Sağlam həyat tərzində diqqət yetirilməli məqamlardan biri də qidalanmadır. Çoxları bilir ki, sağlam qidalanmada ağ şəkərə yer yoxdur. Bu səbəbdən şəkər ehtiyacını təbii yolla ödəmək üçün insanlar quru meyvələrə üz tuturlar. Lakin bu sahədə də bəzən işbazların əməlləri öndə olur. Məsələn, satışda olan quru meyvələr, xüsusilə xurmalar şərbətə batırılaraq satılır. İnsanlar isə məlumatlı olmadıqları üçün təbii şəkər adı ilə bu xurmaları istehlak edirlər. Bəs bunun qarşısı niyə alınmır? Həmin qidaların insan orqanizmi üçün hansı təhlükələri var?
Teleqraf.com mövzunu araşdırıb.
“Qanunvericilik keyfiyyət məsələsini arxa planda saxlayıb”
Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov bildirib ki, quru meyvələrin bu kimi təqdimatı daim mövcud olub. Onun fikrincə, başlıca səbəb ölkədə qidanın keyfiyyətinin yoxlanılmasına diqqət ayrılmamasıdır: “Xurma, qarpız kimi şirin məhsulların şərbətə batırılması, rənglənib satışa çıxarılması hallarına daim rast gəlinib. Bu baxımdan ölkəmizə xaricdən gətirilən, açıq satılan xurmaların şəkər suyuna batırılıb satılması istisna olunmur.
Qida Təhlükəsizliyi Agentliyi (AQTA) qidanın təhlükəsizliyinə cavabdehdir. Lakin təhlükəsiz qida keyfiyyətsiz də ola bilər. Ölkədə keyfiyyət məsələsi masa üzərində qalıb, bu mövzu ilə heç kəs məşğul olmur. Qanunvericilik keyfiyyət mövzusunu arxa planda saxlayıb, yalnız qidanın təhlükəsizliyi üzərində işlər aparılır.
Milli Məclisdə çox sakitliklə üçüncü oxunuşda qəbul edilən "Qida təhlükəsizliyi haqqında qanun" da Azərbaycana "sürpriz"lər gətirdi. 13-cü maddədə GMO tərkibli qidaların ölkəmizə idxal olunmasına yaşıl işıq yandırıldı. Təəssüf ki, ölkəmizdə bu kimi məsələlər var.
Bütün dünyada rəhbər vəzifə tutanların istəyi büdcəyə pul toplanmasıdır. Sağlamlığı arxa planda saxlayırlar. İnsanın uzun və sağlam yaşaması yalnız özünə, ailəsinə lazımdır. Nə həkimə, nə baş nazirə lazım deyil ki, 80 faiz insan pensiyaçı olsun. Ona görə də belə hallar ölkəmizdən də kənarda qalmır”.
“Şəkər xəstələrinə olmaz”
Ekspert xəstəliyi olan şəxslərə bu kimi meyvələrdən uzaq qalmağı tövsiyə edir: “Şəkərə meyilli adamlara bal, xurma, üzüm qurusu yemək olmaz. Xüsusilə balın adi şəkərdən heç bir fərqi yoxdur, birmənalı şəkildə zərərlidir.
Əgər çay içmək istəsələr, yanında turş quru meyvələrə üstünlük versinlər. Bütün şirin meyvə quruları şəkərə meyilli insanlara zərərlidir”.
“Məqsəd çəkini artırmaqdır”
Qida məsələləri üzrə ekspert, baş mütəxəssis Ağa Salamov bildirib ki, sözügedən xurmalar ən çox Afrika ölkələrindən gətirilir. Onun sözlərinə görə, bu xurmaların şirəyə batırılıb satılmasında məqsəd məhsula parlaq görüntü verməkdir:
“Bakı bazarlarında, marketlərdə də görürük ki, şirəli, yapışqan xurmalar satılır. Bu xurmalar qarğıdalı şirəsindən hazırlanmış məhlula batırılır. Bu zaman xurmanın görkəmi dəyişməklə yanaşı, çəkisi də artır.
Ən yaxşı xurma mat xurmalardır. Hətta üstündə ağartılıq da görünür. Ələ yapışmayan xurmalar daha keyfiyyətlidir”.
“İran xurmaları faydalı hesab olunmur”
Xurmanın qida dəyəri haqqında danışan sağlam qidalanma mütəxəssisi Məhsəti Hüseynova bu kimi məhsullardan uzaq durmağı tövsiyə edir:
“Qida hiylələrinə daha çox İran xurmalarında rast gəlinir. Bunlar faydalı hesab olunmur. Şəkərə batırılan xurmaların istehlak edilməsi olduqca zərərlidir. Çünki xurma yüksək şəkərli və karbohidratlı qida hesab olunur. Xurma süni şəkərə batırılıb satılırsa, orqanizm üçün əlavə əks-təsirlərə səbəb olur. Xüsusilə qaraciyər piylənməsi, yüksək təzyiqi, şəkər xəstəliyi olan insanlar xurmadan uzaq durmalıdır.
Xurma təbii şəkər qaynaqlı, yüksək lifli qida olduğu üçün tərkibindəki qanda çox gec şəkərə çevrilir. Bu baxımdan sağlam insanlar üçün çox faydalıdır”.
“10 ədəd xurma norma sayılır”
Ekspert bildirib ki, qatqısız xurmalardan şəkər ehtiyacını ödəmək üçün istifadə etmək olar: “Bir insan hissələrə bölərək gün ərzində 10 ədəd xurma yeyə bilər. Xurmanın tərkibində 40-dan çox faydalı vitamin, mineral qaynağı var. Mövsümünə görə Azərbaycanda yetişən xurma da , quru xurma da faydalıdır.
Xurmadan şəkər əvəzi kimi istifadə etmək olar. 100 qram təzə xurmada 127 kalori, o qədər quru xurmada isə 400 kalori var. Tərkibində 95 qrama yaxını isə sırf şəkərdir. Bu baxımdan digər qidalarla balanslı şəkildə qəbul etmək faydalı hesab olunur”.