Bu il qəbul imtahanlarında yüksək bal toplamış Prezident təqaüdçülərinin hansı ali məktəbləri seçdikləri bəlli olub.
Teleqraf.com-un məlumatına görə, bu barədə TQDK sədri Məleykə Abbaszadə bu gün keçirilən mətbuat konfransında məlumat verib.
Onlardan 25 nəfəri Azərbaycan Tibb Universitetinə, 22-si Dövlət İdarəçilik Akademiyasına, 21-i Azərbaycan Diplomatik Akademiyasına, 17-si Bakı Ali Neft Məktəbinə, 10-u "Qafqaz” Universitetinə, 3-ü Bakı Dövlət Universitetinə, 1-i Azərbaycan Dillər Universitetinə, 1-i Dövlət İqtisad Universitetinə, 1-i Naxçıvan Dövlət Universitetinə, 1-i isə Azərbaycan Dövlət Neft Akademiyasına daxil olub.
Prezident təqaüdçülərinin 50 faizdən çoxu Bakı məktəblərinin məzunlarıdır. Ümumilikdə bu siyahıda 30 şəhər və rayonun məktəblərini bitirən məzunlar yer alıb. İlk “beşlik”də 54 nəfərlə 1-ci yeri Bakı, 2-ci yeri 10 nəfərlə Sumqayıt, 3-cü yeri 4 nəfərlə Bərdə, 4-cü yeri 3 nəfərlə Şəki rayonunun abituriyentləri qərarlaşıb. Bu sıralamada Naxçıvan MR, Zaqatala, Biləsuvar, İsmayıllı və Ağdam məktəbləri hər birinə 2 nəfərlə 5-ci yeri bölüşürlər.