Müasir dünyada müstəqil siyasi subyekt kimi mövcud olmağın və beynəlxalq siyasi sistemin layiqli üzvü kimi beynəlxalq əməkdaşlıqda iştirak etməyin əsas şərtlərindən biri məhz insan haqlarının qorunması ilə bağlıdır. 1991-ci ildə dövlət müstəqilliyimizi bərpa etdikdən sonra Azərbaycanda uğurla aparılan dövlət quruculuğunun əsas istiqamətlərindən biri də məhz insan haqlarının müasir standartlar çərçivəsində təsbit olunması və inkişaf etdirilməsi ilə bağlı olub. 1995-ci il noyabrın 12-də Azərbaycan Respublikasının yeni Konstitusiyası qəbul edilib. Yeni Konstitusiyaya görə ölkəmizdə dövlət idarəçilik sistemi çağdaş ümumbəşəri dəyərlərə əsaslanan respublika kimi təsbit olunub və insan hüquq və azadlıqlarının təmin olunması və qorunması dövlətin əsas vəzifələrindən biri kimi müəyyən edilib. Təsadüfi deyil ki, 158 maddədən ibarət olan Konstitusiyamızın 48 maddəsi məhz insan hüquqlarına və azadlıqlarına aiddir. Qəbul olunmuş Konstitusiyadan irəli gələn vəzifələri həyata keçirmək məqsədilə sonrakı illərdə dövlət bir sıra vacib addımlar atıb.
18 iyun 1998-ci ildə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə İnsan hüquqlarının müdafiəsinə dair Dövlət Proqramı təsdiq edilib və 2007-ci ildən etibarən 18 iyun tarixi Azərbaycan Respublikasında İnsan hüquqları günü kimi qeyd olunur.
2002-ci ildən etibarən ölkəmizdə Ombudsman institutu yaradılıb və fəaliyyət göstərir.
28 dekabr 2006-cı ildə ölkə Prezidentinin Sərəncamı ilə Azərbaycan Respublikasında insan hüquqlarının müdafiəsi üzrə Milli Fəaliyyət Planı təsdiq edilib.
27 dekabr 2011-ci ildə Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı təsdiq edilib.
Milli Məclis də müstəqilliyimizin ilk illərindən başlayaraq İnsan hüquqlarının qorunması sahəsində qanunvericilik bazasının yaradılması üçün ardıcıl fəaliyyət göstərib. Bu fəaliyyətin səmərəli olması və müasir standartlara cavab verməsi üçün parlament bilavasitə insan hüquqlarının müdafiəsi ilə məşğul olan beynəlxalq qurumlarla əməkdaşlığını daim inkişaf etdirib. Ötən illər ərzində AR-nın Milli Məclisi insan hüquqlarının müdafiəsi sahəsində 50-dən çox beynəlxalq sənədə tərəfdar çıxıb və bu sahədə beynəlxalq öhdəliklərin yerinə yetirilməsində mühüm nəticələr əldə edib. MM İnsan hüquqlarının müdafiəsi sahəsində qanunvericiliyin təkmilləşdirilməsi məqsədi ilə dövlət tərəfindən həyata keçirilən bir sıra köklü islahatlarla bağlı müvafiq qanunlar qəbul edib. Qəbul olunmuş qanunlar cəmiyyət həyatının bütün sahələrini əhatə etməklə mülki, siyasi, iqtisadi, sosial və mədəni hüquqların və azadlıqların təmin olunması üçün geniş hüquqi zəmin yaradıb. Bütün qəbul edilmiş qanunların layihələri müvafiq beynəlxalq təşkilatlarla və xüsusilə AŞ-nın Venesiya Komissiyası ilə sıx əməkdaşlıq şəraitində hazırlanıb, ictimai müzakirələrdən keçirilməklə MM-də müzakirə edilərək qəbul olunub.
