28 Aprel 2022 15:59
1 037
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ən yaxın tarixi keçmişimizdə qadınlara nümunə ola biləcək şəxsiyyətlər yaşayıb. Onlar böyük bir xalqın dəyərli övladları, dərin zəkaya malik ziyalıları, həm də qüdrətli elm və sənət korifeyləri, fədailəri idi. Milli-mənəvi dəyərlərimizin qorunmasında, gənc nəslin təlim-tərbiyəsində Azərbaycan qadını, Azərbaycan anası böyük rol oynayıb. Bu baxımdan akademik Zərifə xanım Əliyeva, əvəzolunmaz ana, sədaqətli həyat yoldaşı, elm fədaisi, qeyri-adi şəxsiyyət, kamil obraz kimi insanların yaxşı xatirindədir. Bu zərif qadını tanıyanlar həmişə onu hörmətlə yad edirlər.

Bunu Teleqraf.com-a Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri, professor Hicran Hüseynova deyib.

Professor qeyd edib, böyük intellektə, biliyə malik insanlar həmişə geniş ürək sahibi olur: “Çünki bu hisslər, bu duyğular irsən, genlərlə keçir. Azərbaycanın görkəmli ictimai xadimlərindən olan акаdemik Əziz Əliyev övladlarını mənəvi təmizliyə, paklığa öyrətmiş, milli ənənələr üzərində tərbiyə etmişdi. Zərifə xanımın atası Əziz Əliyev ictimai borcunu dərindən dərk edərək daim öz xalqına ləyaqətlə xidmət göstərmiş, övladlarını da bu ruhda böyüdüb tərbiyə edib. Üzeyir Hacıbəyli, Müslüm Maqomayev, Qara Qarayev, Mirəsədulla Mirqasımov, Bülbül kimi dahilər məhz bu ailənin yaxınları olub. Mərhum akademik Topçubaşov isə Əziz Əliyevi sadəcə tibb xadimi deyil, "cəmiyyəti müalicə edən həkim" adlandırıb”.

Millət vəkili bildirib ki, Zərifə xanım Azərbaycanda oftalmologiya sahəsində ilk akademik qadın olub: “Onun səyi və təşəbbüsü ilə ölkədə ilk dəfə peşəkar göz patologiyası laboratoriyaları yaradılıb. Akademik Zərifə Əliyeva təkcə elm sahəsində deyil, ictimai həyatda da fəal idi. O, keçmiş SSRİ-nin Sülhü Müdafiə Komitəsində fəaliyyət göstərən ilk azərbaycanlı qadın idi. Elmi və ictimai fəaliyyətinin çox geniş olmasına baxmayaraq, ümummilli lider Heydər Əliyevin yaxın silahdaşı və övladlarının anası olmaq missiyasını şərəflə daşıyıb. Vətənə, valideynlərinə yüksək məhəbbət hissi bəsləyən, milli ruha, yüksək mənəvi keyfiyyətlərə malik uşaqların böyüyüb boya-başa çatması, tərbiyə alması hər valideynin, ailənin arzusudur. Bu gün onun müqəddəs ailə çırağını iki gözəl övladı, nəvələri yandırır. Zərifə xanim incəsənətə, mədəniyyət çox bağlı insan olub”.

Hicarn Hüseynova görə, Zərifə xanımın ruhu şaddır ki, Prezident İlham Əliyev Azərbaycan dövlətçiliyinin daha da möhkəmləndirilməsi yolunda nəhəng işlər görür: “Zərifə xanımın böyüdüb tərbiyə etdiyi, Prezident İlham Əliyev özünün yorulmaz və əzmkar fəaliyyəti, böyük zəhməti və doğma Vətənə sonsuz sədaqəti sayəsində ölkəmizin bütün dünyada lider dövlətə çevrilməsini təmin edir. Birinci vitse-prezident Mehriban xanım Əliyeva Zərifə xanımın ənənələrini davam etdirir. Yüksək dəyərləri öz şəxsiyyətində birləşdirmiş Mehriban xanım milli-mənəvi sərvətlərimizin qoruyucusudur. O, Azərbaycanda təhsilin, səhiyyənin, mədəniyyətin və digər sahələrin inkişafı üçün əlindən gələni edir. Özünün ictimai fəallığı və şəxsi örnəyi ilə müasir Azərbaycan qadınını bütün dünyada ləyaqətlə təmsil edir. Azərbaycan ailəsinin yüksək mənəvi dəyərlərə söykəndiyini və ümumbəşəri ideallar əsasında yaşadığını təcəssüm etdirir. Bu mənada Zərifə Əliyevanın bir həkim, alim və vətəndaş kimi əziz xatirəsi xalqın yaddaşında daim yaşayacaq”.


Müəllif: Tapdıq Qurbanlı