23 May 2022 09:05
1 294
12 Punto 14 Punto 16 Punto 18 Punto

Teleqraf.com-un “Kitabxana” rubrikasında həmsöhbətimiz millət vəkili Aydın Mirzəzadədir.

Adətən, biz müsahiblərimizin kitabxanasına qonaq gedirdiksə, bu dəfə müsahibimiz kitabları ilə bizə gəldi. Millət vəkili 2-3 əsrlik tarixi olan kitablarının kiçik bir hissəsini bizimlə tanış etdi. Müsahibədən əvvəl çay süfrəsində söhbətləşdik. Deputatın fikrincə, kimsə kitab kolleksiyası toplayırsa, onu vaxtaşırı göstərməlidir. Dediyinə görə, bir neçə kitab mağazasına şkaf ayrılmasını, köhnə kitablarınının orada eksponat kimi nümayiş olunmasını xahiş etsə də, müsbət cavab ala bilməyib. Aydın Mirzəzadə kolleksiyasında yer alan Bibliya kitabını vaxtı ilə 2000 dollara aldığını etiraf etdi: “Dolların ucuz olduğu dövr idi. Həmin kitabın ödənişini 1 ilə verdim. Baha aldığım kitabların ödənişini, ümumiyyətlə bir dəfəyə ödəməmişəm”.

Onunla müsahibəni təqdim edirik.

- Aydın müəllim, redaksiyamıza kitablarla daxil oldunuz və əksəriyyəti də köhnə kitablardır. Bu maraq nədən qaynaqlandı?

- Gözümü açandan atamın kitaba marağını görmüşəm. Çox böyük kitabxanamız yoxdur. Amma evimizdə atamın vaxtaşırı Bakıda olarkən alıb Mingəçevirə gətirdiyi kitablarla tanış olurdum. 15 yaşımda Viktor Hüqonun "Səfillər" əsərini tam oxumuşdum. 20 yaşımda artıq evimizdə olan kitabların əksəriyyətini oxuyub bitirmişdim. Kitaba hər zaman böyük dəyər vermişəm. Fikrimcə, kitab çox böyük sərvətdir.

- Şəxsi kitabxananızı necə yaratdınız?

- İlk şəxsi kitabxanam mənə birinci sinfi bitirəndə bağışlanan Fransua Rablenin "Qarqantua və Pantagruel" kitabı ilə formalaşmağa başladı. Doğrudur, şəxsi kitabxanama daxil olan ilk kitablar hazırda məndə qalmayıb, amma bu yaxınlarda köhnə kitab satanlarda həmin dövrdə çap olunmuş həmin kitabları tapıb, kitabxanama yerləşdirdim. Kitabxanamdakı ilk ciddi kitab isə 1979-cu ildə 13 yaşım olanda "Anti marksist baxışları" adlı siyasi kitab idi. Kitab Moskvada rus dilində çap olunmuşdu. Qiyməti 1 manat 20 qəpik idi. O vaxt o pul mənim üçün böyük məbləğ idi. Həftədə 10 qəpik xərclik alırdımsa, təxminən 7-8 ay pulumu toplayıb, o kitabı aldım. Doğrudur, həmin 1 manat 20 qəpiyə o dövrdə böyük rəngli karandaşlar qutusu ala bilərdim. Çox fikirləşdikdən sonra kitaba üstünlük verdim, oxudum. Başa düşdüm ki, dünya çox qəlizdir. Sonradan da vaxtaşırı kitablarım olub. İş elə gətirdi ki, təsadüfən bir-birinin ardınca tanışlar vasitəsilə, yaxud da satışda köhnə dövrün kitablarına rast gəlirdim. Özümdən asılı olmayaraq onları yığmağa başladım. Hazırda köhnə kitablardan ibarət böyük bir kitabxanam var. Bunları sırf hansısa mənbədən əldə etmirəm. Vaxtaşırı olaraq kitab mağazalarına gedirəm, saytları izləyirəm, köhnə əşyalar satılan mağazalara gedirəm. Buna görə də bu gün özümün kitab sərvətimlə qürur duya bilərəm.

