Çar Rusiyası dövründə İrəvanın zəngin ailələrindən biri də Nağı bəygil idi.
Nağı bəy təhsilini İrəvanda almışdı. Atası Hacı kişi ziraət və ticarətlə məşğuldu, çörək istehsal edirdi, geniş bağlara sahibdi.
Nağı bəy İrəvanda Münəvvər xanımla ailə həyatı qurub. Abbas, Bəkir, Fəxriyyə, Süheyla və Aytən adlı beş övladı vardı. Övladlarından Abbas, Bəkir və Fəxriyyə İrəvanda doğulublar.
Erməni ustaların tikdiyi İrəvandakı evləri çox dəbdəbəli imiş. Dəlmə və Hacı Alməmməd adı verilən iki böyük bağı varmış. 1917-ci ilədək ailə bu şəkildə yaşayıb.
Ermənilərin türkləri qətl etdiyi dönəmdə Nağı bəyin ailəsi fərqli yollarla canlarını xilas ediblər. Nağı bəy və böyük oğlu Abbas Bakıya, sonra isə Trabzona gəliblər. Həyat yoldaşı, atası, digər uşaqları və qohumları isə Güney Azərbaycana yerləşiblər. Hacı kişi burada vəfat edib.
Ara sakitləşincə yoldaşı İrəvana qayıdıb, lakin artıq türk əhalinin sayı kəskin azaldığı üçün 1920-ci ildə onlar da Türkiyəyə Nağı bəyin yanına yola düşüblər. Iğdır, Qars, Ərzurumda qısa müddət qaldıqdan sonra İstanbula yerləşiblər. Nağı bəy İstanbulda 4 mərtəbəli köşk alıb. Qızı Süheyla 1923-cü ildə burada doğulub.
Nağı bəy İstanbulda üç azərbaycanlı şəriklə birgə “İrəvani” adlı şirkət qurub, Iğdır pambığının satışı ilə məşğul olub. Övladlarına mükəmməl təhsil vermək istəyən Nağı bəy qızı Fəxriyyəni Nötr Dam, Süheylanı Jan Dark, oğlu Bəkiri Saint Joseph məktəbinə yazdırıb. Bəkir daha sonra Qalatasaray liseyini bitirib, ardınca Marseldə Ecole de Commerce-də (Ticarət məktəbi) təhsil alıb. Bacısının yazdığına görə, Bəkir bəy orada tanış olduğu azərbaycanlı qızla evlənib, məktəbi bitirmədən İstanbula qayıdıb.
1928-ci ildə Nağı bəyin sonuncu övladı Aytən dünyaya gəlib.
Qızının xatirələrinə görə, Sultan Əhməddəki evlərinə azərbaycanlı mühacirlər toplanıb söhbət edərmişlər. Onların arasında Məhəmmədəmin Rəsulzadə də olub. Eləcə də Hacıbəyovlardan, Bakıxanovlardan nümayəndələr yığılıb. Süheyla xanım həmin toplantılardan birindən bu şəkildə bəhs edib:
“Böyük bir masanın ətrafına yığışılırdı. Adətə görə məclisin idarə edilməsi üçün tamada seçilirdi. Əgər biri danışmaq istəyərdisə, tamadadan izn alınırdı. Beləcə söhbət ciddi şəkildə edilirdi, hər kəsin sözü eşidilirdi. Bəzən də, toplu halda mahnılar oxunulur, Azərbaycan yad edilirdi. Bir gün yenə Rəsulzadə bəyin olduğu bir toplantıda 5-6 yaşlı uşaq olaraq önə çıxdım və “Ey vətəndən gələn el aşinası...” adlı mahnını oxudum. Otağa birdən-birə səssizlik çökdü, hər kəs göz yaşlarını silirdi. Arabir isə “Union Française” kimi bilinən binada toplanılırdı. Azərbaycan tarixi bir nağıl kimi izah edilir, şeirlər oxunulur, biz uşaqların əllərinə Azərbaycan bayraqları verilirdi. Rəqs edərdik. Azərbaycanlı aristokrat və zəngin ailələr qaçdıqları zaman bütün zinət əşyalarını yanlarında gətirmişdilər. İlk vaxtlar bunları sataraq dolanırdılar. Bir incini satdıqları zaman bir aylıq məsrəfləri çıxırdı. Amma təbii ki, yavaş-yavaş yoxsullaşdılar, hətta pulsuzluqdan yer süpürənlər də oldu”.
