16 May 2022 09:05
1 694
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Şuşalılardan xatirə” layihəsində bu dəfə Əhməd bəy Ağaoğlunun qızı Tezer Taşkıranın müsahibəsini təqdim edirik.

Tezer Ağaoğlu (Taşkıran) 1907-ci ildə Bakıda doğulub. Orta təhsilini İstanbulda Bəzmi-Aləm liseyində alıb. 1924-cü ildə İstanbul Darülfünunun Fəlsəfə bölümündə ali təhsilini başa vurub. Universiteti bitirdikdən sonra Ankara qız və oğlan liseylərində fəlsəfə müəllimi kimi fəaliyyət göstərib. O, oğlan məktəbində dərs deyən ilk qadın müəllim olub.

Daha sonra Ankara Qız Liseyinin və İstanbul Qız Müəllimlər Məktəbinin müdiri vəzifələrində çalışıb. 1934-cü ildə Türkiyədə qadınlara parlamentə seçilmək hüququ verilib. 1941-ci ildə Tezer Taşkıran Kastamonudan millət vəkili olub. 1946-cı il seçkilərində Tezer xanım Qarsın ilk qadın millət vəkili kimi parlamentə seçilib. 1950-ci ildə 10 kişi namizəd arasında ən çox səsi (83 min 14) əldə edərək parlamentin Qarsdan növbəti dəfə deputatı olub.

Tezer Taşkıran 4 may 1979-cu ildə vəfat edib. Bir çox kitabın müəllifidir. Türkiyədə 1987-ci ildən etibarən onun adını daşıyan məktəb fəaliyyət göstərir.

1934-cü ildə Türkiyədə qadınlara seçki hüququ verildikdən sonra qadınlar ictimai-siyasi həyatda daha aktiv rol oynamağa başlayıblar. Əhməd bəyin hər iki qızı – Sürəyya və Tezer Ağaoğlular da ön sıralarda yer alıblar. Bu baxımdan onlar mətbuatın da diqqət mərkəzində olublar. 17 iyun 1935-ci il tarixli “Akşam” qəzetində H.F. imzası ilə Tezer xanımdan alınan müsahibə dərc edilib. Müsahibə qadınların sosial həyatdakı mövqeyi ilə bağlıdır.

Həmin müsahibəni dilimizə uyğunlaşdıraraq təqdim edirik:

***

Uşaqlıqda bir çox məktəb dəyişdirməli oldum. Girib-çıxmadığım məktəb qalmadı. Lakin dünən Çapadakı Qız Müəllim Məktəbinə girərkən, etiraf edim ki, heyrətləndim. Elə gözəl, elə tər-təmiz, elə intizamlı yerdir ki, insan yüzlərlə tələbənin oxuduğu bir yerdə olduğuna inanmır. Nə bilim. “Məktəb” deyərkən ağlıma divarları kiçik bıçaqla cızılaraqqəribə-qəribə yazıların yazılması, uşaqların nömrələrinin oyulması, futbol topu ilə qırılmış pəncərələr, qulaqları kar edəcək qədər gurultulu bir bina gəlirdi.

Halbuki bura heç də elə deyildi. İçəridə məktəbin direktoru Tezer xanım Taşkıranı görəndə isə tamamilə təəccübləndim. Bizim zamanımızda “müdir bəy” deyilən məktəb direktorları heç də belə deyildilər. Onlar ciddi görkəmlərinə görə ətrafa baxmazlar, qəbullarını cüt-cüt bəsmələ çəkərək girilən, qətiyyən gülməyən, tərs, donuq üzlü insanlardı. Halbuki Tezer xanın necə gülərüz, necə nəzakətli, necə tərbiyəli bir qadındı. Yüzlərlə gənc qızın tərbiyəsi ilə məşğul olan bu dəyərli elm qadını hər şeydən əvvəl evinə, yuvasına olduqca bağlı bir ev qadınıdır.

-Sosial həyatımızda qadınlara çox yer veririk. Qadınlarımız getdikcə hər sahədə özlərini göstərirlər. Getdikcə iş qadını da olurlar. Əcəba, iş və ev qadınlığını uzlaşdırmaq mümkündürmü?

-Mən hər şeydən əvvəl qadının evinin qadını olmasından tərəfdaram. Bir qadın hər şeydən əvvəl ana və zövcədir. Fəqət bu ev qadınlığı, analıq və zövcəlik heç bir zaman onu digər vətəndaşların istifadə etdikləri haqlardan məhrum qalmasına səbəbiyyət verməz. Mən şəxsən iş qadınıyam. Günün mühüm bir qismini işdə keçirirəm. Fəqət evimi və uşağımı ehmal etmək ağlımdan da keçməz. Özümdən bəhs etməyimin səbəbi ən yaxın, ən bildiyim misalı göstərmək üçündür. Bir qadın istəyərsə, həm mükəmməl iş qadını, eyni zamanda mükəmməl ev qadını ola bilər. Bunların ikisini bərabər daşımaq olduqca mümkündür. Bir qadının evinə son dərəcə bağlı olması üçün mütləq işə getməməsi, bütün vaxtını evində keçirməsi vacib deyil.

Həqiqətən də, çox qadın var ki, işləri yoxdur. Bütün vaxtlarını evlərində keçirirlər. Lakin buna baxmayaraq evlərini, ərlərini, uşaqlarını olduqca ehmal edirlər. Yenə bir çox qadın var ki, çöldə iş sahibidirlər. Amma evləri çox mükəmməldir.
Sabah erkən qalxaraq, axşam evə qayıdınca çalışaraq ailənin işlərini çox mükəmməl surətdə idarə etmək mümkündür. Təbii ki, iş qadını evini ehmal etmədiyi halda, bütün gün evdə bomboş oturan bir qadının yuvasını, uşağını, ərini ehmal etməsi əfv edilməyəcək bir qəbahətdir.

