“Təhsilə Dəstək Mərkəzi” İctimai Birliyi məcburi köçkün məktəblərində təhsil alan şagirdlərin peşə təhsili barədə maarifləndirilməsi ilə bağlı daha bir məlumatlandırma sessiyası keçirib.
Teleqraf.com xəbər verir ki, “İşğaldan azad olunan rayonların şagirdləri arasında peşə təhsilinin təbliği” layihəsi çərçivəsində keçirilən tədbirə Abşeron rayonu, Masazır qəsəbəsində fəaliyyət göstərən Kəlbəcər və Laçın rayonuna tabe məktəblərin şagirdləri cəlb edilib. Tədbirdə Kəlbəcər rayon 56 saylı, 21 saylı, 18 saylı və Laçın rayonu Çıraqlı kənd tam orta məktəblərdə təhsil alan, peşə təhsilinə maraq göstərən 50 nəfər şagird qatılıb.
Tədbirdə çıxış edən “Təhsilə Dəstək Mərkəzi” İctimai Birliyinin sədri Gülsarə Həsənova bildirib ki, layihə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə icra olunur: “Layihənin əsas məqsədi şagirdləri peşə təhsilinin əhəmiyyəti, respublikamızda daha çox işçiyə ehtiyac olan peşələrlə bağlı məlumatlandırmaqdır. Həmçinin, şagirdləri doğru sənət seçiminə yönləndirmək, təhsilalanları ictimai həyata və səmərəli əmək fəaliyyətinə hazırlamaqdır. Layihə çərçivəsində bundan öncə Bərdə və Yevlax rayonunda fəaliyyət göstərən işğaldan azad olunan rayonlarımıza tabe məktəblərdə təhsil alan yuxarı sinif şagirdləri üçün məlumatlandırma sessiyası keçirilib. Bu gün isə Abşeron rayonunda fəaliyyət göstərən Kəlbəcər rayon 56 saylı, 21 saylı, 18 saylı və Laçın rayonu Çıraqlı kənd tam orta məktəbinin şagirdləri peşə təhsili ilə bağlı bilgiləndiriləcək”.
Daha sonra tədbirdə Azərbaycan Milli Elmlər Akademiyasının Aşqarlar Kimyası İnstitutunun icraçı direktoru, elmlər doktoru, dosent Əfsun Sucayev şagirdlərə Peşə təhsili ilə bağlı məlumat verib.
Şagirdlər doğru sənət seçiminin əhəmiyyəti, respublikamızda peşə təhsili müəssisələri, dövlətin peşə təhsilinin inkişafı istiqamətində gördüyü tədbirlər və bu sahənin gələcək inkişaf prespektivləri ilə bağlı bilgiləndirilib. Həmçinin, şagirdlərə peşə təhsili müəssisələrinə sənəd qəbulu qaydaları, portal.edu.az saytında qeydiyyat proseduru, elektron qeydiyyatdan keçən zaman tələb olunan sənədlər, ərizəçilərə verilən ixtisas seçimi, peşə təhsili müəssisələrində pulsuz təhsil, peşə təhsili müəssisələrində təhsil haqqına güzəşt imkanları, peşə təhsilinə qəbul olan tələbələrdən tələb olunan sənədlərlə bağlı məlumat verilib.
Sonda tədbir iştirakçılarına layihə çərçivəsində çap olunan “Uğur üçün düzgün peşə seç!” adlı buklet paylanılıb. Həmçinin, bukletin 160 ədədi qeyd olunan ərazidə fəaliyyət göstərən Kəlbəcər rayon 56 saylı, 21 saylı, 18 saylı və Laçın rayonu Çıraqlı kənd tam orta məktəblərinin şagirdlərinə paylanılması üçün həmin məktəblərə təhvil verilib.
Qeyd edək ki, layihə çərçivəsində peşə təhsilinə maraq göstərən şagirdlərin sənədlərinin hazırlanması və peşə seçiminə dəstək verilir, onlara konsultasiya xidməti göstərilir.