Yəqin ki, hansısa məhsulu alanda etiketi üzərində "Ce" işarəsini görmüsünüz. Bəs işarənin mənasının nə olduğunu bilirsinizmi?
Teleqraf.com xəbər verir ki, 1985-ci ildən bəri bəzi məhsulların Avropa Birliyi ölkələrində satıla bilməsi üçün "CE" standarları tətbiq edilməyə başlayıb. Bu birləşmə "Conformité Européenne" sözlərinin baş hərflərindən yaranıb və fransız mənşəli sözdür. "CE" Avropa Birliyi ölkələrində məhsullara sərbəst satılma, idxal və ixrac edilmə haqqı verir. Yəni ki, məhsullar üçün pasport funksiyasını qazandıran bu işarə məhsulun keyfiyyətli olması mənasını vermir.
Əsas mənası ətraf mühitə zərərli olmayan, insan və digər canlı orqanizmlərinə zərər verməyən və nəzarətdən keçmiş məhsul kimi başa düşülən işarə istehsalçı firmaların özü tərəfindən etiketlənə bilməkdədir.
Lakin məhsulun üzərindəki "CE" işarəsinin standartlara uyğun olmadığı, malın gərəkli xüsusiyyətləri daşımadığı aşkarlandığı təqdirə istehsalçı firma Avropa Məhkəməsinə dəvət olunur. Saxtakarlığa yol verdiyi aşkarlanan istehsalçıya təzminat davası açılır. Ən sərt halda şirkətin Avropa Birliyi bazarında bir daha məhsul satması qadağan edilir.
Üçüncü dünya ölkələri olaraq tanınan az inkişaf etmiş ölkələr isə Avropa Birliyi bazarına məhsul satmaq üçün bu standartlara əməl etmək məcburiyyətindədir. Eyni zamanda, üçüncü dünya ölkələrindən məhsul idxal edildiyi təqdirə məsuliyyəti idxalçı ölkə daşımalı və o məhsulun standarlara uyğun olub-olmadığına nəzarət etməlidir.
Bəzən firmalar tərəfindən heç bir standart tətbiq edilmədən məhsulların üzərinə "CE" sertifikatı vurulur və özlərinə bəraət qazandırmağa çalışırlar. Məsələn, Çin öz məhsulları üzərinə eyni ölçüdə və eyni şəkilli etiket vuraraq Avropa Birliyi bazarına ixrac etməyə başlayıb. Bu isə bir müddət sonra narazılıqlara səbəb olub. Çünki standarlara uyğun olmayan bu məhsulların üzərindəki "CE" etiketi qanunsuz idi. Ancaq Çin istehsalçı firmaları "CE" etiketinə "Chine Expoet" (Çin İxrac Malı) şəklində açıqlama gətirərək özlərinə bəraət qazandırmağa çalışıblar.