivəsində bir araya gələcək. Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin maliyyə dəstəyi ilə baş tutan tədbirdə Türkiyə, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Moldova (Qaqauz Yeri), Tatarıstan, İraq (Türkməneli), Rusiya (Moskva) kimi ölkə və şəhərlərdən müxtəlif türk xalqlarını təmsil edən istedadlı gənc şairlər, perspektivli araşdırmaçı-yazarlar iştirak edəcək.

Layihə türk coğrafiyasını əhatə edən gənc yazar birlikləri (ümumən Türk Dünyasındakı ədəbi birliklər) arasında məsləhət mühitinin yaradılması, habelə Azərbaycanın gənc qələm sahiblərinin digər türk xalqlarından olan həmyaşıdları ilə fikir mübadiləsi aparmasına, gələcəkdə də ədəbi əməkdaşlığın gücləndirilməsinə xidmət edir.

Bu layihə çərçivəsində düzənlənəcək tədbirlər, açılacaq müzakirələr Türk Dünyası gənc yazarların bir-birlərini yeni keyfiyyətdə, yaxından tanıtmaq baxımından xüsusi önəm kəsb edir.

Səfər çərçivəsində gənc türk yazarları Şəhidlər Xiyabanı və Fəxri Xiyabanı ziyarət edəcək, tanınmış yazıçılarla görüşəcək, müxtəlif ədəbi qurumlarla, bir sıra Azərbaycan yazarlarının ev muzeyləri ilə tanış olacaqlar. Tədbir çərçivəsində türk dünyası ədəbiyyat aləmində baş verən ədəbi proseslər, gənc nəslin ədəbiyyatda rolu və qardaş xalqların ədəbiyyatının tanıdılması və gələcəkdə əməkdaşlıqlar istiqamətində müzakirələr aparılacaq, çıxışlar, təkliflər dinləniləcək və “Yekun Bildiri” qəbul ediləcək. Layihə çərçivəsində bir neçə aydına “Türk Dünyasına Xidmət Ödülu”nün təqdimat edilməsi nəzərdə tutulub.

Cavidan


Müəllif: