Turist kimi gedib tacir kimi qayıdanlar
Xaricə istənilən məqsədlə gedən əksər Azərbaycan vətəndaşı oradan boş qayıtmaq istəmədiyi üçün müəyyən alış-veriş edir. Bu, müxtəlif məqsədlər üçün həyata keçirilir. Kimisi özü və ya yaxınları üçün nəsə aldığı halda, kimisi də orada gördüyü məhsulları, əşyaları sırf satış məqsədi ilə əldə edir.
Başqa sözlə desək, belələri turist kimi ölkədən çıxaraq, tacir kimi geri qayıdırlar. İlk olaraq qeyd edək ki, turizm şirkətlərinin xidmətlər siyahısında “Şopinq turlar" da yer alır. Yəni sırf alış-veriş üçün xaricə gedənlər bu turlardan istifadə edə bilərlər. Amma bir çox hallarda belə niyyətdə olan şəxslər “Şopinq turlar"dan istifadə etmirlər.
“Xaricdə xərclənən üç milyard dollar"
İqtisadçı-ekspert Ruslan Atakişiyevin sözlərinə görə, xaricə gəzmək məqsədi ilə gedən Azərbaycan vətəndaşları hər il bu ölkələrdə üç milyard dollara qədər pul xərcləyirlər: “2010-cu ilə qədər xaricə səfər edən vətəndaşlarımızın sayı az idi. Lakin həmin ildən sonra vəziyyət kəskin dəyişdi və əcnəbi ölkələrə gedənlərin sayı xeyli artdı. Son illər əcnəbi ölkələrə səfər edən soydaşlarımızın sayı artdığına görə xərclənən vəsait də çoxalıb. Qeyd edim ki, xarici ölkələrə səfər edən həmvətənlərimiz pulu əsasən alış-verişə xərcləyirlər. Vətəndaşlarımız hər il xarici ölkələrdə üç milyard dollara qədər vəsait xərcləyir ki, bu da onların il ərzində əldə etdiyi gəlirinin 8 faizi deməkdir. Azərbaycanlıların gəlirlərinin il ərzində 40 milyard dollar olduğunu nəzərə alsaq, bu qədər pulun xərclənməsini kifayət qədər böyük rəqəm hesab etmək olar. Xüsusən də bu vəsait şopinq xətti ilə xaricdə sərf olunursa. Bunun isə səbəbləri var. Belə ki, adətən təchizatlçılar Avropada vitrinlərdən götürülmüş ötənilki, hətta inişilki məhsulları gətirərək burada yeni kolleksiya adı ilə satırlar. Bu səbəbdən də moda həvəskarları öz qarderoblarını əcnəbi bazarlardan doldurmağı üstün tuturlar".
Çin istehsallı İtaliya etiketli mallar
R.Atakişiyev onu da bildirdi ki, paytaxta gətirilən köhnə məhsullar xaricdə olduğundan qat-qat baha qiymətlərə satılır: “Bizim butiklərdə təmiz İtaliya istehsalı olan paltar aldığınıza əmin ola bilmirsiniz. Bakının lüks mağazalarında adətən Çində və ya başqa uzaq şərq ölkələrində istehsal olunan və üzərinə İtaliya etiketi vurulan mallar istehlakçılara təklif edilir. Avropada isə məhsulların keyfiyyətinə tələbat tamam fərqlidir. Bu da alınan məhsulların keyfiyyətinə zəmanət verir. Rusiyada orta hesabla 600 minə qədər azərbaycanlı miqrant yaşayır. Onlar qalmaq, yeməklə təchiz olunmaq üçün adambaşına orta hesabla 200 dollar xərcləyirsə, bu bir il ərzində 120 milyon dollar deməkdir. Xaricdə əmək fəaliyyəti ilə məşğul olan soydaşlarımız böyük vəsait qazansalar da, onun 75-80 faizi elə orada xərclənir. Bizim vətəndaşlarımız isə pulu burada qazansalar da, onu xaricdə xərcləyirlər ".
Keçmişdə qaldı
Azərbaycan Turizm Assosiasiyası sədrinin müşaviri Müzəffər Ağakərimov bildirib ki, “Şopinq turizm"i artıq keçmişdə qalıb: “Şopinq truzimi" 20-30 il əvvəl daha geniş yayılmışdı. Hər kəs çalışırdı ki, turist kimi getdiyi yerlərdə alış-veriş etsin. İndi əksinə, dünyada şopinq turizmi azalıb. Hazırda insanlar daha çox sağlamlıq və gəzinti turizminə üstünlük verirlər. Qiymətlər münasib olduğu üçün onlar əsasən Şərqi Avropa ölkələrinə, Gürcüstana, Rusiyaya, Avropa dövlətlərinə üz tuturlar. Bizim vətəndaşlar isə əsasən Türkiyəyə, Dubaya gedirlər".
İlhamə Əbülfət