- Burada AzTV-nin mikrofonunu görürəm. Haradan əldə etmisiniz?

- Tam təsadüfən oldu. Mən köhnə kitablar kolleksioneriyəm. Kolleksionerlər mənim marağımı bilirlər. Bir gün mənə bildirdilər ki, bu mikrofon vaxtı ilə AzTV-nin olub, baxdım ki, üzərində 1957-ci ilin möhürü var. Maraq gəldi, aldım. Bu gün də kolleksiyamın bir eksponatıdır. Doğrudur, mən texniki əşyalardan ibarət kolleksiya toplamıram. Amma bu detal kolleksiyamın bir parçasıdır. Dostlarıma, evimə qonaq gələnlərə, jurnalistlərə bunu göstərirəm. Bilsinlər ki, nə vaxtsa bizim televiziya belə texnika ilə fəaliyyətə başlayıb.

- Mikrofon üçün nə qədər ödəniş etmişdiniz?

- Səhv etmirəmsə, 20 manat qiymət demişdilər. 10-15 il olar ki, məndədir.

- Diqqət elədim, burada əski əlifba ilə olan kitablar üstünlük təşkil edir. O zaman siz əski əlifbanı bilirsiniz?..

- Bir o qədər mükəmməl olmasa da, bilirəm. Çətin əlifbadır, oxumağa çalışıram.

- Necə öyrənmisiniz?

- Müəllim yanına gedərək öyrəndim. Bir az da özüm üzərimdə işlədim. Müəyyən qədər bilgim var, amma təəssüf ki, əski əlifbanı əla bilmirəm.

Gənclərimizə də tövsiyə edirəm ki, əksi əlifbanı öyrənsinlər, tariximizdir. Ədəbiyyatımızın, mətbuatımızın müəyyən bir hissəsi həmin əlifba ilə yazılıb. Onu bilmək lazımdır.

- Mütaliə edərkən hansı məzmunlu əsərlərə üstünlük verirsiniz?

- İnformasiyası bol olan, hansısa məsələ barəsində izahı olan, həyatı daha dərindən dərk etməyə dair materialları oxumağa üstünlük verirəm. Əlbəttə, tariximiz, ədəbiyyat, incəsənətimizlə bağlı kitablar da oxuyuram. Material diqqətimi cəlb edir. Ki, mən bu barədə düşünməmişdim, niyə belə oldu? Sonda bu nəticəyə gəlirsən ki, bilik əldə etməyin sonu yoxdur. Bu, hüdudsuz, dərin bir dəryadır.

- Oxumaqdan zövq aldığınız yazar kimdir?

- Çoxdur. Xüsusi bir nəfərin adını çəkə bilmərəm. Azərbaycanda Nizami Gəncəvinin yaradıcılığını böyük zirvə hesab edirəm. Vaxtaşırı oxuyuram. Hüseyn Cavidi çox bəyənirəm. Hüseyn Cavid filosofdur, böyük yaradıcı insandır. Bəxtiyar Vahabzadə, Məhəmmədhüseyn Şəhriyar, Məmməd Səid Ordubadini oxumağı sevirəm. Xarici ədəbiyyatdan isə klassik yazarların demək olar ki, hamısını sevirəm.

Məsələn, Benqal yazıçısı Rabindranat Taqor çox dərin məzmunlu əsərlər yazır.

- Bəs, siyasi ədəbiyyat oxuyursunuz?

- Politoloq olduğum üçün öz ixtisasım üzrə kitablar da mənim üçün maraqlıdır. Bu baxımdan ayrı-ayrı politoloqların əsərlərini böyük məmnuniyyətlə oxuyuram. Məsələn, Maks Veberin əsərləri politologiyanın əsası sayılır. Daha sonra Zbiqnev Bjezinski çox məşhur politoloqdur, uzun müddət Amerika prezidentlərinin milli təhlükəsizlik üzrə müşaviri olub. 1990-cı illərdə bir neçə dəfə Azərbaycanın qonağı olub və ölkəmiz haqqında dünyada obyektiv fikirlərin yayılmasında böyük rolu var. Henri Kissinger Amerika dövlət xadimidir, onun yazılarını böyük maraqla oxuyuram.

