Sosial şəbəkələrdə şəhid Sübhan Abdurahmanlının anası Mehriban Abdurahmanlıya məxsus olduğu deyilən tikilinin sökülməsi ilə bağlı görüntülər yayılıb.
Teleqraf.com-un məlumatına görə, görüntülərdə Mehriban Abdurahmanlı bildirib ki, ev Sabunçu Rayon İcra Hakimiyyəti tərəfindən sökülüb.
“Məndən 3 min manat pul istədilər. Vermədim deyə sökdülər. Mənə xəsarət yetirdilər. Evin sənədi yox idi. Mənim bina evim var. Torpağı bir nəfər bağışlamışdı. Buranı da özüm üçün tikirdim”, - o qeyd edib.
Teleqraf.com sözügedən məsələ ilə bağlı Sabunçu Rayon İcra Hakimiyyəti ilə əlaqə saxlayıb.
Qurumun Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Fəqan Əlizadə faktı nə təkzib, nə də təsdiq edib.
O, icra başçısının vətəndaşlarla görüşdə olduğu bildirib: “İcra başçısının qəbulu iki saat sonra bitəcək. Bu məsələ barədə məndə məlumat yoxdur. Ətraflı məlumat öyrənib qəbuldan sonra açıqlama verəcəyik”.