Bu gün respublikamızın hər yerində, eləcə də dünyanın müxtəlif ölkələrində müasir müstəqil Azərbaycan dövlətinin qurucusu və memarı, böyük azərbaycanlı, dahi şəxsiyyət Heydər Əliyevin anadan olmasının 99 illiyi qeyd olunur. Çoxəsrlik dövlətçilik ənənələrinə malik olan xalqımızın tarixində Ümummilli Liderimizin şəxsiyyəti, onun siyasi və idarəçilik fəaliyyəti müstəsna yer tutur. Xalqımız tarixboyu arzuladığı milli dövlətçilik amallarını məhz Heydər Əliyev epoxasında gerçəkləşdirərək dayanıqlı müstəqil Azərbaycan dövlətini qura bilmişdir. Müasir Azərbaycan tarixinin 30 ildən artıq bir dövründə respublikamıza rəhbərlik etmiş Heydər Əliyev dövlətçilik salnaməsində elə bir irs yaratmışdır ki, onun öyrənilməsinə, təbliğinə və tətbiqinə hələ uzun illər böyük ehtiyac olacaq. Bu irs heç zaman tükənməyəcək. Ulu Öndər hər birimiz üçün nümunədir.
Teleqraf.com xəbər verir ki, bu sözləri Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri, hüquq üzrə fəlsəfə doktoru Çingiz Qənizadə söyləyib.
Hüquq müdafiəçisi deyib ki, xalqımız bugünkü firavan həyata, müstəqilliyimizin əbədi və dönməz olmasına, Azərbaycanın dünyanın inkişaf etmiş dövlətləri sırasına qoşulmasına görə ulu öndər Heydər Əliyevə borcludur. Əgər 1993-cü ildə Ulu Öndər xalqın təkidli tələbi ilə siyasi hakimiyyətə gəlməsəydi, kim bilir, indi respublikamız hansı acınacaqlı vəziyyətdə düşmüşdü. Ana dilimiz, milli-mənəvi dəyərlərimiz, adət-ənənələrimiz məhv olmaq üzrə idi. Hər zaman Azərbaycan xalqının mənafeyini düşünən Heydər Əliyev azərbaycanlı olması ilə fəxr edirdi. Dahi rəhbərin “Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam” müdrik kəlamı dillər əzbəri olmuş, hər bir azərbaycanlının iftixarla səsləndirdiyi şüara çevrilmişdir. Xalqın inamını qazanan, insanları arxasınca apara bilən liderin vəzifəsi dövləti qorumaq, xalqla bir yerdə olmaq, ən ağır, ən çətin məqamlarda öndə olmaqdır. Məhz Heydər Əliyev kimi. Ulu Öndər belə bir şəxsiyyət idi. O, tarixi yaradan liderdir.
Ç.Qənizadə ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu milli dövlətçilik ideyasının özündə real müstəqillik, suverenlik, milli-mənəvi dəyərlərə bağlılıq və müasir inkişaf kimi vacib prinsipləri üzvi şəkildə birləşdirməsindən söhbət açaraq bildirib ki, xalqımız, eləcə də dünya ictimaiyyəti 44 günlük Vətən müharibəsi zamanı bunun əyani şahidi oldu. Müstəqillik illərində əldə edilmiş milli birliyimiz, mənəvi-ideoloji vəhdətimiz bizim ən qiymətli sərvətlərimizdən biridir! Bu gün Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması, Şuşada, eləcə də işğaldan azad edilmiş digər ərazilərimizdə qürurla dalğalanan dövlət bayrağımız, möhkəm təməllər üzərində qurulmuş milli dövlətçiliyimiz, əbədi və dönməz olan müstəqilliyimiz dünya xalqları arasında öz layiqli yerimizi tutmaq naminə apardığımız 30 illik mücadilənin qürur doğuran bəhrəsi və məntiqi nəticəsidir. Vətən müharibəsində qazandığımız şanlı Qələbə Azərbaycanı dünyada qalib ölkə kimi tanıdıb. Bütün bunlar Heydər Əliyev siyasi kursunun təntənəsidir.
Komitə sədri diqqətə çatdırıb ki, Azərbaycanın bugünkü inkişaf mərhələsinə çıxmasını şərtləndirən əsas amil tarixin həlledici məqamında ölkədə və dünyada baş verən mürəkkəb proseslərin mahiyyətini dəqiq qiymətləndirməyi və bu prosesləri milli mənafelərin tələb etdiyi aydın bir istiqamətə yönəltməyi bacaran ümummilli lider Heydər Əliyev kimi siyasi liderin mövcudluğu olub. Ç.Qənizadə 1990-cı illəri və müstəqilliyimizin ilk dövrünü xatırladaraq deyib ki, son dərəcə ağır, bir çox hallarda hətta ümidsiz hesab edilən zamanlardakı reallıqlarla müasir Azərbaycan dövlətinin dünyadakı hazırkı yerinin müqayisəsi ümummilli lider Heydər Əliyevin Azərbaycan dövləti qarşısında nə qədər böyük xidmətlərinin olduğunu göstərir. Həmin dövrdə Azərbaycan öz müstəqilliyini mərd oğul və qızlarımızın qanı bahasına bərpa etsə də, o vaxt tez-tez bir-birini əvəz edən hakimiyyət hərislərinin səriştəsizliyi və dövlət idarəçiliyindəki naşılığı ucbatından Azərbaycan qardaş qırğını, vətəndaş qarşıdurması həddinə çatmışdı. Lakin Ulu Öndərin siyasi hakimiyyətə qayıdışından sonra həyat tədricən öz axarına düşdü. Ümummilli Lider dünyada və regionda cərəyan edən proseslərin təhlükəli məcraya yönəldiyi vaxtda sanki zamanı dayandırmaqla hər şeyi ilkin nöqtədən başlamağı bacardı. Bu, Ulu Öndərin dövlət idarəçiliyindəki zəngin təcrübəsinin bəhrəsi idi.
