Bakı metrosunda qatarların hərəkət qrafikinə dəyişikliklər edilib.
“Bakı Metropoliteni” QSC-dən Teleqraf.com-a verilən məlumata görə,, Nazirlər Kabineti yanında Operativ Qərargahının mərhələli qərarları ilə pandemiya şəraitində həyata keçirilən bir sıra yumşalmalarla əlaqədar Bakı Metropolitenində sərnişin sayı və axınında da müvafiq artım və dəyişikliklər baş verir.
Verilmiş qərarları diqqətdə saxlayan “Bakı Metropoliteni” QSC fevral ayından başlayaraq, monitorinqləri daha da sıxlaşdırılmış qaydada və verilmiş qərarların mümkün təsirləri nəzərə alınmaqla aparır. Stansiyalarda sərnişin sayı, sıxlığı, axını və istiqamətləri ilə yanaşı, girişdən platformaya qədər stansiyaların yüklənməsi, qurğuların fəaliyyəti, hərəkət qrafiki və buna müvafiq olaraq ventilyatorların iş qrafiki müntəzəm monitorinqlərin əsas tərkib hissələrindəndir.
Hazırda metropolitendə aparılmış monitorinqlərin nəticəsinə uyğun olaraq, gur saatlar 7:30-9:30 və 17:30-19:30 olaraq saxlanılır. Ehtiyat qatarların xəttə buraxılması ardıcıllığının müvafiq monitorinqləri əsasında, qatarların hərəkət qrafikinə müvafiq dəyişikliklər edilib. Bu məsələlər xüsusi nəzarət altında saxlanılır və günün saatlarına görə sıxlıq, sərnişin axını və s. araşdırma parametrlərinə uyğun zərurət yarandıqda, ehtiyat qatarlar xəttə buraxılır.
Ümumən, aprel ayı ərzində Bakı metropoliteni güzəştli və ödənişli olmaqla 17 milyon 894 min 748 sərnişin daşıyıb. Bu, orta statistik hesablama ilə gün ərzində 596 min 492 sərnişin deməkdir.
Ümumən mart və aprel aylarının iş günləri ərzində metropoliten orta hesabla gündəlik 600 mindən artıq sərnişin daşıyıb. İstirahət günlərində isə şənbə, bazar və bayram günlərinin xüsusiyyətlərindən asılı olaraq, bu rəqəm əsasən 300-500 min civarında dəyişir.
Ümumilikdə, metropoliten gün ərzində orta hesabla yanvar ayında 480 min 8, fevral ayında 517 min 32, mart ayında 525 min 112 sərnişin daşıyıb.