1 Aprel 2022 09:14
1 056
12 Punto 14 Punto 16 Punto 18 Punto

Artıq Ramazan ayı gəlib. Bəs bu dövrdə necə qidalanmalıyıq? Nələrə diqqət etməliyik?

Sağlam qidalanma mütəxəssisi Məhsəti Hüseynova Ramazan ayında qidalanma ilə bağılı Teleqraf.com-un suallarını cavablandırıb.

Müsahibəni təqdim edirik.

- Ramazan ayında oruc tutan insanlar adətən baş ağrısından şikayət edirlər. Bu nə ilə əlaqədardır?

- Bu, orqanizmdə yetərli qədər maye qəbulunun olmamasından qaynaqlanır. Yaxşı olar ki, oruc tutarkən bu məqamı mütləq nəzərə alsınlar. Hər 1 kq bədən çəkisinə görə 30 milliqram (ml) su içilməlidir. İftar və imsak vaxtı arasında bu miqdarı bölüb, mütləq şəkildə o suyu qəbul etmək lazımdır. Əks halda orucluqdan sonra orqanizmdə xoşagəlməz proses baş verir.

Orqanizmdə bütün proseslər suyun hesabına gedir. Aldığımız qidaların tərkibindəki faydalı elementlərin qana sovrulması, orqanizmin faydalanması üçün suda parçalanaraq, həll olaraq keçir. Eyni zamanda, orqanizmdən atılan toksik maddələr məhz suyun hesabına xaric olduğu üçün birinci əsas məqam su miqdarının düzgün və tam qəbul edilməsidir.

- Bir ay müddətində qidalanmada xüsusi diqqət yetirməli olduğumuz məqamlar hansılardır?

- Ramazanda orqanizm 16, bəzi fəsillərdə gün uzandıqca 18 saat ac qalır. Ona görə də, elə nəzərdə tutulmalıdır ki, qəbul edilən qidalar balanslaşdırılmış və orqanizmin sağlamlığını qoruyacaq şəkildə olsun. Ümumi qaydadan çıxış etsək, yaşa, iqlimə, yaşadığı yerə görə bir insan orqanizmi təxminən 40 yaşdan 70 yaşa qədər makro və mikro elementlər mənimsəməlidir. Bunlar qidalar vasitəsilə sağlam şəkildə qəbul edilir. Bunun üçün qidalarımızın çoxçeşidliliyini təmin etməliyik.

Daha faydalı, yerli, mövsümü meyvə tərəvəzlərdən, keyfiyyətli üsulda bişirilmiş yeməklərdən istifadə etməliyik. Səhər yeməyində pendir, yumurta, süd, süd məhsulları, zeytun, əncir qurusu, xurma kimi qidaların qəbulu vacib hesab olunur.

Eyni zamanda tam buğdadan hazırlanmış bir və ya iki dilim çörək istehlak etmək olar. Bu kimi qidalar həm tərkibinin zənginliyinə, həm də insan orqanizmini enerjili saxladığına görə mütləq şəkildə rasionumuzda yer almalıdır. Qoz, fındıq, badam kimi çərəzlər də qidaya daxil oluna bilər. Burada həcmi keçməmək lazımdır, bir ovuc kifayətdir. Yanında qara gavalı, ərik lifli qida olduğu üçün onlardan istifadə olunsa, maddələr mübadiləsini sürətləndirib, həzm prosesinə kömək edib, orqanizmin tox qalmasını təmin edir.

Əsas məqamlardan biri də iftarda yeməklərin sıralanmasıdır. Ac mədəni birdən-birə doldurmaq yanlışdır. İlk olaraq otaq temperaturunda ilıq su içilməlidir. Su içildikdən ən azı 15 dəqiqə sonra yemək yeyilə bilər. İftarda həddindən artıq qızarmış, həddindən artıq yağlı, gec həzm olunan ətlərdən, qarışıq məhsullardan uzaq durmaq lazlmdır. Xüsusilə duzlu, turş qidalardan qaçmaq vacibdir, bunlar susuluğa səbəb olur.