İrəvana yaxın...
1932-ci ildə Nağı bəy ticarət işlərinə görə ailəsini Iğdıra aparıb. İki oğlan övladı İstanbulda qalsa da, digəri və qızları onlarla gediblər.
Iğdırda gözəl bir ev alan Nağı bəy onu macar ustaların vasitəsilə yenidən bərpa etdirib. O dövrdə elit insanlara xas addım ataraq evinə radio, qrammafon və piano da alıb. Radio sadəcə bu ailədə olub, buna görə də casusluqda suçlanıblar...
İki böyük bağ da alan Nağı bəy kənd təsərrüfatı ilə məşğul olub, şaftalı, ərik, alma, üzüm yetişdirib. Ardınca Iğdırda çəltik və pambıq fabriklərini qurub, özünün hazırladığı şaftalı konservləri ilə 1935-ci ildə İzmir Beynəlxalq Sərgisinə qatılıb, birincilik qazanıb. Ardınca da Almaniyaya bu konservləri ixrac etməyə başlayıb.
Nağı bəyin Iğdırdakı fəaliyyəti dövrün qəzetlərində də əks olunub. “Açıq söz” qəzetindəki məlumata görə, Nağı Odoğlu və şəriklərinin Iğdırdakı fabrikində hər il 400 min kq pambıq və 240 min kq çəltik yetişdirilib.
Ticarət və ziraət kimi gərgin həyat Nağı bəyə vətənini unutdurmayıb. Qızı Süheyla xanımın xatirələrinə görə, Araz çayı sahilindəki Dizə adlı bir kəndə gələr, oradan bir təpəyə qalxar, açıq gözlə görünən İrəvanı seyr edərdi. Sonra üzünü dirsəkləri ilə örtər, hönkür-hönkür ağlardı.
O zaman qəsəbə olan Iğdırda ibtidai məktəb olsa da, orta məktəb yox idi. Bundan narahat olan Nağı bəy Təhsil naziri Həsən Əli Yücelə məktub göndərib, nəticədə onun sayəsində məktəb inşa edilib. Nağı bəy rusca və farsca danışa bilib. Türkiyədə soyad qanunu çıxdığı zaman odlar yurdu Azərbaycandan gəldikləri üçün Odoğlu soyadını qəbul edib.
İrəvandan gələn bəzi insanlara atılan ittihamla Nağı bəy də üzləşib. Belə ki, müfəttiş Hüsnü Bingöl onun evinə hücum edib, radio vasitəsilə Sovetlərlə əlaqədə suçlayıb. Nağı bəyə Ərzurumda edam hökmü verilib, lakin araşdırma nəticəsində heç bir günahı olmadığı anlaşılıb. İddialara görə, Hüsnü Bingöl Nağı bəydən İrəvanda qalan qohumları vasitəsilə kəşfiyyatda istifadə etmək istəyib, o isə razı olmayıb. Buna görə də saxta ittihama məruz qalıb. Bu ittiham ona 10 ay həbsxanada yatmağına səbəb olub.
II Dünya müharibəsindən sonra Stalinin Qars, Iğdır, Ərdəhan bölgələrini tələb etməsi, Iğdırda həyəcan yaradıb. Iğdırdakı zənginlər İstanbula qaçıb. Lakin Nağı bəy sərvətini oğlu Bəkir bəyə vəsiyyət edib və deyib: “Öləcəyəmsə, Iğdırda da ölüm. İrəvana yaxın olmaq məni xoşbəxt edər”. Belə də olur.
Nağı bəy 1944-cü ildə vəfat edib, Iğdırmava məzarlığında dəfn olunub. Oğlu Abbas 1961-ci ildə Iğdırdan İstanbula gələrkən avtomobil qəzasında həlak olub. Həmin il ağır revmatizmadan əziyyət çəkən Nağı bəyin yoldaşı Münəvvər xanım da vəfat edib.
Şuşalılarla qohumluq
Nağı bəyin oğlu Bəkirin əsl adı Bağır olub. Türkiyədə sənədləşmədə Bəkir olaraq qeyd edilib. Bəkir Odoğlu İstanbulun Beyoğlu rayonunda Çiçək pasajının sahibi idi. O, Iğdır Xalq Evinin, Azəri Qardaşlar Yardımlaşma Dərnəyinin quruluşunda da iştirak edib.
