Norveçdəki “Can Azərbaycan” diaspor təşkilatının sədri, kral ailəsi üçün geyimlər hazırlayan məşhur modelyer və “Shervin Najafpur” moda evinin təsisçisi Şervin Nəcəfpur Teleqraf.com-a danışaraq millət vəkillərinin geyim üslubunu dəyərləndirib.
Özünün də dediyi kimi geyim tərzi zəngin mənəviyyatın, mədəniyyətin və yüksək intellektin göstərisicidir. Bəs görək Şervin Nəcəfpur Milli Məclis üzvü olan tanınmış xanımların geyim tərzini necə qiymətləndirib?
Milli Məclisinin Sədri, Sahibə Qafarova - (67 yaş): “Evlidir, iki övladı var".
Şervin Nəcəfpur: "Möhtəşəm geyim tərzi var, çox zövqlü xanımdır. Daim onun zövqünü alqışlayıram. Seçimləri ona çox yaraşır, həcmli parçalardan istifadə edir. Modaya olan sevgisi hiss olunur. Geyim tərzini, seçimlərini, aksessuar istifadə etməsini, rəng seçimlərini və s. çox bəyənirəm. Sahibə xanıma mirvari boyunbağı çox yaraşır, onun yaşına, fəaliyyətinə və geyim tərzinə uyğundur. İstifadə elədiyi kostyumlarının kəsimləri gözəldir".
Millət vəkili Ülviyyə Ağayeva - (43 yaş): “Evlidir, iki övladı var".
Şervin Nəcəfpur: "Ülviyyə xanımın geyim üslubu rəsmi, klassikdir. Canlılıq və qadınsal şttrixlər azdır. Hiss olunur ki, dəb mövzusunda bilgiləri zəifdir. Bu sahədə ciddi bir məsləhətçiyə ehtiyacı olduğunu düşünürəm. Bir çox hallarda seçdiyi geyimlər, geyim tərzi onu yaşından xeyli böyük göstərir. Geyim tərzinə baxanda inanmaq olmur ki, onun cəmi 43 yaşı var. Bəllidir ki, çox sıx və zəngin iş qrafiki var. Amma qadın heç bir halda qadın olduğunu unutmamalıdır".
Millət vəkili Əminə Ağazadə - (42 yaş): “Evlidir, bir övladı var”.
Şervin Nəcəfpur: "Tərzini çox bəyəndim, rəsmi, amma özünəməxsus geyimlər ona çox yaraşır. Saç və makiyajı çox gözəldir, geyim seçimində gözəl rəng kombinləri edir. Geyim tərzində kiçik, incə, amma zövqlü detallardan istifadə edir. Geyimində bayraq nişanları mükəmməldir!".
Millət vəkili Nigar Arpadarai- (40 yaş): “Evlidir, iki övladı var”.
Şervin Nəcəfpur: "Nigar xanımın geyim tərzi daha modern və rənglidir. Rəsmi geyim üslubunu modern geyimlərlə sintez etməyə çalışır. Öz dəbini və tərzini formalaşdırıb. Amma mükəmməl deyil. Bizi beynalxalq platformalarda təmsil edir. Məhz buna görə geyimlərində etnik simvollar, milli elementlər görmək istəyərdim. Bu, nişan və ya Azərbaycanın ipək kəlağayıları və s. ola bilər".
Millət vəkili Tamam Cəfərova - (63 yaş) : “İki övladı var”.
Şervin Nəcəfpur: "Onun geyim tərzi diqqətçəkicidir, hiss olunur ki, geyimlərə çox pul xərcləyir. İdeal deyil. Həcmli parçalar istifadə edir və hiss olunur ki, kostyumlarını daha çox tikdirir. Minimalizmdən uzaqdır. Geyimlərində bayraq nişanları diqqətimdən qaçmadı".
Millət vəkili Jalə Əhmədova - (41 yaş): “Evlidir, iki övladı var”.
Şervin Nəcəfpur: "Zövqlü geyim tərzi var, geyimi ilə diqqəti öz üzərinə çəkə bilir. Tərzi rəsmi, klassik və mühafizəkardır. Yerinə görə uyğun seçimlər edir. Onun geyim tərzi ilə yaxından tanış olma fürsətim olub. Məsələn, gənclərlə görüşən zaman daha çox idman üslubuna üstünlük verir. Qazi və şəhid ailələri ilə görüşən zaman sadə geyim tərzi seçir. Məncə, bunu qiymətləndirmək lazımdır. Çünki bir çox insan “full qlamur” geyimdə şəhid ailələləri ilə görüşür və səmimi görünmürlər. Jalə xanım isə harada necə geyinməyi bacarır. Geyimlərində bayraq nişanları isə gözdən qaçmır".
Millət vəkili Jalə Əliyeva - (55 yaş): “Bir övladı var”.
