15 Aprel 15:40
238
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qubada şəhid jurnalist Məhərrəm İbrahimovun anım mərasimi keçirilib.

Teleqraf.com xəbər verir ki, rayondakı "Media Şəhidləri" parkında baş tutan anım mərasimində Quba Rayon İcra Hakimiyyətinin (RİH) rəhbərliyi, şəhidin ailə üzvləri, həmkarları və ictimaiyyət nümayəndələri iştirak ediblər.

İlk olaraq parkda şəhid jurnalistlərin abidəsi ziyarət edilib, önünə gül dəstələri qoyulub.

Ardınca Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını fəda edən şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Anım mərasimində çıxış edən Quba RİH-in icra başçısı Ziyəddin Əliyev bildirib ki, M.İbrahimov xidməti vəzifəsini yerinə yetirən zaman şəhidlik zirvəsinə ucalıb. O, şəhid jurnalistin vətən qarşısındakı xidmətlərindən danışıb. Z.Əliyev qeyd edib ki, M.İbrahimov yaşasaydı 40 yaşı tamam olacaqdı.

Şəhid jurnalistin qardaşı, jurnalist Əsgər İbrahimov qardaşı ilə qürur duyduğunu söyləyib: "Mən burada yalnız şəhid qardaşı kimi yox, həm də bir həmkar kimi Məhərrəmi yad edirəm. Onu jurnalistikaya mən gətirmişəm. Peşman da deyiləm. Məhərrəm öz peşəsini yerinə yetirərkən şəhid olub. Biz ailəlikcə dövlətə, xalqa xidmət etmişik, edirik. Məhərrəmin övladları da hərbi jurnalist olmaq istəsələr, yenə də onlara dəstək olacam".

O deyib ki, M.İbrahimovun ən böyük arzusu işğal altındakı torpaqlarımızın azadlığı idi: "Məhərrəm Göyçə mahalının Ardanış kəndində doğulub. O, həmişə işğal altındakı torpaqlarımızın azad edilməsini, doğma kəndimizi görməyi arzulayırdı. Tale elə gətirdi ki, Məhərrəm doğulduğu kənddən cəmi 50 kilometr məsafədə yerləşən Kəlbəcər rayonunun Susuzluq kəndində şəhidlik zirvəsinə ucaldı. Biz Məhərrəmin simasında bütün şəhidlərimizlə qürur duyuruq. Məhz şəhid və qazilərimizin qəhrəmanlığı, vətənpərvərliyi sayəsində torpaqlarımız işğaldan azad edildi. Bizə Zəfər yaşadan Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevə, eləcə də qəhrəman ordumuza minnətdarıq".

M.İbrahimovun bacısı Sevda Əsgərova isə qardaşının Vətən uğrunda şəhid olması ilə fəxr etdiyini vurğulayıb: "Məhərrəm çox ağıllı, mehriban, mədəni və ailəcanlı idi. Məhərrəm və Sirac xidməti vəzifəsini yerinə yetirərkən şəhid olublar. Onların xatirəsinə göstərilən yüksək diqqətə görə Prezidentimizə minnətdarıq. Biz əminik ki, Məhərrəm və Siracın xatirəsi daim qəlblərdə yaşayacaq".

Daha sonra çıxış edənlər M.İbrahimovla bağlı xatirələrini bölüşüblər.

Xatırladaq ki, 2021-ci il iyunun 4-də saat 11.00 radələrində xidməti vəzifələrinin icrası ilə əlaqədar işğaldan azad edilmiş Kəlbəcər rayonuna ezam olunmuş bir qrup jurnalisti aparan “KamAZ” markalı sərnişin avtomobilinin rayonun Susuzluq kəndi istiqamətində hərəkətdə olarkən tank əleyhinə minaya düşməsi nəticəsində üç nəfər - AZƏRTAC-ın müxbiri M.İbrahimov, Azərbaycan Televiziyasının operatoru Sirac Abışov və Kəlbəcər Rayon İcra Hakimiyyəti başçısının Susuzluq kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin müavini Arif Əliyev şəhid olublar.

M.İbrahimov jurnalist fəaliyyəti boyunca daim hərbi reportyor kimi Azərbaycan Silahlı Qüvvələrinin həm cəbhə bölgəsindəki, həm də digər ərazilərindən reportajlar hazırlayaraq, informasiya müharibəsində ön sıralarda olub.

Ölümündən sonra M.İbrahimov Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı ilə 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.

Ailəli idi, iki övladı yadigar qalıb.


Müəllif: Mənbə/Report