-Ev qadınının çalışmasına necə baxırsınız?

-İnsan ehtiyacı üçün çalışır. Mən ev qadınının çalışmasına, qazanmasına olduqca yaxşı baxıram. Əgər zövcə çalışırsa, həyatını qazanırsa, ərinə heç bir maddi düşüncəsi olmadan bağlanmış deməkdir. Çünki o da özünü dolandıracaq qədər qazanır.

Belə olduğu halda qadın yuvasına dördəlli sarılar, çox mükəmməl qadın olduğunu isbat edər. Çünki hərəkətlərini, davranışını heç bir maddi düşüncə ilə etmir. Halbuki bununla yanaşı elə qadınlar vardır ki, ərlərinin əllərinə baxırlar. Ərlərindən də məmnun deyillər: “Dolanacaq pulum, yaşayacaq yerim olsa, bir dəqiqə də dayanmaram…

Bu adamdan ayrılaram, amma sonra nə edərəm?” deyə düşünərlər. Bu vəziyyətdə sırf “baxılmaq” üçün istəmədikləri adamlarla yaşayan qadınlar olduqca çoxdur. Qadın heç bir maddi qazanc düşünmədən ərinə bağlı olmalıdır. Bu məqsədlə gənc qızları idealist yetişdirmək, onlara qüvvətli ev və ailə tərbiyəsi vermək lazımdır. Mən demirəm ki, hər ev qadını mütləq çöldə çalışmalıdır. Xeyr…

Mən deyirəm ki, bir qadın mütləq “mənə baxır” düşüncəsi ilə evinə bağlanmamalıdır. Maddi tərəfi ağlına gətirməməlidir. Buna görə də təkrar edirəm ki, qızlarımızın idealist və yaxşı təhsil almaları lazımdır. Təhsilli bir zövcə ilə təhsilsiz zövcə arasında çox böyük fərq vardır.

-Halbuki bir çox kişilər, adətən, zövcə olaraq təhsilli qadınlardan qorxurlar. Zövcələrinin çox ali təhsilli olmasını qətiyyən istəməyən kişilər də tanıyıram.

-Bəli, belə kişilər olduğunu eşidirik. Təbii ki, bir kişinin nöqteyi-nəzərini bilməyimə imkan yoxdur. Lakin belə kişilər var.

Zənn edirəm ki, səbəbi budur: Belə kişilər özlərinə əsl dost, hər gün hər şey haqqında danışacaq, fikirlərini müqayisə edəcək həyat yoldaşı axtarmırlar. Onlar özlərindən səviyyə baxımından aşağı qadınlar taparaq üzərlərində bu surətlə hökmran olmağı düşünürlər.

Halbuki bu, qəribə bir hökmranlıqdır. Həmin kişilər özlərinə ancaq olduqca müti qadın axtarırlar. Bəziləri də yenə hökmranlığın təmini üçün baxılmağa möhtac, boşandıqdan sonra baxmayacaqları qadınlar axtarırlar. Halbuki bir qadın tamamilə azad düşüncə ilə, yalnız əri və yuvası üçün evinə bağlanmalıdır. Təhsilli olduğu üçün əri ilə əksər məsələləri müzakirə edə bilməli, hər zaman ərinə həqiqi bir fikir yoldaşı olmalıdır.

Bunu da ancaq eyni dərəcədə təhsil təmin edə bilər. Ər-arvadın arasında maddi bağlar deyil, həqiqi sədaqət və məhəbbət bağları olmalıdır.

-Mən buna təəccüb edirəm. Oxuyan qadının gəncliyi məktəbdə keçir. Birdən-birə məktəb bitir. İllərlə ancaq məktəb önlüyü geyindikləri halda sonra birdən-birə lüks paltar marağı başlayır. Qara köynəkdən lüksə keçirlər.

-Bəli, bunlar gənc qızların həyatı yanlış anlamalarından qaynaqlanır. Zənn edirlər ki, çoxlu bəzək, aşırı boyanma gəncliyin ən vazkeçilməz məcburiyyətlərindəndir. Bəzəklə, paltarla diqqət çəkmək ən böyük şeydir. Gənc qızlara qiyafətlə diqqəti cəlb etmənin nə qədər mənasız bir şey olduğunu izah etmək gərəkdir. Mən demirəm ki, hər kəs çirkin, fəna geyinsin.

Xeyr. Sadəliyin və təvazökarlığın içindəki həqiqi gözəlliyi görmək hər kəsin xoşuna gələr, elə deyilmi? Məktəb sıralarında üzərlərindəki qara önlüklə oturan gənc qızların içində bir çox arzular dolaşır. Bu qara önlükdən çıxmaq, birdən-birə böyük qadınlar kimi rəngbərəng paltarlar geyinmək, onlara, adətən,çatılması mümkün olmayan arzu kimi gəlir…

Rəngli paltar, həqiqətən, bəzi məktəbli qızlar üçün şirin bir xəyala çevrilir. Sonra isə həyatda o qara məktəb önlüyünü çox axtarırlar. Gənc qızların içində bu arzunun uzun müddət qalması doğru deyildir.

Əks təsirlərinin olması çox mümkündür. Rənglərin, rəngli paltarların çatılması mümkün görünməyən cazibəsi gənc qızların ürəyində uzun müddət qalmamalıdır. Məktəb xaricində, sərbəst zamanlarında gənc qızlara valideynləri ciddi olmaq şərtilə rəngli, zərif paltarlar geyindirməlidirlər.


Müəllif: Dilqəm Əhməd

Oxşar xəbərlər