Şervin Nəcəfpur: "Seçimində qarışıqlıq var. Son illər daha çox klassik geyimlərə üstünlük verir. Rəngli paltarlar geyinir. Amma deməzdim ki, zövqlü seçimlər edir. Geyimlərini müəyyən qədər “pattern” hesab etmək olar. Öz tərzi ilə fərqlənir. Bədən quruluşu gözəl geyinməyə imkan verir. Modelyerlərlə məsləhətləşməsi yaxşı olardı. Belə görünüşlü bir xanımdan daha çox milli və etnik simvollardan istifadə etməsini gözləyərdim".
Millət vəkili Kamilə Əliyeva - (54 yaş): “Evlidir, iki övladı var”.
Şervin Nəcəfpur: "Hiss olunur ki, Kamilə xanım dəbə üstünlük vermir. Mirvari 2008-ci ildə dəbdə idi, o tərzi davam etdirməsi anlaşılan deyil. Fikrimcə, köhnə geyim üslubu var. Sanki millət vəkili olmasının, gözlərin onun üzərində olmasının fərqində deyil. Gözəl qadındır, amma geyim tərzi onu daha yaşlı göstərir. Məncə, avropalı qadın parlamentariləri izləsə, xeyli şey öyrənə bilər".
Millət vəkili Sevinc Fətəliyeva - (42 yaş): “Evlidir, iki övladı var”.
Şervin Nəcəfpur: "Geyim tərzini çox bəyəndim. Rəngli kostyumlar və minimalist stil ona yaraşır. Geyim tərzi zamanla formalaşaraq daha da zövqlü olub".
Millət vəkili Hicran Hüseynova - (66 yaş): “Evlidir, iki övladı var”.
Şervin Nəcəfpur: "Özünəməxsus sadə geyim tərzi var. Ona daha çox sadə rənglər yaraşır. Özünə yaraşanı geyməyə və rəngləri qabartmamağa çalışır. Saç rənginə gəlincə, nisbətən açıq rənglərə üstünlük verməsi məsləhətdir. Milli atributumuz olan ipək kəlağayı istifadə etməsi tam ürəyimcə oldu".
Millət vəkili Sevinc Hüseynova - (52 yaş): “Evlidir, bir övladı var”.
Şervin Nəcəfpur: "Yaşından böyük görünür. Hiss olunur ki, dəb onun üçün əhəmiyyətli və maraqlı deyil. Rəsmi geyimə üstünlük verir. Sevinc xanımı daha "feminin" görmək istəyərdim. O, sadə makiyaj, bədəninə və rəng kompleksinə yaraşan geyimlərə üstünlük versə, yaxşı olar. Millət vəkili olmasının, Azərbaycanı təmsil etməsinin fərqində olmalıdır".
Millət vəkili Ülviyyə Həmzəyeva - (39 yaş): “Evlidir, bir övladı var”.
Şervin Nəcəfpur: "Geyim tərzini qiymətləndirməkdə çətinlik çəkdim. Deputat, yoxsa şou-biznes nümayəndəsidir, anlamaq olmur... Ülviyyə xanım düzgün geyim tərzi ilə daha gözəl və incə görünüşə sahib ola bilər. Düzgün seçim etmədiyi üçün yaşlı görünür. Əvvəlcə şəkillərinə baxarkən düşündüm ki, yaşı 45-dən yuxarıdır, amma əslində 39 yaşı var".
Afət Həsənova Əbil qızı - (61 yaş): “Evlidir, iki övladı var”.
Şervin Nəcəfpur: "Geyim tərzini çox bəyəndim! Yaşına uyğun və həcmli parçalar istifadə edir. Hiss olunur ki, geyimə diqqət ayırır. Geyimləri mağaza geyimləri deyil və onun bədəninə uyğun xüsusi tikilir. Rəsmi geyimləri zövqlü və moderndir. Amma geyimlərində milli simvollardan çox az istifadə etməsi diqqətimdən qaçmadı. Bayraq nişanı haradadır?! Ən azı Milli Məclisdə bunu istifadə eləməlidir”.
Millət vəkili Səbinə Xasayeva - (29 yaş): “Evlidir, bir övladı var”.
Şervin Nəcəfpur: "Yaşına uyğun seçimlər etmir. Geyim tərzi 40 yaş üzərindədir, seçdiyi rənglər və geyim çizgiləri onu boğur. Kombinlərini başa düşmək mümkün deyil. Özünəməxsus geyim tərzi yoxdur. Necə gəldi elə geyinir, məhz rəsmi olsun. Amma 29 yaşında gənc xanımdır, daha canlı rənglər və gözəl bədən quruluşuna yaraşan geyim tərzi seçə bilər. Geyimlərində bayraq nişanı diqqətimdən qaçmadı. Geyim tərzini başa düşməkdə və bəyənməkdə çətinlik çəkdim. Gənc və gözəl xanımdır. Çəkisi çox deyil. Amma düzgün geyinmədiyinə görə görünüşündə harmoniya yoxdur. Yaşına uyğun geyinsə, daha zövqlü görünə bilər".