Bununla yanaşı, ayrı-ayrı memuarlar oxumağa üstünlük verirəm. Fikirləşirəm ki, müəyyən insanlar olub ki, onların memuarları olsa, çox böyük şeylər qazanardıq.

- Məsələn, kimin?

- Mustafa Kamal Atatürk, Əlimərdan bəy Topçubaşovun memuarları olsaydı, çox böyük biliklər qazanardıq.

- Kitaba ən çox nə qədər pul xərcləmisiniz?

- Bu sirri aça bilmərəm. Maaşımın müəyyən hissəsi kitaba gedir. Məsələn, bir dəfə mənə köhnə əşyalar satan mağazada 1919-cu ilin rus dilində 9 ədəd nəşri olan "Azərbaycan" qəzetini təklif etdilər. Fikirləşdim ki, bundan imtina edə bilmərəm. Birincisi, bizim tariximizdir, ikincisi, qiymətli eksponatdır. Qiyməti 500 manat idi. Bir şərtlə razılaşdım ki, hər ay 100 manat ödəməklə bunu alıram. Demək olar ki, kreditlə, şəxsi razılaşma ilə aldım.

- Kitabxanaya mütaliə etmək üçün gedirsiniz?

- Təəssüf ki, yox. Əvvəl gedirdim, amma hazırda vaxt azlığı səbəbilə gedə bilmirəm. Bu gün şəxsi kitabxanamda mənə lazım olan kitabların demək olar ki, hamısı var. Həm də bu gün internetdən istənilən ədəbiyyatı tapmaq olur. Bəzən köhnə kitablardan başqa müasir kitablar da alıram. Hansısa kitabın nəşr olunduğunu eşitdikdə kitab mağazalarından əldə edirəm.

- Özünüz də qeyd etdiniz ki, köhnə nüsxə və ya yeni olmasından asılı olmayaraq vaxtaşırı kitab alırsınız. Qiymətlər sizi qane edir?

- Kitaba baxır, qiymətlər insanın nə istədiyi, qarşısına hansı məqsədi qoymasına görə dəyişir. İnsan var ki cəmi bir neçə kitab əldə etməklə bununla razılaşır, insan var ki, sadəcə olaraq normal qiymətlər olan yerlər tapıb, oradan kitab əldə edir. Köhnə və maraq doğuran kitabların qiyməti, əlbəttə, yüksəkdir. Olub ki, hansısa yüksək qiymətdə kitablara rast gəlmişəm, amma mənim imkanımda olmadığına görə onu ala bilməmişəm.

Bir dəfə Rəssam Mikayıl Abdullayevin 200 eskizdən ibarət vərəqlər toplusunu tapdım. Çox qiymətli idi. Təəssüf ki, bankda kreditim var idi. Yoxsa kredit götürüb onu alardım. qiyməti 20 000 manat idi. Pul olsa idi, alardım. Bir gün gəldim, dedilər ki, artıq satılıb. Sevindim ki, kitaba dəyər verən, alan var.

Kitab yığmağı sevirəm. Açığı deyim ki, çoxları kitabların qiymətini bilmirlər. Bütün fikirlər ancaq pula, var-dövlətə yönəlməməlidir.

Bununla belə, yığdığım kitab eksponatı məni tam qane edir. Dayanmaq fikrində deyiləm, mənə uyğun qiymət təklif edildikcə, maraqlı kitabları bundan sonra da almağa davam edəcəyəm.

- Kitabxananızdan kənarlaşdırdığınız kitab olub?

