7 May 2014 16:13
1 253
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gədəbəy rayon sakini, 1984-cü il təvəllüdlü Naibə Quliyevanın ona olmazın işgəncələr verərək təhqir edən həyat yoldaşını qətlə yetirib. “Ərim gözümün qabağında Ceyranla sekslə məşğul olurdu" başlıqlı həmin yazı oxucuların böyük marağına və təbii ki, hiddətinə səbəb olub.

Teleqraf.com məsələ ilə bağlı Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə müraciət etsə də komitənin İnformasiya və sosial analitik araşdırmalar şöbəsinin müdir müavini Aydın Rəcəbli bu barədə onlarda məlumat olmadığını bildirib.

“Təmiz Dünya” İctimai Birliyinin rəhbəri Mehriban Zeynalova isə konkret həmin hadisədən xəbərdar olmadığını söyləsə də, son zamanlar Azərbaycanda ailədaxili münaqişələrin sayının artmasına diqqət çəkib: “Ümumiyyətlə, Azərbaycanda qadının kişini öldürməsi ənənəvi hal deyil. Qadınlar əsasən affekt vəziyyətinə çatdıqda və yaxud onlara qarşı zorakılıq edən şəxs həddini aşdıqda cinayətə əl atırlar. Bu baxımdan hesab edirəm ki, ailədaxili zorakılıq hallarının qarşısını almaq üçün məhkəmələrin nəzdində sosial işçilər və psixoloqların olması günün vacib tələblərindəndir. Bizim apardığımız araşdırmalara görə, tək bu il ailədaxili zorakılıq nəticəsində 25-dən çox ölüm hadisəsi baş verib”.

2011 və 2012-ci illərdə ailədaxili zorakılıq nəticəsində ölüm halları daha çox qeydə alındığını deyən Mehriban Zeynalova hesab edir ki, bu sahədə əsas problemlərdən biri qəbul olunan qanunların işlək mexanizminin olmamasıdır: “Məişət zorakılığı ilə bağlı qanun qəbul olunsa da, onun tətbiqi ilə bağlı real bir addım yoxdur. Eləcə də icra hakimləri və hüquq-mühafizə orqanları sığınacaqlar və reabilitasiya mərkəzləri ilə bağlı kifayət qədər məlumatlı deyillər. Daha çox stereotiplər, köhnə adətlər, kiminsə ailəsinə müdaxilə etməmək prinsipləri hökm sürür ki, bu da ailədaxili zorakılığa şərait yaradır. Əvvəlki ağsaqqallar institutu yoxdur ki, ailələrdə baş verən münaqişənin qarşısını almaq üçün tədbirlər görülsün. Yalnız kimsə öldürüləndən, şikəst olunandan sonra hansısa tədbirlər görülür”.

Birlik sədri Azərbaycanın bu günə qədər Avropa Şurasının məişət zorakılığının qarşısının alınması haqqında konvensiyasına qoşulmamasına da diqqət çəkib.

Dilarə Əliyeva adına Qadın Hüquqlarını Müdafiə Cəmiyyətinin sədri Novella Cəfəroğlu ailədaxili zorakılıq hallarının aşkarlanması üçün mütəmadi monitorinqlərin keçirilməsinin, qadın krizis mərkəzlərinin yaradılmasının, həyat yoldaşına qarşı zorakılıq edən kişilərin daha sərt cəzalandırılmasının vacibliyini vurğulayıb.

Babək Cahandarov


Müəllif: