28 Aprel 2022 15:27
590
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bir neçə gün əvvəl təhsil naziri Emin Əmrullayev yeni tədris ilindən məktəblərdə könüllü ianə modeli tətbiq oluna biləcəyi ilə bağlı açıqlama verdi. Nazir hələ ilk dəfə fandreyzinq mövzusu haqqında danışanda fikirlər birmənalı olmamışdı. Əksəriyyət bunun qanuni rüşvətə yol açacağını hesab edirdi. Maraqlıdır, Azərbaycan məktəblərində fandreyzinq tətbiq olunmaldırmı? Bu sistem nazirin düşündüyü kimi şəffaf şəkildə təşkil oluna bilərmi? Onun üstünlükləri varmı?

Mövzu ilə bağlı Teleqraf.com-a danışan təhsil eksperti Kamran Əsədov hesab edir ki, nazirin fikri yanlış anlaşılsa da o, qanunun tələbindən söz açıb:

“Əslində Emin müəllim qanunvericliyin tələbinə uyğun çıxış etdi. “Təhsil haqqında qanun”un 34-cü maddəsində valideyn və ya digər qanuni nümayəndələrin hüquq və vəzifələri yer alır. Həmin maddənin 34.1.4. bəndində təhsil müəssisəsi ilə əməkdaşlıq etmək, tədris prosesinin təkmilləşdirilməsi və maddi-texniki bazasının yaxşılaşdırılması üçün təkliflər irəli sürmək və könüllü yardımlar etmək müəddəası təsbit olunub.

Bununla yanaşı, qanunun 38-ci maddəsində qeyd edilib ki, təhsil müəssisəsi qanunvericiliklə müəyyən olunmuş qaydada fiziki və hüquqi şəxslərə müxtəlif ödənişli təhsil xidmətləri göstərmək, sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq, hüquqi və fiziki şəxslərdən ianələr və könüllü yardımlar almaq hüququna malikdir. Bu mənbələrdən əldə olunan vəsait və digər əmlak dövlət təhsil müəssisəsinə büdcədən ayrılan vəsaitlərin miqdarına təsir göstərmir və onun nizamnaməsinə uyğun olaraq sərbəst istifadə edilir.

Mövcud qanunlarımız imkan verir ki, valideyinlər məktəbə könüllü ianə edə bilsinlər. Emin müəllim də deyir ki, bunu indiki kimi sinif rəhbərinin, hansısa komitənin vasitəsi ilə kor-koranə yox, rəsmi və şəffaf şəkildə etmək lazımdır”.

Ekspert bildirib ki, məktəbə lazım olan resurslar dövlət tərəfindən pulsuz verilsə də, bəzən çatışmazlıqlar olur: “Məsələm, bir məktəbə KSQ, BSQ və digər təşkilati işlərin görülməsi üçün 20 paket A4 kağız göndərilir. Amma bəzən şagirdlərin sayı və imtahanların həcmi daha çox kağıza ehtiyacı yaradır. Müvafiq məktəb yeni A4 vərəqi tələbi ilə yuxarı quruma müraciət edib kağız istəyənə və kağızlar gələnə qədər azı 4 ay vaxt keçir. Yaxud lövhədə yazmaq üçün marker lazımdır, bir riyaziyyat müəllimi daha çox yazıb mövcud resursu bitirə bilər.

Bəli, səbəb nə olursa-olsun, təhsil müəssisələrində pul yığılması qadağandır. Amma ortada problem var.

Bir məqamı da qeyd edim, əldə olunan ianə vəsaiti yalnız təhsilin inkişafına, təhsilalanların və təhsilverənlərin sosial müdafiəsinə yönəldilə bilər! Şəxsi maraq və ehtiyaclar üçün sərf oluna biləz. Qanunvericilikdə də qeyd olunur ki, məktəblərə ianə qəbul edə və valideynlər tərəfindən köməklik oluna bilər. Amma problem onun tətbiqindədir. Hazırda bunun mexanizmi yoxdur.

Hesab edirəm ki, məktəblərə muxtariyyət verilməlidir. Təhsil ocaqlarının nisbi azadlığı olmalıdır ki, sərbəst qərar qəbul edə bilsinlər. Belədə ianələr korrupsiya halları kimi deyil, leqal yollarla tənzimlənə bilər.

Təhsil naziri də məhz bu istiqamətdə maraqlı olduqlarını vurğulayıb. Yəni müvafiq təşkilat bunu könüllü etsin və topnanan vəsait şəffaf, hesabatlı formada xərclənsin”.

Fandreyzinqin dünyada tətbiqindən danışan ekspert qeyd edib ki, beynəlxalq təcrübəyə görə, bu şəkildə yığılan vəsaitlər yarışların keçirilməsinə, şagirdlərin yay tətilində düşərgələrə göndərilməsinə və sair bu kimi işlərə xərclənir: “Hesabat isə şəffaf şəkildə təqdim edilməlidir. Lakin bizim məktəblərimizdə hazırda belə mexanizm oxdur. Məktəblərə yardım etmək təcrübəsi Avropada, ABŞ-da da kifayət qədərdir. Valideynlər özləri könüllü olaraq məktəblərə dəstək olurlar. Amma bu, məcburi həyata keçirilmir”.


Müəllif: Aysel Azad