- Yox, elə kitablar yoxdur. Belə bir deyim var, əgər bəşəriyyətin bütün sivilizasiyası məhv olsa, dünyada bir neçə ailə qalsa, amma bununla belə kitabxanlar da var olarsa, bəşəriyyət, sivilizasiya qısa müddətdə bərpa olunacaq. İstənilən kitab müəyyən qədər informasiyadır. Hətta mövzusunu bəyənmədiyimiz, fikirləri ilə razılaşmadığımız kitablar da dəyərdir. Mən öz marağıma uyğun kitablar alıram.

Azərbaycan İnşaat Mühəndisləri İnstitutunu bitirmişəm. Bir gün kitab satışında mənə dərs demiş iki yaşlı professorun cavan vaxtı, 1958-ci ildə çap olunmuş "Materiallar müqaviməti" kitabına rast gəldim. Böyük məmnuniyyətlə o kitabı əldə etdim. Doğrudur, o dərsi 50 il əvvəl keçmişəm, çox az yadımda qalıb. Amma mənə əziz olan iki adamın cavan vaxtı yazdığı kitab mənim üçün çox qiymətlidir.

- Hazırkı oxucu marağı sizi qane edir?

- Bir vaxtlar zəifləmişdi. Amma hiss edirdim ki, bu, müvəqqətidir. Kitab elə bir mənbədir ki, istər-istəməz diqqəti cəlb edir. İndiki gənclik elmə, biliyə çox maraqlıdır. Ali məktəbə qəbul üçün nə qədər gənclər imtahan verirlər. Təkcə Azərbaycan deyil, Azərbaycandan kənarda təhsil alırlar. O baxımdan kitaba maraqları var. Artıq kitaba maraq sisyemləşib. Bizim dövrümüzdə olduğu kimi bütün kitablara hamının marağı yoxdur. İnsanlar konkret kitablara üstünlük verirlər. Gənclər onların inkişafına kömək edən, dünyanı dərk etməyə kömək edən tarixi kimliyini öyrənməyə imkan verən kitablara maraq göstərirlər.

Ona görə də yazarlar bu marağı nəzərə almalıdırlar. Doğrudur, bayağı kitablar, qısa müddət maraq dairəsində olan kitablar buraxılışı həmişə olub və olacaq. Amma ciddi kitablar şübhəsiz ki, hər zaman öz yerini tutmağa layiqdir.

- Bayaq da kitablarınıza necə həssas yanaşdığınızın şahidi oldum. Maraqlıdır, bu kitabları özünüzdən sonra gözüyumulu kimə etibar edə bilərsiniz?

- Həyat yoldaşım ingilis dili müəllimidir, kitaba, ədəbiyyata çox marağı var. İki övladım var, onların da kitablara böyük sevgisi var. Ümumiyyətlə, ailəmizdə kitaba maraq böyükdür. Nəvələrim də kiçik olmalarına baxmayaraq kitab oxuyurlar. Onlar gözlərini açanda evdə kitaba maraq görüblər. Ona görə də hesab edirəm ki, kitab sevgisi bizdə nəsildən nəslə ötürüləcək.

- Xarici ölkələrə səfər edəndə kitab alırsınız?

- Səfərlər zamanı kitab mağazalarına getsəm də, məni maraqlandıran kitablara rast gəlməmişəm. Amma bununla yanaşı, yenə də hər dəfə kitab mağazalarına baş çəkirəm ki, rast gəlsəm, alım. Xaricdəki kitab mağazalarında bir qayda olaraq müasir dövrün ədəbiyyatına üstünlük verilir. Klassik kitabların satıldığı mağazalara rast gəlməmişəm. Hesab edirəm ki, lazım olan kitabları yerli kitab mağazalarından tapmaq olar.

- Hansı dillərdə kitablar oxuyursunuz?

- Adətən, Azərbaycan dilində oxumağa üstünlük verirəm. Bununla yanaşı, rus və türk dillərində də kitablar oxuyuram.

- Hazırda hansı kitabı mütaliə edirsiniz?

- Nizami Gəncəvinin "Xəmsə"sini yenidən oxuyuram.

- Yenidən oxumaq zərurəti nədən qaynaqlandı?

