18 May 2022 12:44
581
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fövqəladə Hallar Nazirliyinin İctimaiyyətlə əlaqə idarəsi və Dövlət Yanğından Mühafizə Xidmətinin təşkilatçılığı ilə Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsində yerləşən Valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün 2 nömrəli internat məktəbində yanğın təhlükəsizliyinə dair təlim keçirilib.

Teleqraf.com xəbər verir ki, FHN-in müvafiq canlı qüvvə və texnikasının cəlb edildiyi təlimin keçirilməsində məqsəd məktəbin kollektivinə yanğın zamanı davranış qaydalarının aşılanması olub.

FHN-in əməkdaşları təlimin nəzəri hissəsində məktəbin müəllim və şagirdlərinə fövqəladə hallar, o cümlədən yanğın zamanı zəruri davranış qaydaları, təxliyə tədbirləri barədə maarifləndirici məlumatlar veriblər. Videoçarxın müşayiəti ilə keçirilən maarifləndirici tədbirdə məktəblilərə fövqəladə hallarla bağlı davranış qaydaları barədə ətraflı məlumat verilib.

Sonra təlimin praktiki hissəsinə start verilib. Tədbirdə şərti yanğın zamanı “Həyəcan” siqnalı verildikdən sonra FHN-in yanğınsöndürənləri təlimatda nəzərdə tutulmuş müddətdə hadisə yerinə çataraq, “yanğınla mübarizə” tədbirlərinə başlayıblar. Şərti yanğın baş vermiş məktəbdə təxliyə planına uyğun olaraq, şagird və müəllimlərin təhlükəsiz yerə təxliyəsi həyata keçirilib, sinif otaqlarında qalmış məktəblilər “xilas edilib”, şərti xəsarət almış məktəblilərə “ilkin tibbi yardım göstərilib”.

Təlim uğurla başa çatıb və qarşıya qoyulmuş məqsədlərə nail olunub.

Qeyd edək ki, bu cür tədbirlər Fövqəladə Hallar Nazirliyi tərəfindən Bakıda və regionlarda mütəmadi olaraq təşkil olunur.


Müəllif: Aysel Azad

Oxşar xəbərlər