Binəqədi rayon sakini, jurnalist Nicat İsmayılovun "Baku Riteyl Qrup" MMC-yə məxsus "Favorit" marketdə satılan "Çar" əmtəə nişanlı mannı yarmasının keyfiyyətsiz olması barədə müraciətinə Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi yanında Texniki Tənzimləmə və Standartlaşdırma üzrə Dövlət Nəzarəti Xidmətində baxılıb.
Teleqraf.com xəbər verir ki, bu barədə Komitənin mətbuat xidmətinin rəhbəri Fazil Talıblı məlumat verərək bildirib ki, şikayətlə bağlı faktlar mətbuatda dərc edildiyindən, "Çar" əmtəə nişanlı yarmaların satışdan çıxarılması, nöqsanın yerində araşdırılmasının mümkünsüzlüyünə səbəb olub: “Qeyd olunan problemlə bağlı “Sahibkarlıq Sahəsində Aparılan Yoxlamaların Tənzimlənməsi və Sahibkarların Maraqlarının Müdafiəsi Haqqında” Azərbaycan Respublikası Qanununun 16.7.3 maddəsinə əsasən, göstərilən faktların insan həyatı və sağlamlığına, ətraf mühitə, dövlətin əmlak maraqlarına birbaşa mühüm təhlükə yaratması və zərər vurması dərəcəsinin araşdırılması məqsədilə "Baku Riteyl Qrup" MMC-də xidmət tərəfindən nəzarət tədbiri həyata keçirilib. "Çar" əmtəə nişanlı yarmalar mövcud qanunvericiliyə uyğun idxal olunur və müvafiq orqanlar tərəfindən sertifikatlaşdırılır. Bu məhsulların yararsız hala düşməsinə səbəb adıçəkilən marketdə onların saxlanma şəraitinə düzgün əməl edilməməsi olub”.
Komitə rəsmisinin sözlərinə görə, yoxlama zamanı marketin anbarında digər məhsulların müvafiq şəraitdə saxlanma rejiminə əməl olunmaması faktları da aşkar edilib: “Dövlət nəzarəti zamanı "Favorit" Marketdə realizə edilən və şübhə doğuran digər məhsullardan nümunələr götürülərək müayinə və sınaq üçün Komitənin, Təcrübə Sınaq Mərkəzinə təqdim edilib. Aparılan sınaqların nəticələri normativ sənədlərin tələblərinə uyğun gəlib. Yoxlamalar zamanı marketin anbarında başqa məhsulların müvafiq şəraitdə saxlanma rejiminə riayət olunmaması faktları da aşkar edilib. Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi tərəfindən həmin nüqsanların qısa zamanda aradan qaldırılması üçün göstərişlər verilib”.
Qeyd edək ki, bu ilin sentyabr ayında jurnalist Nicat İntiqam (İsmayılov) “Favorit" Marketdən uşaqları üçün aldığı yarmanın (mannı) içərisindən qurd və həşəratlar çıxması ilə bağlı Facebook-dakı profilində məlumat yaymış və məsələ ilə əlaqədar Azərbaycan Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinə rəsmi müraciət etdiyini də bildirib.
İLHAMƏ