- İnsan yaşa dolduqca həyatı daha dərindən başa düşür. Nə vaxtsa oxuduğu əsərə 20-30 ildən sonra başqa cür baxmağa vadar edir. Bununla yanaşı, yenidən oxumağa özümdə bir maraq duydum.

- Kitabla tanışlığa hansı kitabdan başladınız?

- Əlifba kitabından. Ümumiyyətlə, məktəbdə yaxşı oxuyan şagird olmuşam. Orta məktəbdə oxuyanda şəhərin 4 kitabxanasının daimi oxucusu idim. Həftədə ən azı 1 kitab oxuyurdum. Tələbə ikən bir sutkaya Teodor Drayzerin "Kerri bacı" əsərini oxudum. 500 səhifədən çox idi, maraqla birnəfəsə bitirdim.

- Kitab seçərkən nəyə diqqət edirsiniz?

- İlk olaraq öz sahəmə uyğun olmasına üstünlük verirəm. Amma son zamanlar köhnə kitabları almağa marağım artıb. Bu baxımdan məndə 1751-ci ilin nəşri olan Bibliya, 1835-ci ilin Quranı, Mirzə Kazımbəyin 1865-ci ildə nəşr olunan kitabı var. Kolleksiyamda 1809-cu ildə Peterburqda nəşr oluan ümumi cərrahiyyə kitabı var. Üzeyir Hacıbəyovun 1912-ci ildə çap olunmuş "O olmasın bu olsun", Mirzə Ələkbər Sabirin 1914-cü il nəşri olan Hopopnamə", Firudin Köçərlinin, Salman Mümtazın, Süleyman Sani Axundovun ötən əsrin 20-ci illərində çap olunmuş kitablarını almışam. Məndə 1899-cu il, Rusiya imperiyası tacirlərinin siyahısı kitabı var.

Onu cildləməyə verdim, amma uğursuz cildlədirlər. Yeni usta tapıb, təkrar işə başlayacam. Orada Bakı, Lənkəran, Gəncə, Naxçıvan, hətta Ağdaşın tacirlərinin siyahısı var. Bir sözlə, kitab bilikdir, tarixdir, mədəniyyətdir. Kitab tək nəyisə bilməyə yox, insanın özünü tanımasına kömək edir.

- Özünüz nə vaxtdan qələmlə dostlaşdınız?

- Orta məktəbdə şeirlər yazırdım. Atam şairdir, nədənsə mənim şeirlərim xoşuna gəlmirdi. Hər zaman tənələyirdi ki, dərs oxu. Bəlkə də, özünün yazıb, böyük ədəbiyyata çıxa bilməməsi ağrısını məndə görmək istəmirdi. Hiss etdim ki, yazmağa marağım var. Çap olunmamış fantastika romanım, Birinci Qarabağ müharibəsinə həsr olunmuş povestim var.

- Niyə çap etməmisiniz?

- Bilmirəm, sadəcə olaraq yazmışam, kənarda qalıb. Bir dəfə övladlarım tapdılar, oxudular. Soruşurlar ki, ata, bəs bunun sonrası necə oldu? Dedim sonrasını yazmamışam.

50-yə yaxın hekayəm var. Bəlkə də müharibəyə dair povesti çap etməyə dəyərdi, amma hələ ki, əlyazma olaraq qalır.

Eyni zamanda, politologiya haqqında 15 kitabın müəllifiyəm. Bu yaxınlarda daha biri çap olunacaq.

- Bəs öz həyat təcrübənizə dair kitab yazsanız adı nə olardı?

- Bilmirəm... Mən bu gün ancaq politologiya haqqında kitablar yazıram. Doğrudur, bədii ədəbiyyata, ensiklopedik biliklərə marağım var. Son dövrlərdə ayrı-ayrı dillərdə Quran kitabları toplamağa başlamışam. Evimdə 5 dildə Qurani-Kərim var və yəqin ki, sayını artıracağam. Bu da tarixdir və mədəniyyətimizin bir hissəsidir. Həyatım haqqında yazmağı düşünmürəm. Hesab edirəm ki, bu, oxucular üçün maraqsız olar.

