8 May 2022 17:28
2 498
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ötən gün Milli Məclisin plenar iclasında “Əmək pensiyaları haqqında” Qanununa dəyişiklik edilməsi barədə qanun layihəsi ikinci oxunuşda müzakirəyə çıxarıldı.

Deputat Qüdrət Həsənquliyev dəyişikliklərin vətəndaşların vəziyyətini yaxşılaşdıracağı fikri ilə razılaşmayıb: “Yeni dəyişikliklərlə 10 uşaq anası olan vətəndaşa əvvəlki dövrlə müqayisədə daha az güzəştlər ediləcək. Qanuna əsasən, 10 uşağı olsa belə, qadınların pensiya yaşına 5 il güzəşt olunur. Xahiş edirəm aydınlıq gətirsinlər, bu dəyişikliyi etməklə nə qədər vəsaitə qənaət edəcəklər ki, çoxuşaqlı anaların pensiya yaşından tez pensiyaya çıxmasını bu cür əngəlləyirlər?”

Millət vəkili bildirib ki, Azərbaycanda əmək pensiyası yaşını Avropa ölkələri ilə müqayisə edirlər: “Avropa ölkələrinin böyük qismində pensiya yaşı bizdən aşağıdır. Bizimlə eyni olanlarda isə orta ömrün uzunluğu 83 ildir. Pensiyanın minimal həddi 240 manatdır ki, bu da azdır. Bu məbləği artırmaq lazımdır”.

Deputatı Əli Məsimli isə hesab edir ki, Azərbaycanda pensiya yaşı kişilər üçün 63, qadınlar üçün 60 yaş olmalıdır: “5 il əvvəl ölkədə pensiya təminatı sərtləşdirilib. Hazırda Azərbaycanda demoqrafik vəziyyət dəyişib. 5 və 5-dən çox uşağı olan ailələrin sayı azalıb. Biz artıq çoxuşaqlı ailələrin təminatını da müzakirə etməliyik".

Deputat Fəzail Ağamalı da qanun layihəsinin müzakirəsi zamanı yeni təkliflə çıxış edib. O bildirib ki, Azərbaycanda pensiya yaşı kişilər üçün 60, qadınlar üçün 55 yaş qəbul olunmalıdır. O hesab edir ki, bu, ən optimal yaş həddidir: “İnsan pensiyaya çıxandan 3-5 il sonra dünyasını dəyişir və qısa müddət pensiya alır. Burada haradadır ədalət, haradadır haqq? İnsanlar 60 yaşından sonra stress, hansısa çətinliklər nəticəsində kifayət qədər xəstəliklərlə yaşayır”.

İqtisadçı Pərviz Heydərov Teleqraf.com-a bildirib ki, çoxuşaqlı valideynlərin pensiyaya vaxtından əvvəl çıxması, eləcə də kişi və qadınların pensiya yaşının azaldılması ilə bağlı məsələlərə real yanaşmaq lazımdır.

O bildirib ki, yaşa görə pensiyaya çıxanların sosial sığorta ödənişlərini və digər maliyyə məsələlərini nəzərdən keçirmək lazımdır: “Çoxuşaqlı valideynin vaxtından əvvəl pensiyaya çıxmaq hüququnun təmin edilməsi prinsipcə mümkündür. 90-cı illərdə üç uşaq anasının vaxtından əvvəl, yəni 51 yaşında pensiyaya çıxması hüququ tanınırdı, sonradan uşaq sayı 5-ə qaldırıldı. Müharibə getmiş bir ölkədə hansı ki, itkilər vermişik və veririk, yəni əhalinin demoqrafik artımında maraqlı olduğumuz halda çoxuşaqlı sayı nəyə görə 5-ə qaldırıldı, bunu anlamıram. Hazırda 5 uşaqlı ailələr barmaqla sayılacaq qədərdir. Bunun üçün nə iqtisadçı, nə də sosioloq olmaq lazımdır. Ümumiyyətlə, getdikcə çoxuşaqlı ailələrin sayı azalacaq. 5-6 ildən sonra 5 uşaqlı ailəyə rast gəlinməyəcək.

