“Ölkələrimizin və regionumuzun inkişafı, xalqlarımızın rifahı üçün əməkdaşlıq vacibdir. İqtisadi və sosial inkişafın davamlılığına nail olmaq üçün əməkdaşlıq və inteqrasiyaya ehtiyac var.
Teleqraf.com xəbər verir ki, bunu Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentop Bakıda keçirilən İƏT Parlament Assambleyasının Üçüncü Konfransında çıxışı zamanı deyib.
Türkiyə spikeri tədbirə ev sahibliyini həyata keçirən Azərbaycan spikeri Sahibə Qafarovaya dərin təşəkkür edib: “Eyni zamanda Pakistan İslam Respublikasının parlament rəhbərliyinə də təşəkkür edirəm”.
Mustafa Şentop qeyd edib ki, koronavirus pandemiyası dərin sosial poblemlərə səbəb oldu:
“Pandemiya hamımızın sağlamlığına təsir edib. Əlbəttə, problemlərin ümumi olduğunu anladığımız kimi başa düşürük ki, onları birgə həll etməliyik. Tarixdə heç bir zaman belə fəlakət olmayıb. Buna görə, regional əməkdaşlıq və həmrəylik vacibdir. Burada parlament diplomatiyasının nə qədər əhəmiyyət kəsb etdiyi ortaya çıxır. Qanunvericilik, sosial problemlər parlamentdə həll edilir. Türkiyə olaraq biz G-20 və digər platformalarda əməkdaşlığa üstünlük vermişik və iştirak etmişik. Biz 160 ölkəyə dəstək verməyə çalışmışıq. Bütün imkanlarımızdan maksimum istifadə etmişik. Pandemiya inkişaf etməkdə olan ölkələrə böyük təsir edib. İşsizlik, yoxsulluq, miqrasiya təhdidə çevrilib. Ukraynadakı müharibənin təsiri altında enerji qiymətləri artıb. Təchizat zəncirlərinin açıq tutulması yoxsulluq əleyhinə mübarizədə dəstək olacaq, ticarətin canlaşdırılması, inteqrasiyanın daha rəvan getməsi üçün güclü addımların atılması vacibdir”.
Türkiyə Böyük Millət Məclisinin sədri qeyd edib ki, Beynəlxalq təşkilatların zamanın tələbinə uyğun olaraq islahatlar həyata keçirməsi vacibdir.
Onun sözlərinə görə, İƏT üzvləri olaraq bizim də dialoq halında hərəkət edərək günümüzdə olan problemlərə yanaşmamız vacibdir: “Əlaqələrimizi və əməkdaşlığı güclü inkişaf etdirməliyik. Qlobal iştirakçılar regional problemlərin həlli yolunu tapmırlar. Onlar problemləri gərginləşdirəcək qərarlar qəbul edirlər. 2020-ci ildə qlobal iştirakçıların səmimiyyətdən kənar, yalnız öz maraqlarına əsaslanan siyasət həyat keçirməsi heç bir ölkəyə sülh və çiçəklənmə gətirməyib. Əksinə, mövcud olan problemləri daha da dərinləşdirib. Bizim bundan dərs çıxarmağımız vacibdir. Regiondakı problemləri həll etmək üçün ortaq mədəniyyətimizə əsaslanmalıyıq, bunun üçün mübarizə hamımızın fəlsəfəsi olmalıdır. Biz bu coğrafiyada yaşayan insanlarıq və prolemləri də özümüz həll etməliyik. Regional institutlar olaraq buna nail olmalıyıq".
"Liviyada, İraqda, Əfqanıstanda, Suriyada, Fələstində, Kəşmirdə insanların ölümünə son verilməlidir. Bütün bunlardan əvvəl biz öz aramızda hormoniyaya nail olmalıyıq”, - deyən Mustafa Şentop diqqəti Qarabağ məsələsinə çəkib:
“Qarabağ da Azərbaycan torpaqlarıdır və işğal edilmişdi. Avrop, ATƏT, BMT və digər qurumlar bu torpaqların işğal edildiyini tanımışdılar. İşğala son qoymaq üün Minsk qrupu yaradılmışdı. Ancaq dünyanın aparıcı ölkələrindən formalaşan bu mexanizm həll yolunu həyata keçirə bilmədi. Bu ərazidə yerləşməyənlər problemin həlli əvəzinə onun dərinləşməsinə səbəb olur. Amma 44 gün ərzində davam edən Vətən Müharibəsi sayəsində Azərbaycan torpaqlarını işğaldan azad edib. Mən hörmətli İlham Əliyevi bir daha təbrik edirəm. Biz Azərbaycana daima dəstək vermişik. Qarabağ Azərbaycandır. Biz həm də ona görə dəstək vermişik ki, hüquqi nöqteyi-nəzərdən Azərbaycan haqlıdır. Çünki bu ərazilər Azərbaycanındır”.
Türkiyə parlamentinin sədri çıxışı zamanı deyib ki, İƏT PA-nı möhkəmlətmək bizim əsas işimiz olmalıdır:
“Miqrasiya problemi planetimizin ümumi problemidir. Miqrasiyaya görə kimlərinsə məsuliyyət daşıması vacibdir. İnsanları yurdundan didərgin salanlara qarşı mübarizə olmalıdır. Məcburi köçkünlərin problemlərinin həlli üçün qlobal yanaşma lazımdır. Biz bunun beynəlxalq ictimaiyyətin diqqətində saxlanılması üçün səylər göstəririk”.