Mayın 1-dən etibarən xüsusi karantin rejimində tənəffüs yollarını qoruyan fərdi vasitələrdən (tibbi maska, parça maska, respirator və s.) istifadə tələbinin ləğv olunması insanlarda COVID-19 pandemiyasının başa çatması təəssüratını yaratdı. Bu səbəbdən bir çoxları vaksin tələbinin nəyə görə qüvvədə qalmasına dair suallar səsləndirir. Qarşıdakı dövrdə vaksin tələbi ləğv oluna bilərmi?
Məsələ ilə bağlı Teleqraf.com-un sorğusuna cavab olaraq Tibbi Ərazi Bölmələri İdarəetmə Birliyinin (TƏBİB) Strateji İnkişaf Departamentinin rəhbəri Yaqut Qarayeva bildirib ki, vaksinasiya prosesi davam edir.
Onun sözlərinə görə, vaksinasiyanın tamamilə dayandırılması haqqında heç bir tibbi əsas yoxdur:
"COVID-19 vaksin sertifikatları ilə bağlı məsələlər Nazirlər Kabinetinin qərarları ilə tənzimlənir. Bu baxımdan qarşıdakı dövrdə vaksin tələbinin aradan qaldırılması ilə bağlı yalnız Nazirlər Kabineti qərar qəbul edə bilər. Hazırda ölkəmizdə 3-cü doza buster vaksinasiya davam etməkdədir.
Qarşıdakı dövrdə COVID-19 infeksiyası digər respirator infeksiyalar kimi mövsümü xarakter daşıyarsa, mövsümü olaraq bu virusla mübarizədə xroniki xəstəlikləri olan, risk qrupuna aid insanlar yenə də peyvənd oluna və bu proses davam etdirilə bilər".
Nazirlər Kabinetindən soğrumuza cavab olaraq isə bildirilib ki, maska və bəzi karantin tələbləri aradan qaldırılıb, lakin vaksinasiyanın ləğvi ilə bağlı heç bir qərar yoxdur.