24 Noyabr 2014 21:13
738
12 Punto 14 Punto 16 Punto 18 Punto

Naxçıvan Şəhər Şahmat Mərkəzində muxtar respublikanın tam orta məktəblərinin şagirdləri, həmçinin ali və orta ixtisas təhsili müəssisələrinin tələbələri arasında Naxçıvan Muxtar Respublikasının 90 illik yubileyinə həsr olunan hüquq olimpiadasının ikinci turu keçirilib.

Olimpiada Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsman) və Naxçıvan Muxtar Respublikasının Təhsil Nazirliyinin birgə təşkilatçılığı ilə keçirilib.

Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatının mətbuat xidmətindən Teleqraf.com-a bildiriblər ki, olimpiadanın yekun turunda rayon və şəhər məktəbləri üzrə, ümumilikdə, 74 şagird, 31-i ali təhsil ocaqlarından, 25-i orta ixtisas təhsili müəssisələrindən olmaqla, 56 tələbə iştirak edib. Olimpiadanın test üsulu ilə keçirilən ikinci turunda da birinci turda olduğu kimi, şagirdlər və tələbələr Azərbaycan Respublikası və Naxçıvan Muxtar Respublikası konstitusiyalarına, muxtariyyətin tarixi və hüquqi əsaslarına dair 60 sual üzrə biliklərini sınayıblar.

Xatırladaq ki, məktəblilər arasında hüquq olimpiadasının birinci turu noyabrın 5-də, tələbələr arasında isə bu ayın 8-də keçirilib.

Olimpiadanın nəticələri dövlət qurumları və elm, təhsil müəssisələrinin nümayəndələrindən ibarət münsiflər heyəti tərəfindən yoxlanılacaq. Olimpiadanın ikinci (yekun) turunda ən yüksək bal toplayan ümumtəhsil məktəblərinin 3 şagirdi, həmçinin üçü ali məktəblərin, 3-ü orta ixtisas təhsili müəssisələrinin tələbələri olmaqla qalib elan ediləcək, onlara diplomlar təqdim olunacaq.


Müəllif:

Oxşar xəbərlər