“Davam” Gənclər Hərəkatı “New Media Hub” layihəsinin ikinci mövsümünə start verib.
Teleqraf.com xəbər verir ki, layihənin əsas məqsədi gənc jurnalistlərin və jurnalistika ixtisasına marağı olan gənclərin peşəkar bacarıqlarının artırılmasına dəstək olmaq, yeni medianın imkanlarından səmərəli istifadə olunması ilə bağlı maarifləndirmə işi aparmaqdır.
Layihə çərçivəsində gənclər qeyri-formal təhsil metodikası ilə müxtəlif təlim, seminar, praktik görüşlərdə iştirak edəcəklər.
“Davam”ın sosial media hesabları üzərindən verilən ictimai elanlar nəticəsində qısa müddət ərzində 700-dən çox gənc layihədə iştirak hüququ qazanmaq üçün onlayn formada qeydiyyatdan keçib. Seçim mərhələsinin yekununda 30 nəfərlik iştirakçı qrupu seçilərək formalaşdırılıb.
Bu günə qədər platforma çərçivəsində artıq 4 təlim baş tutub. Bu təlimlərdə təlimçi qismində iştirak edən şəxslər tərəfindən müxtəlif mövzularda interaktiv təlimlər keçirilib.
Ekspertlər gənclərlə təcrübələrini bölüşüb, onlara jurnalistika və informasiya mühiti ilə bağlı bir sıra faydalı məsləhətlər veriblər. Diskussiya şəraitində baş tutan təlimlər zamanı iştirakçıların mövzularla əlaqədar çoxsaylı sualları cavablandırılıb və fikirləri dinlənilib.
“New Media Hub” platforması 2021-ci ildə fəaliyyətə başlayıb və gənc jurnalistlərin, o cümlədən jurnalistikaya marağı olan gənclərin formalaşması prosesinə töhfə verməyi hədəfləyir.
Qeyd edək ki, layihə Gənclər Fondunun dəstəyi, “Davam” Gənclər Hərəkatının təşkilatçılığı ilə həyata keçirilir.