Bir ara bədii yaradıcılıqla məşğul olmuşam. 10 film ssenarisi var ağlımda. Əgər deputat olmasaydım, ssenarist olardım. Mən politoloqam, insan bir işlə məşğul olar.

- Kimdən aldığınız hədiyyə kitab sizin üçün daha dəyərlidir?

- İki kitabım var, müəlliflər ürək sözləri yazaraq mənə bağışlayıblar. Biri Azərbaycanın məşhur memarı Rasim Əliyevindir, kitabının təqdimatında iştirak etdim və mənə imzalı kitabını verdi. Biri isə uzun müddət Azərbaycanda Təhlükəsizlik Orqanlarına rəhbərlik etmiş general Ziya Yusifzadənin Azərbaycan Təhlükəsizlik Orqanlarının tarixi ilə bağlı yazdığı kitabdır. O da öz ürək sözlərini yazmışdı.

Bu günlərdə isə tam təsadüfən Şeyxülislam Allahşükür Paşazadənin 1981-ci ildə çap olunmuş "Qafqazda İslam" adlı kitabını əldə etdim. Yəqin ki, müraciət edəcəm ki, həmin kitaba mənim üçün ürək sözlərini yazsın.

- Bəs özünüz kitab hədiyyə edirsiniz?

- Bəli, öz yazdığım kitablardan hədiyyə edirəm. Amma köhnə kitab kolleksiyamdan əsla kiməsə kitab hədiyyə etmərəm. Amma hansısa kitab festivalı, dövlət tədbiri üçün eksponat olaraq bu kitablardan verirəm.

Bu yaxınlarda Azərbaycanın məşhur şairlərindən birinin 40 il əvvəl çap olunmuş kitabını əldə etdim, yaxınlaşıb imzalamasını istədim. O dedi ki, bu kitabdan məndə yoxdur, bu kitabı mənə bağışla. Ömrümdə ilk dəfə öz şəxsi arviximdə olan, qiymətləndirdiyim kitablardan birini müəllifin özünə bağışladım. Dedim şəxsi kitabxanamdan heç kimə kitab hədiyyə etmirəm, amma bu, sizin balanızdır. Bunu sizə verməmək ixtiyarım yoxdur. Ad çəkməyəcəm, amma dəyərli şairlərdən biridir.

- Bəs gənclərə hansı kitabı mütləq oxumağı tövsiyə edirsiniz?

- İlk olaraq baba, nənə, ata-ananın söhbətlərindən yararlansınlar, ən böyük kitab odur. Onların gənclərə verdiyi tövsiyələr çox qiymətlidir. Daha sonra, klassikləri oxusunlar, məlumatları olsun. Hərdən tələbələrimə seminarda dərs əvəzinə bildirirəm ki, mənə 10 görkəmli Azərbaycan yazıçısının əsərinin adını çək. Olur ki, bəzən çətinlik çəkirlər, yenə də yüksək qiymət verirəm. Artıq onlar düşünməyə çalışırlar ki, bu, mənim boşluğumdur, öyrənməliyəm. Gənclərimiz dünya və Azərbaycan ədəbiyyatı haqqında heç olmasa məlumatlı olsunlar. Sabah haradasa Nizami Gəncəvinin dünya şöhrətli şair olduğunu dedikdə, xarici vətəndaş həmyerlimizdən soruşacaq ki, sən onun əsərlərini oxumusan? Təsəvvür edin, oxumadığı haqqında necə danışacaq? Ona deyəcəklər ki, necə dünya şöhrətli şairdir ki, mənə təbliğ edirsən, amma özün oxumamısan. Sənətindən, ixtisasından asılı olmayaraq sosial şəbəkələrdən uzaq olsunlar, ədəbiyyatımızı oxusunlar. Oxuduqlarının onlara çox faydası olacaq.


Müəllif: Aysel Azad, Foto: Ceyhun Rəhimov

Oxşar xəbərlər