Həmçinin qazlı, rəngli içkilər də orqanizm üçün faydalı sayılmır. Paketli, fəst fud tipli qidalardan Ramazan ayında uzaq olmalıyıq. Çünki həmin dövdə orqanizm bioloji olaraq təmizlənir. Ac qaldıqda uzun müddət qara ciyərdə toplanan qan və yağ bu müddətə əriməyə başlayır. Əgər biz bunun yerini həmin zərərli qidalarla dolduracağıqsa, orqanizmimizin sağlamlığına bu baxımdan da zərər vurmuş olacağıq.

Xüsusilə, un məmulatları, unlu şirniyyatları kənara qoymalıyıq. Əksər hallarda insanlar ac qaldığı üçün doyma məqsədi ilə bu qidalara üz tutur. Uzun müddət ac qalan orqanizm həmin şirniyyatları qəbul etdikdə qan şəkəri yüksəlir və tez aşağı düşür. Bu zaman yalnız həmin şirniyyatlara tələb artır və artıq çəki, piylənməyə, şəkərli diabetə gətirib çıxarır.

İftar və imsak arasında yeməkləri hissəyə bölürüksə, 2 və ya 3 çeşiddə ana yeməyə yer verilməlidir. Yuxu rejiminə diqqət etmək lazımdır. Oruc tutan insan 8 saat yatmalıdır. Əks halda yuxusuzluq, diqqətsizlik, halsızlıq gündəlik iş prosesinə birbaşa təsir göstərir.

- İftar süfrəsində şorba mütləq olamlıdırmı?

- Əgər tərəvəzlərdən, paxlalılardan hazırlanmış şorba olarsa, yemək olar. Kifayət qədər maye qəbul olunubsa, lifli qidalardan, tərəvəzlərdən istifadə ediriksə, şorbasız da olar. Lakin sağlamlıq üçün mümkündürsə bir kasa şorba içilməlidir.

Yeməyin yarısını tərəvəzlərdən hazırlanmış salat təşkil etməlidir. Yeməklərdən bir saat sonra çayın içilməsi məqsədəuyğun hesab olunur. Oruc tutanlar arasında bəzi çaysevərlər orucu çayla açır. Yeməkdən öncə çayla ilə başlamaq yolverilməzdir.

- İftardan sonra nələrə diqqət olunmalıdır?

- İftardan sonra 30 dəqiqə açıq havada gəzmək faydalı hesab olunur. Bununla yanaşı, gəzməkdən əlavə idmanla da məşğul ola bilərlər. Yuxu rejiminə diqqət göstərilməlidir. Çünki bir çox hormonlar məhz gecə yatarkən ifraz olunur, bu da sağlamlığımız üçün xeyirlidir. Bəzən deyirlər ki, iftardan sonra imksakı yetyib sonra yatım. Bu, yolverilməzdir.

- Kimlər oruc tuta bilməz?

- Əgər mədə-bağırsaqda xora varsa, şəkərli diabetdən kəskin şəkildə əziyyət çəkirsə, eyni zamanda qanda şəkər miqdarı yüksəlmək riski olan şəxslərə oruc tutmaq məsləhət görülmür. Yüksək təzyiqi olan insanların oruc tutması təhlükəli ola bilər. Bir çox xəstəliklərin müalicəsi zamanı bəzi konkret saatlarda dərman qəbulu vacibdir. Bu şəxslərə də oruc tutmaq məsləhət görülmür. Həmçinin, hamilə və südverən qadınlar bu məsələdə diqqətli olmalıdır.

Yetkinlik yaşına çatmayan insanların oruc tutması məsləhət deyil. 9 yaşdan aşağı qızlar, 12 yaşdan aşağı oğlanlar buraya daxildir. Çünki bu yaş dövrlərində inkişaf prosesi çox sürətlə gedir. İnkişaf qidalardan alınan faydalı elementlər hesabına gedir. Səfərdə olan şəxslərin də bir çox hallarda oruc tutması düzgün sayılmır .


Müəllif: Aysel Azad