“Şuşalılardan xatirə” layihəmizdə budəfəki yazı II Dünya müharibəsində əsir düşən, Azərbaycan legionunda fəaliyyət göstərən, Türkiyədə milli mövzularda pyeslər yazan Abay Dağlının bir xatirəsi haqqındadır.
***
Mühacirətşünas alim Nikpur Cabbarlının yazdığına görə, Mirzə Abay Dağlı (Cəmil İbrahim oğlu Ağayev) 1906-cı il yanvarın 27-də Şuşada çilingər ailəsində doğulub, ilk təhsilini şəhər realnı məktəbində alıb. 1929-1932-ci illərdə Şəmkir rayonunda müəllimlik edən Cəmil Ağayev ali pedaqoji təhsil almaq məqsədilə Bakıya gəlib, Azərbaycan Dövlət Pedaqoji İnstitutunun dil-ədəbiyyat şöbəsinə daxil olub. 1936-cı ildə ali məktəbi bitirən C.Ağayev təyinatla Nuxaya göndərilib, 1940-cı ilin fevralına qədər burada Stalin adına pedməktəbdə Azərbaycan dili və ədəbiyyatı müəllimi işləyib. Bu illərdə “Gənc işçi”, “Kommunist”, “Gənc pedaqoq” qəzetlərində müxtəlif yazılarla çıxış edib. 1940-cı ilin mayında Bakıya gələn C.Ağayev N.Gəncəvi adına Azərbaycan Ədəbiyyatı Muzeyində kiçik elmi işçi vəzifəsinə qəbul olunub. Bir müddət burada çalışdıqdan sonra 1941-ci il avqustun 15-də ştat ixtisarı ilə əlaqədar işdən azad edilən gənc araşdırıcı həmin il oktyabrın 25-dən Sumqayıt rayonunda 94 saylı orta məktəbdə dil-ədəbiyyat müəllimi kimi yenidən pedaqoji fəaliyyətə qayıdıb. Bir müddət sonra səfərbərliyə alınaraq cəbhəyə göndərilən C.Ağayev alman cəbhəsində ruslara qarşı savaşıb. Müharibədən sonra 1947-ci ilin axırlarına qədər Münxendə yaşayıb, burada “Onlar türklərdi” memuar romanını yazmağa başlayıb. Həmin əsər 1951-ci ildə Ankarada Rəna gizli imzasıyla nəşr olunub. Həmin ilin sonlarında Türkiyəyə gəlib, ömrünün axırlarınadək burada yaşayıb, Mustafa Kamal Atatürk, Sakarya müharibəsi, Kıbrıs və s. mövzularda əsərlər qələmə alıb. 1989-cu ildə vəfat edib.
Abay Dağlı Azərbaycan və Şimali Qafqaz mühacirlərinin çıxardığı jurnallarla əməkdaşlıq edib. Onun “Azərbaycan”, “Mücahit” dərgilərində şeirləri işıq üzü görüb. Müharibə və əqidə yoldaşı Mustafa Haqqı Türkəqul onun qəzəllərini Türkiyədə kitablaşdırıb.
Təqdim etdiyimiz bu yazı şuşalı Abay Dağlının Qafqaz qəhrəmanı Şeyx Şamil haqqında qələmə aldığı məqaləsidir. Yazı 1978-ci ildə “Kuzey Kafkasya” jurnalında işıq üzü görüb. Dərginin həmin sayında A.Dağlının Qafqazla bağlı şeiri də dərc olunub. Həm məqaləni, həm də şeiri təqdim edirik:
***
Evlərimizdə Şeyx Şamil rəsmləri
Doğulduğum Azərbaycanda yerləşən Kiçik Qafqaz dağları Böyük Qafqaz dağlarımızın güneyindədir. Aydın havalarda uca təpələrə çıxıb güneydən quzeylərə doğru baxar və böyük sıra dağlarımızın buludlara qarışmış bəyaz zirvələrini zövqlə seyr edərdik. Xüsusi məktəbdə Qafqaz coğrafiyasını hər zaman quzeydə yüksək səmalara baxa-baxa öyrənmişdik. Tariximizdə isə ən başda öyrəndiyimiz isim böyük Şeyx Şamildi.
Ailələrimizdə Şeyx Şamil bütün əzizlərimizlə birgə xatırlanırdı. Bu fərqlə ki, dini əzizlərimizin rəsmləri olmazdı. Milli əzizimiz Şeyx Şamilin rəsmi isə hər kültürlü ailənin salondakı divarlarını bəzəyərdi.
Qafqaz müharibələri bitdikdən sonra Şeyx Şamil çar Rusiyasında bir düşmən qəhrəmanı kimi qarşılanmışdı. Türk evlərində onun rəsmlərinin mövcudluğuna əngəl ola bilmirdilər. Bizim evimizdə də böyük çərçivəli rəsmi vardı.
Təhsildə irəliləyib milli şüurumuz artdıqca böyük Şeyx Şamil nəzərimizdə Elbrus və Kazbeklər qədər ucaldı. Evimizə gələn xüsusi müəllimimizə onun haqqında yeni-yeni suallar soruşurdum. Qəlbi milli həyəcanla dolu olan sevimli müəllimim çarizm Rusiyasının müstəmləkəçiliyindən danışır, bu qanlı istilaya qarşı Şeyx Şamilin bənzərsiz qəhrəmanlığını xatırladırdı. Onun təsiri ilə həm milli ruhda yetişmiş, həm də böyük Şeyx Şamilə heyranlığım xeyli artmışdı. Formalaşan şairlik zövqümlə yazdığım ilk şeirlərimdən biri belə idi:
İnsanlıq bilir, tarix bilir.
Dağlarda böyük bir insani-kamil.
Hələ də dağlarımdan səsi gəlir
Əyilməz bir dağdı böyük Şeyx Şamil.
İlk şairlik həvəsimdən sonra pyes yazmağa başlayarkən, xüsusilə Batı Avropa ölkələrində öyrəndiyim səhnə texnikası təcrübələrimə güvənərək böyük Şamilimizi səhnədə canlandırmağı planlamışdım. Artıq belə bir pyesi yazmaqdayam.
***
Qafasiyam
Dağdan-dağa yansıyır könüllər təranəsi,
Tarixdə dildən-dilə Qafların əfsanəsi.
O qarlı zirvələrdən böyük Şamilin səsi:
Dağlarım, daşım, qayam
Gözümdə parlaq ziyam
Ey əziz Qafqasiyam!
Səmalara ucalır bəmbəyaz zirvələrin,
Bir könül heyranısan o ülvi səmaların,
Elbrus, Kazbek sənin səmavi gözəllərin:
Dağlarım, daşım, qayam
Gözümdə parlaq ziyam
Ey əziz Qafqasiyam!
Gəncliyimi yaşatdın o təmiz nəfəsinlə,
İndi ey dağlar yurdum, məni bir ləhzə dinlə,
Bu həsrətlər içində ruhum, qəlbim səninlə:
Dağlarım, daşım, qayam
Gözümdə parlaq ziyam
Ey əziz Qafqasiyam!
Qaynaq: