“Pensiya ilə bağlı dəyişikliklər 2017-ci ilin iyulunda sərtləşməyə başlayıb. Bu gün “Əmək pensiya haqqında” Qanuna təklif edilən dəyişiklik əsasən bu sərtləşmənin yumşalmasına yönəlib. Odur ki, bu məqamları dəstəkləyirik və təqdir edirik”.
Teleqraf.com xəbər verir ki, bunu parlamentdə çıxışı zamanı deputat Əli Məsimli bildirib.
Məsimli qeyd edib ki, ölkədə demoqrafik vəziyyət dəyişib: “Bizdə ailələrin böyük əksəriyyəti bir və ya iki uşaqlıdır. 8-ci maddəyə təklif edilən dəyişiklikdə 5 və daha çox uşaqlı ailələr üçün nəzərdə tutulub. Bu çox dar çərçivəni əhatə edəcək. Mən təklif edirəm ki, çoxuşaqlı ailələr məsələsinə yenidən baxaq, 3 və daha çox uşağı olan analar çoxuşaqlı ailələr kimi nəzərdə tutulsun”.
Deputat daha sonra qeyd edib ki, Pensiya yaşının nəzərə almaq lazımdır: “Son 30 ildə bizdə pensiya yaşı ilə bağlı məqamlara da nəzər yetirməliyik: “Son 30 il ərzində ömür uzunluğu iki yaş artıb. Pensiya yaşı isə bu dövrdə kişilər üçün 5, qadınlar üçün 8 yaş dəyişib. Bu məsələyə baxan zaman ümumi ömür uzunluğu ilə yanaşı sağlam ömür uzunluğu məsələsini də nəzərə almalıyıq. Bizdə pensiya yaşının 65 olması ömür uzunluğuna uyğun olmadığına görə, kişilər üçün 63, qadınlar üçün 60 yaş olmasını məqsədəuyğun hesab edirəm”.