"Dövlət Gömrük Komitəsinin (DGK) hədəfi qısa zaman kəsiyində rəqəmsal gömrüyün formalaşdırılmasıdır".
Teleqraf.com Komitəyə istinadla xəbər verir ki, bunu qurumun sədrinin I müavini İsmayıl Hüseynov Seneqalın Baş Gömrük İdarəsinin ölkəmizdə səfərdə olan nümayəndə heyəti ilə görüşdə deyib.
Səfərdə məqsəd Azərbaycan gömrük orqanlarının əldə etdiyi qabaqcıl təcrübələri öyrənmək, eyni zamanda, potensialın gücləndirilməsi sahəsində əməkdaşlığı gücləndirməkdir.
İ.Hüseynov Azərbaycan gömrüyündə informasiya texnologiyalarının tətbiqinin genişləndirildiyini, bütün əməliyyatların elektron qaydada həyata keçirildiyini diqqətə çatdırıb, son illər həyata keçirilən “Yaşıl dəhliz”, “Bir pəncərə”, “e-növbə” və digər layihələrdən bəhs edilib, qaçaqmalçılıqla mübarizə, xüsusilə, nakotik vasitələrin qanunsuz dövriyyədən çıxarılması istiqamətində əldə edilən uğurlardan danışılıb.
Sədr müavini həmçinin iki ölkənin gömrük orqanları arasında əlaqələrdən bəhs edib, bildirib ki, 2016-cı ildə gömrük əməkdaşlarının potensialının gücləndirilməsi sahəsində qarşılıqlı yardım haqqında sazişin imzalanmasında sonra tərəflər arasında əməkdaşlığın genişləndirilməsi üçün mühüm imkanlar yaranıb.
Seneqalın Baş Gömrük İdarəsinin gömrük əməliyyatları üzrə direktoru Mbaye Ndiaye isə iki ölkənin gömrük orqanları arasındakı əməkdaşlıqdan məmnunluqla bəhs edib və qarşılıqlı münasibətlərin daha da gücləndiriləcəyinə ümidvar olduğunu bildirib. Təmsil etdiyi qurumun fəaliyyəti, ölkəmizə səfərin önəmi barədə danışan direktor Azərbaycan gömrüyünün əldə etdiyi qabaqcıl təcrübələrin öyrənilməsi və tətbiqində maraqlı olduqlarını diqqətə çatdırıb.
Səfər çərçivəsində Seneqal gömrüyünün əməkdaşları ərazi və ixtisaslaşmış gömrük orqanlarında tətbiq edilən yeniliklər və layihələrlə əyani şəkildə tanış olacaqlar.