Bəkir bəy əslən Şuşadan olan Sürəyya xanımla evlənib.
Qarabağ xanlarının nəslindən olan Talıbxan bəy Talıbxanbəyov (1859-1920) həm çar hakimiyyəti, həm Cümhuriyyət dövründə müxtəlif qəzalarda polis pristavı və qəza rəisi kimi çalışıb. Bolşeviklərin ilk qurbanlarından olub. Cümhuriyyətin işğalından sonra Talıbxan bəyin yoldaşı Xeyransa xanımın qardaşı Hüseyn Mirzəcamalzadə 1921-ci ilin sonunda bacısını və onun övladlarını da götürərək Türkiyəyə gedib.
Talıbxan bəyin Xeyransa xanımdan üç qızı olub: Qəmər, Dilşad, Sürəyya. Qəmər xanım həyat yoldaşı Məhəmməd Ağaoğlu ilə birgə Amerikaya gedib. Dilşad xanım isə Türkiyədə fizika elmi üzrə professor ünvanına qədər yüksəlib. Bu iki xanım haqqında materiallar çox olsa da, Sürəyya xanımla bağlı bilgilər azdır.
Təsdiqlənməmiş məlumata görə, Sürəyya Talıbxanbəyli İstanbulda qısa müddət Azərbaycan Cümhuriyyətinin Daxili İşlər naziri olmuş Mustafa Vəkiloğlu ilə evli olub.
Sürəyya xanım İstanbul Universitetində təhsil alıb, 1928-ci ildə “Karabağ ve İstanbul şivelerinin savtiyat cihetinden mukayesesi” adlı elmi iş müdafiə edib. Bu elmi işi “Azerbaycan Yurt Bilgisi” jurnalında hissə-hissə dərc olunub.
Süryya xanımın adına professor Fuad Köprülü ilə bağlı xəbərdə rast gəlinir. Belə ki, 1939-cu il il martın 4-də İstanbul Universitetində Fuad Köprülünün tədrisat həyatının 25-ci ildönümü münasibətilə konfrans keçirilib. Tədbiri Əli Nihad Tarlan açıb, geniş nitq söyləyib. Tədbirdə Ömər Lütfi, Ritter (ərəb və fars dili professoru), Ziyaəddin Fahri kimi müəllimlərlə yanaşı azərbaycanlı Sürəyya Odoğlu da çıxış edib. Sürəyya xanım çıxışında bunları bildirib: “Mən sizdən ayrı olduğu halda sizə candan bağlı olan azərbaycanlıyam. Böyük ustadı ilk dəfə olaraq orada gördüm. Oraya gəldiyi vaxt evlərdə, cəmiyyətlərdə, məktəblərdə hər kəs Köprülüdən bəhs edərək onu dinləmək üçün can atırdı. Hələ universitet tələbələrinin sevincini demirəm. Sinəmiz iftixarla dolurdu. Əcnəbi dostlarımıza onun yüksək məziyyətlərindən bəhs edirdik. Azəri türklüyü o günləri heç zaman unutmadı və unutmayacaqdır da”.
Qəzetdəki soyadından görünür ki, bu illərdə o artıq Bəkir Odoğlu ilə evli olub. Süheyla xanım qardaşı Bəkir bəyin azərbaycanlı qadınla Parisdə tanış olduğunu deyib. Görünür, Sürəyya xanım hansısa səbəbdən o illərdə Fransada olub.
Bu evlilikdən onların Can adlı övladları olub. Canı xalası Dilşad xanım böyüdüb.
Sürəyya xanım 1941-ci ildə vəfat edib. Səbəbi hələ ki bəlli deyil. Türkiyə mətbuatından əldə etdiyimiz “Bir müəllim vəfat etdi” başlıqlı nekroloqda yazılıb: “İstanbul Müəllimləri Yardım Cəmiyyəti Rəisliyindən: Cəmiyyətimizin üzvlərindən, Nişantaşı 2-ci qız orta məktəbinin türk dili müəllimi Sürəyya Odoğlunu təəssüf ki həmişəlik itirdik. Kədərli ailəsinə və dostlarına başsağlığı veririk”.
Nekroloqdan aydın olur ki, Sürəyya xanım Nişantaşındakı orta məktəbdə türk dili müəllimi kimi fəaliyyət göstərib.
İrəvanlı Nağı bəyin övladı ilə şuşalı Talıbxan bəyin övladının birgə həyatı burada bitir...