18 Aprel 2022 15:16
544
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ötən gün “Park Bulvar” ticarət mərkəzində bloger Hüseyn Həsənovun izləyiciləri ilə izdihamlı görüşü sosial şəbəkələrdə geniş müzakirəyə səbəb olub. Bloger izləyicilərinə telefon hədiyyə edəcəyi sözü verdiyi üçün ticarət mərkəzinə çoxsaylı insan toplaşıb. Yayılan videolarda kütlənin böyük qismini gənclərin təşkil etdiyi nəzərə çarpır. Hadisə ilə bağlı sosial şəbəkə istifadəçiləri üç qrupa bölünüb: qınayanlar, qınayanları qınayanlar və məsələyə münasibət bildirməyənlər.

Teleqraf.com mövzu ilə bağlı ictimaiyyət nümayəndələrinin fikrini öyrənib.

“Qanun” nəşriyyatının rəhbəri Şahbaz Xuduoğlu hesab edir ki, bu və bənzər hadisələr qınanılmamalıdır. Onun sözlərinə görə, o izdihamın səbəbkarı bloger deyil: “Cəmiyyəti həddindən artıq neqativ məsələlərə yönəltməyi düzgün saymıram. Azərbaycan cəmiyyətində pis şeylərə diqqəti daha tez yönəltmək olur, nəinki yaxşı əməllərə. Hər kəs dərhal pis davranış sərgiləyən insanların üzərinə hücuma keçir. Ancaq yaxşı nəsə edənlər diqqətdən kənarda qalır.

Dünən baş verən hadisədə aydın məsələdir ki, söhbət yalnız bir blogerlə görüşdən getmir. Burada mövzu hədiyyə olunacaq telefonlardır. İnsanlar məhz telefonlara görə oraya toplaşmışdılar.

Fikrimcə, bu hadisəni qlobal problemlə çevirmək əvəzinə, üzərindən adi hal kimi keçilsə daha doğru olar. Pulsuz telefon hədiyyəsi vəd verilmişdi. Cavan, küçədə avara gəzən uşaqlar fikirləşdilər ki, bəlkə onlara da bir pay düşə bilər. Əvvələr toy olardı, toy karvanı yola düşməzdən əvvəl qız evi toy karvanı üzərinə konfet atardı. Bütün boş, avara uşaqlar hamısı cumardı konfetin üzərinə. Mənə elə gəlir ki, o vaxt heç kim uşaqları niyə acgözlüklə konfetləri topladığı üçün qınamırdı. Bu da ona bənzəyir.

Bu prizmadan cəmiyyəti dəyərləndirmək, xalqı cahil adlandırmaq düzgün deyil. Bu, blogerlik məsələ deyil, eyniylə həmin konfet söhbətidir”.

Sosioloq Əhməd Qəşəmoğlunun fikrincə, baş verən hadisəni ümumiləşdirərək azərbaycanlıları bu şəkildə qələmə vermək doğru deyil. Ekspert bildirib ki, baş verən hadisə sadəcə sosial eksperimentdi:

“Qınamağa lüzum görmürəm. Sosial psixologiyada bu metodlardan istifadə haqqında çox məlumatlar var. Adətən kütlənin psixologiyasını, ümumi vəziyyətini yoxlayırlar. Eyni eksperimenti ayrı-ayrı ölkələrdə apardıqda müxtəlif nəticələr alınır. Düşünürəm ki, “Park Bulvar”da baş verən hadisə də planlaşdırılmış eksperiment idi. Çünki elmi ədəbiyyatda bu barədə kifayət qədər məlumat var.

1994-cü ildə Qahirədə BMT-nin Əhali inkişafına həsr olunmuş sammitində Azərbaycan ekspert qrupunun rəhbəri olaraq iştirak etmişəm. Orada da bu eksperiment həyata keçirildi. Baxmayaraq ki, sammitin iştirakçıları yüksək dövlət məmurları idi. Orada iştirak edənlər ən azı öz ölkəsində Nazirlər Kabinetinin şöbə müdirləri idilər. Həmin eksperiment fasilə zamanı dəhlizdə keçirildi. Elan etdilər ki, üstündə sammitlə bağlı yazı olan köynək paylanılır. Dövlət məmurlarının iştirak etdiyi sammitdə “Park Bulvar”dakı kimi hadisə baş verdi.

Mən eksperimentləri bildiyim üçün, kənardan baxırdım və həmyerlilərimizə də dedim ki, yaxınlaşmasınlar. Bir dəfə də Sovet Sosiologiya Assosiasiyasının qurultayında eyni hal baş verdi. Bu, təsadüfi bir şey deyil və mənim üçün adi bir haldır”.

Məsələyə münasibət bildirən psixoloq Fərqanə Mehmanqızı baş verənlərin kütlə psixologiyasının təzahürü kimi dəyərləndirir. Onun fikrincə, bu, nə mədəniyyətsizlik, nə tərbiyəsizlik, nə də özbaşınalıqdır:

“Bir qrup yeniyetmə gənc fanatlıq iddiasındadır və bu onları coşdurur. Bütün dünyada belə təcrübə var. Başqa vaxt mentalitetimizi pisləyir, müasirləşmək, Avropalaşmaq lazımdır deyirdik. Bu da sizə Avropalaşmaq!

Avropalaşmağı iqtisadi durumla müqayisə etmək lazımdır. İnsanlarımız özlərinə sərf edəndə deyirlər biz əvvəllər belə deyildik. Bu gün sosial şəbəkə informasiyanı daha tez yaydığına görə məlumat da tez ötürülür. Bizdə kütlə psixologiyası daha çox inkişaf etdiyi üçün kimsə bir hadisəni pislədisə, insanlar analiz etmədən, empatiya qurmadan qınamağa başlayırlar. Orada nə baş verirdi?

Bütün dünyada blogerlər gələndə belə olur. İndi deyəcəklər ki, siz dünya ulduzları ilə onları bir səviyyədə görürsünüz. Bizdə kütlə psixologiyası beyinlə yox, onurğa beyni ilə düşünür. Əgər o fərdləri tək-tək danışdırsanız, əlbəttə, belə reaksiya verməzlər. Amma kütləni bu üsullarla idarə etmək daha asandır. Gustavo Lebonun "Kütlə psixologiyası" kitabında bu barədə geniş məlumat verilir. Avropaya nəzər yetirsək, məsələn, Maykl Cekson, Cenifer Lopezlə görüşdə nə qədər reaksiyalar, izdihamlar olur... Bu var, olub, olacaq”.

Psixoloq həmin gəncləri qınayanlara sərt mesaj verib: “Məni incidən digər məqam odur ki, baş verənləri "bu günün gəncliyi" başlığı ilə təqdim edirlər. Bu günün gəncliyi 2 il əvvəl bizə miras qalan savaşa qalib gəlib və qisası gələcək nəslə saxlamayıb. Bütün cəmiyyəti, milləti, xalqımızı ucuzlaşdırmayaq”.


Müəllif: Aysel Azad