“Əmək pensiyaları haqqında” qanuna təklif edilən son dəyişikliklərdə atalar da daha tez pensiyaya çıxa biləcəklər. Dəyişikliyə əsasən, beş və daha çox uşaq dünyaya gətirən analarla yanaşı uşaqları övladlığa və (və ya) qəyyumluğa götürüb onları səkkiz yaşınadək tərbiyə etmiş və böyütmüş qadınlar da 5 il daha tez pensiyaya çıxa biləcəklər. Digər tərəfdən, ana vəfat etdiyinə və ya ana ilə nikaha xitam verildiyinə, yaxud ana valideynlik hüququndan məhrum edildiyinə görə, 5 və daha çox uşağı və ya sağlamlıq imkanları məhdud uşağını növbəti nikah bağlamadan, təkbaşına səkkiz yaşınadək böyüdən atalar da tez pensiyaya çıxmaq hüququ əldə edəcəklər. Uşağın sayı çoxdursa, evin əsas gəlir mənbəyi də kişidirsə, onun vaxtından əvvəl pensiyaya çıxmasının nə mənası var?! Kişi gedib çörəyini qazanıb evini təmin etməlidir. Təklif edərdim ki, qanuna yeni dəyişiklikdə uşağın sayı beşdən üçə endirilsin, bu, optimal variantdır”.

Ekspert sığorta-pensiya sistemi deyilən bir mexanizmin varlığına da diqqət çəkib: “Bu sistem elə təşkil olunmalıdır ki, əhali yaşa görə pensiya alanda vəsait dövlət büdcəsindən ödənilməsin. Yəni vaxtilə əhalinin işlədiyinə görə ödədiyi sosial ayırmalara əsasən yığılan pensiya kapitalı hesabına ödənilsin. Təəssüf ki, Azərbaycanda hələ camaatın maaşı istənilən səviyyədə olmadığına görə, sosial ayırmalar hesabına yığılan pensiya kapitalı kimsəyə vaxtından əvvəl pensiyaya çıxmağa imkan yaratmır. Pensiya yaşı aşağı salınsa, bu zaman vətəndaşların pensiyası gərək dövlət büdcəsi hesabına ödənilsin. Bu da perspektivsiz bir məsələdir. Çünki ödədiyimiz sosial ayırmalar pensiya kapitalı kimi yığılır, toxunulmazdır. Amma dövlət büdcəsi hesabına pensiya alsaq, sabah fors-major hal baş verərsə, bu zaman dövlət bizim pensiyanı da azalda bilər.

Dövlət büdcəsi riskli bir şeydir, o, qlobal iqtisadiyyatın, eləcə də ölkə iqtisadiyyatının kənar təsirlərdən necə sığortalanmasına bağlıdır. Ona görə biz sığorta-pensiya sistemini elə təşkil etməliyik ki, yüksək səviyyədə sosial ayırmalar üzrə istənilən məbləğdə vaxtından əvvəl pensiya kapitalı yığaq. Bu zaman qadınların 55, kişilərin isə 60 yaşda pensiyaya çıxması barədə qanun qəbul olunsun. Amma hələlik ölkə iqtisadiyyatının vəziyyəti, əhalinin aldığı əməkhaqqının səviyyəsi buna imkan yaratmır. Ona görə də hazırkı pensiya yaşı qadınlar üçün 63, kişilər üçünsə 65-dir. Bu, real vəziyyətin diktəsidir. Qadınlar zərif cinsin nümayəndəsi olduğuna görə, hesablama aparıb onların yaş həddini 63 yox, 60 olması barədə qərar qəbul etmək olar. Amma real vəziyyəti hələlik pensiya yaşının aşağı salınmasına imkan vermir”.

