Azərbaycanın Gürcüstandakı səfirliyinin təşkilatçılığı və SOCAR-ın Gürcüstan Nümayəndəliyinin dəstəyi ilə ölkəmizə səfərə gələn Gürcüstanın din xadimlərindən ibarət nümayəndə heyəti işğaldan azad edilmiş Füzuli rayonunda olub.
Teleqraf.com xəbər verir ki, səfər iştirakçıları əvvəlcə Merdinli kəndində erməni barbarlığı ilə tanış olublar. Məlumat verilib ki, erməni vandalları 27 il ərzində kəndi talayıb, yer üzündən siliblər. Bütün evlər, sosial obyektlər dağıdılıb, təsərrüfatlar məhv edilib. Düşmən Merdinli kəndindəki məsciddən mal-qara tövləsi kimi istifadə etməklə, azərbaycanlılara qarşı öz nifrətini nümayiş etdirib. Kənd qəbiristanlığı da erməni vandalizminə məruz qalıb - məzarlar dağıdılıb, məzar daşları uçurulub.
Nümayəndə heyəti Füzuli Beynəlxalq Hava Limanına da gəlib. Bildirilib ki, 44 günlük Zəfər yürüşü zamanı azad edilən torpaqlarda Azərbaycan tərəfindən irimiqyaslı tikinti-quruculuq işləri aparılır. Bu işlər çərçivəsində Füzulidə qısa zamanda beynəlxalq hava limanı inşa olunub. Burada görülən bütün işlər beynəlxalq norma və standartlara uyğun şəkildə həyata keçirilib. Artıq hava limanı xarici ölkələrdən təyyarələr qəbul edir.
Gürcüstanlı qonaqlar Füzuli şəhərinin mərkəzində də erməni vəhşiliyinin şahidi olublar. Məlumat verilib ki, şəhər tamamilə viran edilib, yaşayış binaları ilə bərabər, tarixi-mədəni abidələr də dağıntılara məruz qalıb. Həmçinin şəhərin təbiəti, ağaclar və yaşıllıqlar məhv edilib.
Füzulidə erməni barbarlığı ilə tanış olan qonaqlar Şuşa şəhərinə yola düşüblər.