Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının ( ARGTMŞ) sədri Şahin Seyidzadə və beynəlxalq əlaqələr üzrə katibi Leyla İsrafilova Avropanın ən böyük gənclər platforması olan Avropa Gənclər Forumun Baş Assambleyasında iştirak edib. Baş Assambleyada 300-dən artıq nümayəndə iştirak edib.
Assambleya zamanı Avropa Gənclər Forumunun 2014-cü il üzrə fəaliyyət və maliyyə hesabatına baxılıb.Təşkilatın prezidenti, vitse prezidenti və idarə heyətinin seçkiləri keçirilib. Səsvermə əsasında Finlandiya Gənclər Milli Şurasının sədri Johanna Nyman Avropa Gənclər Forumun yeni prezidenti seçilib. Daha sonra Forumun 2015-2016-ci illər üzrə fəaliyyət və maliyyə planı qəbul olunub.
Məlumat üçün qeyd edək ki, Avropa Gənclər Forumu Avropa ölkələrinin Gənclər Milli Şuraları və beynəlxalq təşkilatlardan ibarət 99 təşkilatı birləşdirir və 10 milyona yaxın gənci əhatə edir, onların maraqlarını təmsil edir. ARGTMŞ 1997-ci ildən Forumun tamhüquqlu üzvü və Azərbaycanı Forumda rəsmi olaraq təmsil etmək hüququna malik yeganə təşkilatdır. 2014-cü ilin avqust ayında ARGTMŞ-nın beynəlxalq səviyyədə uğurlu fəaliyyətinin nəticəsi olaraq forumun idarə heyətinin cari il üzrə sonuncu iclası Azərbaycanda keçirilib. Həmçinin, Avropa Gənclər Forumun 2015-ci il üzrə Baş Assambleyasının ARGTMŞ-nın təşkilatçılığı, Forumun üzvü olan beynəlxalq gənclər təşkilatları və 47 ölkənin Gənclər Milli Şuralarının 300-ə yaxın nümayəndəsinin iştirakı ilə Azərbaycanda keçirilməsi planlaşdırılır.
BƏXTİYAR