Bu qanunların sırasında Dini etiqad azadlığı haqqında, Məlumat və informasiya azadlığı haqqında, Uşaq hüquqları haqqında, İnsan alverinə qarşı mübarizə haqqında, Gender (kişi və qadınların) bərabərliyinin təminatları haqqında, Vətəndaşların sərbəst toplaşma azadlığı haqqında, Məişət zorakılığının qarşısının alınması haqqında və s qanunlar ölkədə siyasi plüralizmin genişlənməsində, müstəqil medianın inkişafında və ictimai həyatın demokratikləşdirilməsində mühüm rol oynayıb. Bu qanunların səmərəli tətbiqi nəticəsində bu gün Azərbaycanda 5000-ə yaxın KİV qeydiyyatdan keçib, internetdən istifadə sərbəstdir və bu sahədə heç bir məhdudiyyət yoxdur, əhalinin mütləq əksəriyyəti sosial mediadan geniş istifadə edir. Azərbaycanda 3000-dən çox qeyri-hökümət təşkilatı rəsmi qeydiyyata alınıb və onların da 300-dən çoxu bilavasitə insan hüquqları və azadlıqlarının qorunması sahəsində fəaliyyət göstərirlər.
70 il ərzində Sovet sistemində yaşamağa məcbur olmuş digər türk cümhuriyyətlərində də son 30 il ərzində insan haqlarının təmin olunması ilə bağlı analoji addımlar atılmışdır. 1991-ci ildə müstəqilliyini qazanmış və qlobal siyasi sistemə uğurlu şəkildə inteqrasiya olunmuş bütün türk dövlətlərində insan hüquqlarının müdafiəsi dövlət siyasətinin və parlament fəaliyyətinin prioritet istiqamətlərindən biridir. Bu sahədə artıq 100 ilə yaxın müstəqil çağdaş respublika kimi mövcud olan və bu gün dünya çapında aparıcı rola malik olan qardaş Türkiyə Cümhuriyyətinin təcrübəsi və nailiyyətləri xüsusilə böyükdür.
Lakin ictimai-siyasi həyat bir yerdə durub qalmır. Dünyamız sürətlə dəyişir. Biz də dəyişirik və hər bir dəyişiklik insan amili ilə bağlı olub, onun daha azad yaşamasına, daha sərbəst fəaliyyət göstərməsinə əlverişli şərait yaratmaq üçün həyata keçirilir. Bütün dünyada, o cümlədən bütün türk dövlətlərində antroposentrist cəmiyyətlərin təşəkkül tapmasına çalışılır. Belə bir zamanda məhz insan haqlarının qorunması sahəsində sıx əməkdaşlıq türk respublikalarının və cəmiyyətlərinin daha sıx inteqrasiyasına yol açan strateji istiqamətlərdən biridir. Bu istiqamətdə parlamentlər arası əlaqələr mühüm rol oynayır, çünki insan hüquq və azadlıqlarının qorunması məhz parlamentlərimizin müzakirəyə çıxardığı və qəbul etdiyi qanunlar vasitəsilə həyata keçirilir.
Bu baxımdan, digər sahələrdə olduğu kimi, insan hüquqlarının və azadlıqlarının təmin olunması və müdafiəsi sahəsində də türk respublikalarının hər birinin qanunvericilik bazasının bir-birinə uyğunlaşdırılması da aktual məsələlərdən biridir. Belə bir fəaliyyətin həyata keçirilməsi isə məhz TÜRKPA çərçivəsində baş verir və artıq digər sahələrdə türk dövlətləri parlamentlərinin belə bir təcrübəsi var. Bu gün milli parlamentlərimizin vəzifələrindən biri də Türk PA çərçivəsində əməkdaşlığı genişləndirmək yolu ilə insan haqları və azadlıqları ilə bağlı ən mütərəqqi ideya və təşəbbüslərimizi paylaşmaq və ölkələrimizin dünyada insan haqlarının ən yüksək səviyyədə qorunduğu dövlətlər sırasına qoşulması üçün öz töhfəmizi verməkdən ibarətdir.