Hüquq müdafiəçisi bildirib ki, Ulu Öndərin təklif etdiyi milli dövlət quruculuğu və müasir inkişaf strategiyası özündə bir sıra vacib komponentləri birləşdirirdi. Bunlar müstəqilliyin təmin edilməsi və müstəqil siyasətin həyata keçirilməsindən, ictimai-siyasi sabitlikdən, hərtərəfli inkişaf və güclü iqtisadi islahatlardan, müasir cəmiyyət və güclü ordu quruculuğundan ibarət idi. Bunlarla yanaşı, beynəlxalq münasibətlər sisteminə inteqrasiya, azərbaycançılıq ideologiyasına əsaslanan milli birlik və həmrəylik, milli ənənələrə və tarixi köklərə bağlılıq da Ulu Öndərin həyata keçirdiyi siyasətin prioritetini təşkil edib. Məhz bu müdrik siyasət sayəsində Azərbaycan regionun ən etibarlı və güclü dövlətlərindən biri kimi özünü dünyaya təqdim etməyə müvəffəq oldu.
Ç.Qənizadə deyib ki, ulu öndər Heydər Əliyevin tariximizdə son dərəcə böyük dəyər kəsb edən xidmətlərindən biri də onun yalnız milli inkişaf strategiyasını həyata keçirməklə kifayətlənməməsi, siyasi-ideoloji varisliyin qorunub saxlanılması oldu. “Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm”. Ulu öndər Heydər Əliyevin 2003-cü ildə xalqa müraciətində əksini tapan bu fikirlər İlham Əliyevin 2003-cü il oktyabrın 15-də keçirilən prezident seçkilərində qələbəsinə, son 19 ildə həm daxili, həm də xarici siyasətdə gördüyü işlərə, bu müddət ərzində Azərbaycanın əldə etdiyi uğurlara, ən əsası, dövlətimizin başçısının ölkəmizdə keçirilən prezident seçkilərində dəfələrlə uğur qazanmasına və respublikamızın dünya miqyasında reytinqinin yüksəlməsinə bələdçilik edir. Prezident İlham Əliyev Ulu Öndərin milli dövlət quruculuğu strategiyasını çağdaş dövrün yeni reallıqlarından qaynaqlanan, qloballaşan dünyanın mürəkkəb iqtisadi və siyasi şərtlərini nəzərə alan, çoxqütblü nizama keçidin özü ilə gətirdiyi mənfi təzahürləri neytrallaşdırmağa əsas verən ideyalarla zənginləşdirdi və müstəqil, düşünülmüş və prinsipial siyasət yürütdü. Bu siyasət Azərbaycanı dünyada qalib ölkə kimi tanıtdı. Məhz Prezidentimizin polad iradəsi, məntiqli siyasəti sayəsində Azərbaycan Ordusu Ermənistanın 30 illik işğalçılıq siyasətinə son qoydu və işğaldan azad edilmiş bütün ərazilərimizdə dövlət bayrağımızın dalğalanmasına nail oldu. Bu tarixi Qələbə təkcə Ermənistan üzərində deyil, həm də dünya erməniliyi, ermənipərəst qüvvələr üzərində qazanıldı.
Komitə sədri 2020-ci ildə 44 günlük Vətən müharibəsində qazandığımız tarixi Zəfərdən danışaraq bildirib ki, bu müharibədə əldə etdiyimiz parlaq Qələbə mahiyyət etibarilə ümummilli lider Heydər Əliyevin müəyyənləşdirdiyi və Prezident İlham Əliyevin daha da təkmilləşdirərək müasirləşdirdiyi milli dövlətçilik strategiyasının ən böyük təntənəsi oldu! Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun Vətən müharibəsində əldə etdiyi möhtəşəm Zəfər xalqımızı, dövlətçiliyimizi məhv olmaqdan xilas edərək sabit inkişaf yoluna çıxarmış ümummilli lider Heydər Əliyevin güclü, müstəqil, suveren Azərbaycan naminə başladığı və dövlətimizin başçısının uğurla başa çatdırdığı milli inkişafımızın taleyüklü, şanlı bir mərhələsidir.