20 Aprel 2022 18:45
1 026
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ölkədə sərnişindaşıma xidmətləri arasında taksilər ön planda dayanır. Taksi şirkətlərinin sayının artması rəqabət baxımından qiymətlərə də təsirsiz ötüşmür. Deyə bilərik ki, bu gün avtobuslar taksidən daha baha qiymətə sərnişin daşıyırlar. Texnologiya əsrində yaşadığımızı nəzərə aldıqda isə insanlar təmassız – kartla ödənişlərə üstünlük verirlər. Bununla belə, kartla ödəniş edən müştərilər də problemlə qarşılaşa bilirlər.

Teleqraf.com xəbər verir ki, onlardan biri bu barədə sosial şəbəkə hesabında paylaşım edən Vamiq Nəsirovdur.

Şikayətçi bildirir ki, taksi sifariş edərkən nağdsız ödəniş seçir və buna görə də şirkət ondan əlavə komissiya tələb edir: “Nağdsız ödənişləri təşviq etmək üçün müxtəlif addımlar atıldığı halda taksi xidmətində niyə əksi seçilib bilmirəm. Mümkün qədər nağdsız ödənişlərə üstünlük verirəm. Sürücülər buna etiraz etsələr də, taksidə də ödənişləri kartla edirəm. Amma maraqlıdır ki, “Bolt” taksi şirkətində nağdsız ödəniş edəndə 18 faiz əlavə pul ödəməlisən.

Məsələn, gediş haqqı 7.21 AZN təşkil edirsə, kartla ödənişdə əlavə olaraq 1.30 AZN komissiya haqqı çıxılır. Belə olan halda mən niyə nağdsız ödənişə üstünlük verməliyəm? Sürücüyə nağd ödəniş edərəm, nə sifət edər, nə də arxamca söyər. Hətta əlavə məbləği ona bəxşiş verib "çox sağ ol" eşidərəm”.

Mövzuya münasibət bildirən Dövlət Vergi Xidmətinin Mətbuat şöbəsinin rəisi Şahin Məmmədovun sözlərinə görə, ödəniş xarici hesaba edildiyi üçün qanunvericiliyə əsasən xaricdən alınan xidmət ƏDV-yə cəlb olunur: “Bu problem tək bizim ölkəyə xas deyil. Məsələnin həll yolu olaraq bu kimi şirkətləri ofis açaraq fəaliyyət göstərməyə sövq etmək lazımdır. Nə taksi onun deyil, nə yanacağı o vermir, nə ofis saxlamır, nə parkinq saxlamır, sadəcə məsafədən əlaqələndirmə xidməti edib qazanırlar. Gəliri bizim ölkədə qazansalar da, pulu xaricdəki bank hesabına alırlar”.

Məsələ ilə bağlı “Bolt”un mövqeyini öyrənməyə çalışsaq da, sorğumuza cavab ala bilmədik.


Müəllif: Aysel Azad