Azərbaycan Milli Elmlər Akademiyası Geologiya və Geofizika İnstitutu (GGİ) gənc kadrların inkişafı istiqamətində daha bir təşəbbüs həyata keçirib. İnstitutun Hövzə modelləşdirilməsi və geotexnologiyalar şöbəsinin böyük elmi işçisi Tofiq Rəşidov Rusiya Elmlər Akademiyasının Sibir Bölməsində təşkil edilmiş gənc alimlərin VII elmi-praktik konfransında iştirak etmək üçün qonşu ölkəyə ezam olunub.
İnstitutun İctimaiyyətlə əlaqələr şöbəsiNDƏN Teleqraf.com-a verilən məlumata görə, Tofiq Rəşidov V.S.Sobolev adına Geologiya və Mineralogiya İnstitutu, həmçinin A.A.Trofimuk adına Neft-Qaz Geologiya və Geofizika İnstitutunun təşkilatçılığı ilə keçirilmiş tədbirdə “Lökbatan palçıq vulkanının daxili quruluşunun telemetrik sistemin məlumatlarından istifadə edərək tədqiqi” adlı məruzə ilə çıxış edib.
Gənc alim Azərbaycanda geniş yayılmış palçıq vulkanları haqqında, o cümlədən bu təbii abidələrin daxili strukturları, neft-qaz yataqları və zəlzələlərlə əlaqələri barədə danışıb. Mövzu üzrə apardığı tədqiqatlardan geniş bəhs etmiş T.Rəşidov gələcək üçün gözlədiyi nəticələri diqqətə çatdırıb. Məruzə maraqla qarşılanıb, suallar cavablandırılıb. GGİ-nin gənc əməkdaşı tədbirdə təqdim edilmiş müasir tədqiqat metodları və mühüm yeniliklərlə də tanış olub.
Rusiya və Azərbaycandan əlavə Vyetnamın da təmsil olunduğu konfransda 130 gənc alim və mütəxəssis iştirak edib.
NİGAR