Pərviz Heydərov statistik məlumatlara istinadən bildirib ki, əhalinin 41 faizi pensiya yaşına çatmamış vəfat edir: “Vəfat etmiş şəxsin pensiyasının vərəsəsi tərəfindən alması üçün qanuna düzəlişə ehtiyac var. Doğrudur, hazırda pensiya yaşının qadınlar üçün 63, kişilər üçünsə 65 olması real vəziyyətin diktəsidir. Amma bir məsələ var, vətəndaş 60 yaşa qədər külüng döyüb sosial sığorta ayırması ödəyir və müəyyən pensiya kapitalı yığır. İnsan ömrünə qarantiya yoxdur, şəxs pensiyaya çıxandan 3-5 il sonra vəfat edir. Sual olunur, bəs onun zəhmət çəkib yığdığı pensiya kapitalı necə olacaq. Bildiyimə görə, “Əmək pensiyaları haqqında” Qanunda bu məsələyə baxılacaq. Vəfat etmiş vətəndaşın pensiya kapitalını onun varislərindən bir ala bilər, amma yüksək səviyyədə ədalətli bir mexanizm hazırlamaq şərtilə. Bu, olduqca vacibdir. Çünki heç kəsin kiminsə yığdığı sosial ayırmaları almağa haqqı çatmır. Ona görə hər bir vətəndaşın işlədiyi müddətdə yığdığı pensiya kapitalı dünyasını dəyişəndən sonra birinci dərəcəli yaxınına çatmalıdır”.

Azərbaycanda yaşa görə pensiya alanların ümumi sayının 708 min nəfərdən çox olduğunu nəzərə alsaq, pensiya yaşının azaldılması dövlət büdcəsi üçün əlavə yük formalaşdırmaz...

Analitikin müşahidələrinə əsasən, 70-60-cı illərdən fərqli olaraq hazırda əhalinin orta yaş həddi yüksəlib: “Hər kəsin işləmədiyini də yaddan çıxarmamaq lazımdır. Amma dövlət pensiya yaşına çatmış vətəndaşını da diqqət kənarda qoymur. Doğrudur, bunun adı pensiya deyil, sosial müavinətdir. Yəni vətəndaş heç bir yerdə işləməyibsə, əmək müqaviləsi olmayıbsa, 63 yaşa çatanda o, kənarda qalmamalıdır. Sosial müavinətin məbləği 180 manatdır. Simvolik də olsa, dövlət bu vətəndaşlarına da sahib çıxır. Bəs dövlət bu kapitalı haradan yığır? Məlumdur ki, sosial müavinət başqa vətəndaşın pensiya kapitalı hesabına ödənilmir. Hətta vəfat edənlərin olduğunu düşünsək belə, işləməyənlərin sosial müavinətlərinin hamısını ödəmək mümkün deyil. Buna görə də sosial müavinətin məbləği aşağıdır. Minimum pensiya məbləği 240 manatdır, problem olmayanda pensiya yaşına çatmış şəxsə bu məbləğ avtomatik təyin olunur. O zaman nəyə görə sosial müavinət 240 manat yox, 180 manatdır? Çünki dövlətin buna imkanı yoxdur. Deyə bilərlər ki, neft satırıq oradan gələn gəlirdən yararlanmaq olar. Amma bu vəsaiti pensiya formasında vətəndaşa vermək düzgün deyil, bu, dövlətin iqtisadi-siyasi, hərbi təhülkəsizliyi baxımından toplanan ehtiyatlardır. Yəni iqtisadiyyat gərək o qədər yüksək səviyyədə inkişaf etsin ki, yaxud da ərəb ölkələri kimi o qədər çox enerji resursuna malik olasan ki, vaxtından əvvəl pensiya yaşından, sosial müavinətin məbləğindən danışa biləsən”.


Müəllif: Yeganə Oqtayqızı

Oxşar xəbərlər