20 Aprel 2022 16:54
864
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sosial mediada qadınların Polis Akademiyasına qəbulunun dayandırılması ilə bağlı məlumatlar yayılıb.

Daxili İşlər Nazirliyi mətbuat xidmətinin rəhbəri Ehsan Zahidov Teleqraf.com-un sorğusuna cavabda yayılan informasiyanın əsassız olduğunu deyib.

Onun sözlərinə görə, gender bərabərliyinin təminatları haqqında Azərbaycan Respublikası Qanununa uyğun olaraq DİN gender siyasətini daim diqqət mərkəzində saxlayır, nazirlikdə gender məsələləri üzrə vəzifə də təsis olunub: “Həmin vəzifəni polis polkovnik-leytenantı rütbəsi daşıyan qadın əməkdaş icra edir. Hazırda daxili işlər orqanları şəxsi heyətinin 11 faizini qadın əməkdaşlar təşkil edir ki, bu da bir çox dövlətlərin analoji göstəricilərindən yüksəkdir. Qadın həmkarlarımız polis serjantından polis polkovnikinə qədər xüsusi rütbə daşıyırlar. Bu gün polisi sıralarında polis nəfərindən tutumuş idarə rəisinə kimi xidmət edən qadın əməkdaşlar var.

DİO-da xidmət edən qadınlar öz kişi həmkarları ilə çiyin-çiyinə ölkəmizdə sabitliyin və ictimai asayişin qorunması sahəsində üzərilərinə düşən vəzifələri böyük əzmlə yerinə yetirirlər”.

Ehsan Zahidov bildirib ki, daxili işlər orqanlarının sıralarında idmanın cüdo, karate-do, stend, güllə atıcılığı və digər növləri üzrə dünya çempionatlarının və kuboklarının, beynəlxalq turnirlərin və Azərbaycan birinciliyinin qalibləri var: “Bu gün qadın polis əməkdaşları respublikanın “ASAN xidmət” mərkəzlərində və daxili işlər orqanlarının istintaq, təhqiqat, pasport-qeydiyyat, statistika, “102 Zəng-Mərkəzi”, post-patrul, tibb və digər sahələrində vətəndaşlarımızın xidmətindədirlər.

Hazırda qadın vətəndaşlarımız daxili işlər orqanlarında xidmətə yalnız Polis Akademiyasında təhsil alaraq deyil, orta təhsili tam başa vurduqdan, həmçinin digər mülki ali təhsil ocaqlarını bitirdikdən sonra DİN tərəfindən əvvəlcədən elan olunan müsabiqələri müvəffəqiyyətlə keçdikləri təqdirdə qəbul olunurlar”.


Müəllif: Aysel Azad