Pakistanın ən böyük universitetlərindən olan Allama İqbal Açıq Universitetinin tarix fakültəsi “Pakistan və dünya münasibətləri” adlı yeni dərslik nəşr etdirib.
Azərbaycanın Pakistandakı səfirliyindən Teleqraf.com-a verilən məlumata görə, dərsliyin 6-cı – “Pakistan və müsəlman dünyasının məsələləri” bölümündə Ermənıstan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə 6 səhifəlik yer ayrılıb.
Yazının müəllifləri professor Fərhat Əkram və Axtar Hüseyn tərəfindən Dağlıq Qarabağ regionunun yerləşdiyi ərazinin tarixi Azərbaycan torpağı olduğu və Kürəkçay sazişindən sonra Rusiyanın tərkibinə daxil edildiyi qeyd edilib. Bildirilib ki, Gülüstan və Türkmənçay sazişlərindən sonra ermənilərin Azərbaycanın tarixi torpaqlarına kütləvi köçü başlayıb və bu proses rus imperatoru I Nikolayın erməni vilayətinin yaradılması haqqında sərəncamından sonra daha da güclənib. Nəticədə Azərbaycanın işğalından sonra on minlərlə erməni Qarabağ, İrəvan və Naxçıvana köçürülüb, təkcə 1828-1911-ci və 1914-1916-ci illərdə yüz minlərlə erməni İran və Türkiyədən Azərbaycana köçürülüb və bu proses sonralar davam etdirilib. Yazıda rus yazıçıları A.Qriboyedov və N.Şavrovdan sitalar gətirilib. Tarixçilər ermənilərin 1905 və 1907-ci illərdə, həmçinin 1918-ci ilin mart ayında azərbaycanlılara qarşı qətliam törədiklərini qeyd edib, bu qanlı hadisələrin təfərrüatları barədə məlumatlar dərslikdə öz əksini tapıb.
Kitabda həmçinin Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması, respublikanın apardığı siyasət, Millətlər Liqası tərəfindən tanınması və Dağlıq Qarabağın Erməni Milli Assambleyası tərəfindən rəsmi olaraq Azərbaycan ərazisi kimi 1919-ci ildə tanınmasına dair geniş bilgilər yer alıb.
Dərslikdə Ermənıstanın beynəlxalq hüquq normalarına məhəl qoymadığı, işğalçı siyasətini davam etdirdiyi bildirilib. Azərbaycanın mövqeyi haqqında yazan tarixçilər qeyd ediblər ki, Azərbaycan işğalın nəticələrini qəbul etmir və işğal altında olan torpaqlarını azad etmək hüququnu özündə saxlayır.
Səxavət