25 Noyabr 2014 12:38
818
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Metronun "Elmlər Akademiyası" stansiyasının yeni çıxışlarından biri Bakı Dövlət Universitetinin qarşısında olacaq".

Teleqraf.com xəbər verir ki, bu barədə BDU-nun rektoru, millət vəkili Abel Məhərrəmov məlumat verib. Onun sözlərinə görə, yeni çıxışın istifadəyə verilməsinə az müddət qalıb: "Biz fikirləşdik ki, yayın istisində, qışın soyuğunda müəllimlər və tələbələr metrodan çıxıb universitetə gələnə qədər xeyli vaxt itirirlər, əziyyət çəkirlər. Ona görə də, təklif irəli sürdük ki, metronun çıxışlarından biri universitetin qarşısında olsun. Artıq işlər başa çatmaq üzrədir".

Rektor bildirib ki, BDU-nun qarşısındakı çıxış həm universitetin həyətində, həm də yolun əks istiqamətində olacaq. Lakin universitetin həyətinə olan çıxış axşam saat 8-dən sonra bağlanacaq: "Çünki hər yoldan keçən gəlib universitetə girməməlidir. Nəzərdə tutmuşuq ki, universitetdə dərs qurtarandan sonra çıxış bağlansın, yolun o biri tərəfindəki çıxış işləsin".

Metrodan universitetə qədər olan yolun park kimi istifadəyə verilməsi xəbərinə də münasibət bildirən Abel Məhərrəmov deyib ki, onlar da bu təklifi müsbət qiymətləndiriblər: “Biz çox istərdik ki, o yol park olsun. Lakin şəhərimizdəki tıxacları da nəzərə almaq lazımdır. Bu barədə hələ dəqiq məlumat yoxdur”.

İLHAMƏ


Müəllif: