Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi üzərinə düşən vəzifələrinin icrası, o cümlədən əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində fəaliyyətini davam etdirir.
Belə ki, Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında Nazirliyin aidiyyəti qurumları tərəfindən ötən sutka ərzində 88 yanğına çıxış, 4 köməksiz vəziyyətdə qalma, 1 nəqliyyat qəzası və 1 intihara cəhd faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib.
FHN-dən Teleqraf.com-a bildirilib ki, görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib.
Ümumilikdə, FHN-in qüvvələri tərəfindən ötən sutka ərzində 5 nəfər, o cümlədən Gəncə şəhərində “УАЗ” markalı minik avtomobilinin ağaca çırpılması nəticəsində deformasiyaya uğrayan nəqliyyat vasitəsində sıxılı vəziyyətdə qalan sürücü və Bakı şəhəri, Nəsimi rayonunda çoxmərtəbəli yaşayış binasının dördüncü mərtəbəsində yerləşən mənzilin pəncərəsinə çıxaraq intihar etmək istəyən 1 nəfər xilas edilib.
Həmçinin, Sumqayıt şəhərində 1957-ci il təvəllüdlü Seyfullayeva Rəhilə Xanoğlan qızının meyiti bağlı qapı arxasında aşkar olunaraq aidiyyəti üzrə təhvil verilib.