Yaz fəslinin yarısı arxada qalsa da, bazarlarda meyvə-tərəvəzlərin qiymətində ucuzlaşma özünü göstərmir. Məsələn, ölkə daxilində yetişdirilən, mövsümü tərəvəzlərdən olan pomidorun 1 kiloqramının qiyməti hələ də 3-4 manat arasında dəyişir. Bəs buna səbəb nədir?
Kənd Təsərrüfatı Nazirliyinin Meyvəçilik və Tərəvəzçilik Elmi-Tədqiqat İnstitutunun Direktoru Elmar Allahverdiyev Teleqraf.com-a açıqlamasında bildirib ki, pomidorun hazırkı qiyməti müvəqqətidir.
Onun sözlərinə görə, iyun ayının ikinci yarısında sahə pomidoru satışa çıxarılacaq və bu zaman qiymətlər də kəskin aşağı enəcək:
"Hazırda mövsümün sonudur, sahə pomidorları yetişməyib. İstixana pomidorlarının becərilməsinin maya dəyəri yüksəkdir. Çünki orada xüsusi becərmə texnologiyası tətbiq olunur, qazdan istifadə edilir. Məhsul az olduğuna görə qiymət qalxır. 20-25 gün sonra qiymətlərdə enmə müşahidə olunacaq. İyul ayında qiymətlər daha aşağı olacaq".
Elmar Allahverdiyev qeyd edib ki, xarici ölkələrə, xüsusilə də Rusiyaya pomidor ixracı da qiymətlərin yüksək olmasında rol oynayır.
Kənd Təsərrüfatı Nazirliyinin Tərəvəzçilik Elmi-Tədqiqat İnstitutunun Direktoru Surxay Novruzov isə bildirib ki, pomidorun qiyməti Kənd Təsərrüfatı Nazirliyi tərəfindən tənzimləmir və bu, birbaşa iqtisadi məsələdir.