Millət vəkili Məlahət İbrahimqızı - (63 yaş): “Evlidir, iki övladı var”.
Şervin Nəcəfpur: "Rəsmi üslubu var, yaşına uyğun geyinir. Rəng seçimi yaxşıdır, üslübları da daha gözəl ola bilər. Sarı saçlar ona daha çox yaraşardı”.
Millət vəkili Pərvin Kərimzadə - (46 yaş): “Evlidir, iki övladı var”.
Şervin Nəcəfpur: "Qara rəng və rəsmi geyim tərzinə sevgisi hiss olunur. Bir az daha canlı rənglərdən istifadə edə bilər. Bu seçim ona çox yaraşacaq. Aksessuarladan istifadə etməsini, daha modern tərz seçim etməsini istəyərdim".
Millət vəkili Sevil Mikayılova - (47 yaş): “Bir övladı var”.
Şervin Nəcəfpur: "Çox səliqəli geyim tərzi var, klassik, rəsmi və yaşına uyğundur. İpək kəlağaylarımızı istifadə etməsi diqqətimdən qaçmadı. 70/30 geyim üslubunu istifadə edir ".
Millət vəkili Aqiyə Naxçıvanlı - (72 yaş):“Evlidir, iki övladı var”.
Şervin Nəcəfpur: "Tərzi ilə fərqlənir və seçilir. Cəsarətli geyim tərzi var. Rəngli paltarlara üstünlük verir. Hiss olunur ki, geyim onun üçün vacibdir, amma daha zövqlü geyinə bilər".
Millət vəkili Könül Nurullayeva - (36 yaş): “Evlidir, bir övladı var”.
Şervin Nəcəfpur: "Demək olar ki, Könül xanım deputatlar içində ən çox bəyəndiyim tərzə sahib olan bir xanımdır. Çünkü o, öz tərzini tapıb, dəbi təqib etmir. Özünə yaraşanı geyinir və bunu çox səliqəli şəkildə edir. Cəsarətli geyim tərzi var, rənglərdən çox istifadə edir. Bahalı brendlərə üstünlük verir. Hiss olunur ki, özünü sevir və buna görə şopinq etməkdə xəsislik etmir. Aksessuarları da geyimlərinə uyğunlaşdırır. Bu, ona yaraşır. Geyimləri onu daha da gənc göstərir. Açığı, Milli Məclisdə belə dəbli bir xanımı görmək xoşdur. Tərzi darıxdırıcı deyil, amma seçiçilərlə, xüsusən, şəhid və qazi ailələriylə görüşə gedəndə daha sadə seçim edə bilər".
Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva - (47 yaş): “Subaydır”.
Şervin Nəcəfpur: "Qənirə xanım demək olar, geyimlərində daha çox milli və etnik elementlərə diqqət ayıran xanımdır. Başqa kimsə onun qədər bu nüanslara diqqət etmir. Özünəməxsus stili var, bəzən dəb qurbanı ola bilər, amma onun istiqanlılığı, səmimiyyəti, işgüzarlığı və sadəliyi bunu çox qabartmır. O, gənc modelyerlərə də çox diqqət ayırır. Bəzən tərzi olmayan geyim seçimi edir, bu da məhz dəstək məqsədlidir. Səfər etdiyi ölkədə çalışır ki, onların da milli geyim və simvollarına hörmətlə yanaşsın. Buna görə Qənirə xanımı alqışlamaq istəyirəm. Qənirə xanım nə geyinirsə-geyinsin, onun gülüşü ən dəbli aksessuarıdır".
Millət vəkili Sədaqət Vəliyeva - (67 yaş): “Evlidir, bir övladı var”.
Şervin Nəcəfpur: "Klassik geyim tərzi var. Yaşına uyğun səliqəli geyinir. Həcmli parçalardan istifadə edir, kostyumlarının iç geyimində bir az daha yaxşı ipəklərdən istifadə edə bilər. İstifadə elədiyi kostyumlarının kəsimləri gözəldir, amma bir çox hallarda aşırı parlaqlıq və düzgün seçilməyən aksessuarlar sual yaradır"...
Millət vəkili Fatma Yıldırım - (49 yaş): “Evlidir, iki övladı var”.
Şervin Nəcəfpur: "Bəzi seçimləri mənə çox ağır gəldi, onu sərt, yaşlı göstərir və rəngini boğur. Stilində arxaiklik hiss edilir. Bir az daha yumşaq rəng və parçalardan istifadə etməsini görmək istəyərdim. Gözəl xanımdır, amma yanlış seçimləri görünüşünə kölgə salır. Məncə, onun da yaxşı bir stilistə ehtiyacı var. Qarderobunu boşaltmalı və tamamilə yeniləməlidir".