11 Aprel 2022 18:55
660
12 Punto 14 Punto 16 Punto 18 Punto

İlham Əliyevin Azərbaycan xalqının böyük etimadı ilə yenidən prezident seçilməsindən 4 il ötür. Onun rəhbərlik dövrü müasir, müstəqil Azərbaycan tarixində sürətli, iqtisadi inkişaf, dövlətin təşəkkül tapması, dövlətin qüdrətinin artması, beynəlxalq nüfuzunun yüksəlməsi, uğurlar və böyük qələbələr dövrü kimi yadda qalacaq.

Bunu Teleqraf.com-a açıqlamasında Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev deyib.

Onun sözlərinə görə, 2003-cü ildə Azərbaycan xalqının böyük əksəriyyətinin səsini qazanaraq dövlət başçısı seçilən İlham Əliyevin rəhbərlik etdiyi dövr ərzində ölkə iqtisadiyyatı xeyli böyüyüb, ümumi daxili məhsul 3,2 dəfə artıb, vətəndaşların sosial rifah halı yüksəlib:

"Bu illər ərzində nominal əməkhaqqı 8,6, minumum əməkhaqqı 12,9, orta aylıq əməkhaqqı 7, pensiyalar isə 10 dəfə yüksəlib. Azərbaycan özünün siyasi və iqtisadi islahatlarını tamamilə başa çatdırıb, 2018-ci ildən sonra isə dərin sosial islahatlar dövrünə qədəm qoyub. 2018-ci il aprelin 11-də Azərbaycan xalqının növbəti dəfə etimadını qazanaraq böyük səs çoxluğu ilə Prezident seçilən İlham Əliyev əhalinin sosial müdafiəsinin gücləndirilməsi, sosial rifahın və sosial ədalətin bərqərar olması və vətəndaşlarımızın inkişaf etmiş bir dövlətdə yaşaması üçün gərək olan hər şeyi edəcəyini xalqa bəyan etdi. Heç də təsadüfi deyil ki, İlham Əliyevin dördüncü dəfə prezident seçilməsindən sonra verdiyi ilk fərman şəhid ailələrinin sosial müdafiəsinin gücləndirilməsi ilə bağlı olub. Həmin dövrdə Prezident dərin islahatların anonsunu verdi. Azərbaycanın dövlət büdcəsində əlavə vəsaitlər nəzərdə tutuldu. 2018-ci ildən sonrakı dövrü üçün ölkəmizdə dərin islahatlar həyata keçirildi. 2019-cu ilin yanvarında prezidentin 30-dan çox fərman və sərəncamı əsasında iki dərin sosial islahatlar zərfi qəbul edildi. Bundan sonrakı mərhələdə isə 2021-ci ilin sonu 2022-ci ilin əvvəlində isə III sosial islahatlar paketi qəbul edildi. Bununla sosial sahəyə yönələn vəsaitin 6,5 milyard manat həcmində genişlənməsinə səbəb oldu. 2018-2022-ci illər ərzində Azərbaycanda minimum əməkhaqqı 2,3 dəfə, orta aylıq əməkhaqqı 40 faiz, minumum pensiyalar 2,2 dəfə, orta pensiya 65 faiz artıb".

Musa Quliyev bildirib ki, Prezidentin fəaliyyət dövrü erməni işğalçıları ilə yanaşı koronovirus pandemiyası ilə mübarizə dövrü kimi xarakterizə olunur:

"Amma bu çətinliklər Azərbaycan iqtisadiyyatını və sosial həyatını geriləməyə imkan verməyib. Pandemiya ilə mübarizədə Azərbaycan prezidenti dünya çapında lider olduğunu bir daha nümayiş etdirdi. Təkcə Azərbaycanın deyil, beynəlxalq bəşəriyyətin bu bəladan xilas olması üçün lazım olan addımların atılması ilə bağlı təkliflər irəli sürdü və tədbirlər həyata keçirdi. Pandemiya ilə mübarizədə ölkə başçısı xalqının sağlamlığını ön planda tutdu və bu istiqamətdə 4,5 milyon manat dövlət büdcəsindən ayrıldı. Bunun 30 faizindən çoxu əhalinin sosial rifahının qorunmasına, bağlanan iş yerlərinin, ixtisara düşən işçilərin əmək haqlarının, birdəfəlik müavinətlərin verilməsinə ayrıldı. Bu dövrdə Qoşulmama Hərəkatına rəhbərlik edən İlham Əliyev koronovirusla mübarizədə beynəlxalq güclərin birləşdirilməsi istiqamətində də böyük işlər gördü".

Millət vəkili qeyd edib ki, 44 günlük Vətən müharibəsində də Prezident Ali Baş Komandan kimi öz xalqını və ordusunu ətrafında birləşdirərək Azərbaycan torpaqlarını işğaldan azad etməyə və ərazi bütövlüyünü təmin etməyə müvəffəq olub:

"Müharibədən sonrakı vaxtda şəhid ailələri və müharibə əlillərinin sosial müdafiəsi İlham Əliyevin daxili siyasətində prioritet istiqamət kimi qiymətləndirilir. İndiyədək 12 500 Qarabağ qazisi və şəhid ailəsi tam təmirli mənzillərlə təmin olunub. Təkcə ötən il bu qəbildən olan insanlara 3000-dən çox mənzil verilib. Şəhid ailələrinə birdəfəlik ödəmələrin verilməsi prosesi də başa çatıb. Son 4 ildə daha 1450-dək müharibə əlili minik avtomobili ilə təmin edilib və avtomobillə təmin edilən müharibə əlillərinin sayı 7400-ə çatıb".

Deputat qeyd edib ki, aparılan mühüm sosial islahatların ciddi nailiyyətlərindən biri də Prezidentin fərmanı ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində DOST Agentliyi və DOST mərkəzlərinin yaradılmasıdır:

"Birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsü olan DOST konsepsiyası artıq Azərbaycanın yeni brendi kimi tanınır".


Müəllif: Aysel Azad