“TEKNOFEST Azərbaycan” Aerokosmik və Texnologiya Festivalı öz işinə davam edir. Festivalda iştirak üçün 35-i yerli olmaqla 50 startap finala vəsiqə qazanıb.
Teleqraf.com-un əməkdaşları festival çərçivəsində Milli Elmlər Akademiyasının (AMEA) stendi ilə tanış olublar.
Burada AMEA-nı təmsil edən şirkətlər öz məhsullarını nümayiş etdirirlər.
Akademiyanın festivalda iştirakı barədə məlumat verən Yüksək Texnologiyalar Parkının baş direktorunun müşaviri Müşfiq Rəsulzadə bildirib ki, AMEA Yüksək Texnologiyalar Parkının (YTP) yeni inkubator-rezidenti olan "Troniq" şirkəti ultrabənövşəyi dezinfektor robot nümayiş etdirir.
Onun sözlərinə görə, bu robot öncədən müəyyən edilmiş marşrut üzrə bütün maneələri aşaraq dezinfeksiya işləri aparmaq imkanına malikdir: “Yaxın vaxtlarda Yüksək Texnologiyalar Parkında led lampaların istehsalı gözlənilir. "BEYT" MMC "smart" arı yeşiyini nümayiş etdirir. Sistem uzaqdan idarəetmə vasitəsilə arı yeşiyinin içərisindəki mövcud vəziyyəti və digər məlumatları məsafədən yönləndirir.
AMEA-nın Elm və Texnologiya Parkı kənd təsərrüfatı təyinatlı dronlarını nümayiş etdirir. "Proline" şirkəti texnologiya parkının ərazisində avtomobillər üçün nanotexnoloji kimyəvi məhsulları nümayiş olunur. AMEA-nın Təcrübə-Sənaye Zavodunun məhsulları transmissiya yağları, hidrolik yağlar, mühərrik yağları, antifriz və aqrosektorda, tikinti sahəsində və sənayedə istifadə olunan mühərrik və sürtgü yağlarından ibarətdir”.
“Elm və Texnologiyalar Parkı” MMC-nin direktoru Zahir Nəsibov bildirib ki, nümayiş olunan “Şahin” pilotsuz uçuş aparatı (PUA) akademiya tərəfindən hazırlanıb. Onun sözlərinə görə, sınaq uçuşu həyata keçirilən “Şahin” nümunədir və üzərində iş davam edəcək: “Aparatın proqram təminatını özümüz hazırlamaq niyyətindəyik. Digər dronumuz isə NF-010AzPUA-dır. Bu, kənd təsərrüfatında istifadədən ötrü, müşahidə üçün nəzərdə tutulub.
Dron üzərinə multispektral kamera yerləşdirilib, əkin sahələri skaner olunur. Alınan məlumatlar xüsusi proqram təminatında emal olunur. Kənd təsərrüfatında bitki örtüyünün vəziyyəti, torpaq haqqında bəzi məlumatlar, azot xəritəsi hazırlanır”.
Akademiya festivalda daha kiçikhəcmli dron da sərgiləyir. Zahir Nəsibov bildirib ki, bu dron digərlərindən fərqli olaraq 1 dəqiqəyə işə düşür: “GÖZ-N1 dronunun daşınması və istifadəsi çox rahatdır. İdarəetmə qutunun qapaq hissəsində olacaq. Dron əsasən güc strukturlarında istifadə üçün nəzərdə tutulub, daha çox izləmə xarakterlidir”.
Akademiyanın stendində nümayiş olunan Şahin və PUA-ların layihə rəhbəri isə Nadir Babaxanovdur. O bildirib ki, Şahini 3 aya, dronları isə 1 aya hazırlayıb. Qeyd edib ki, qurumlar tərəfindən sifarişlər olduqca dronlar hazırlayırlar. Hələlik Kənd Təsərrüfat Nazirliyindən tələbat çoxdur.
Qeyd edək ki, “TEKNOFEST Azərbaycan” Aerokosmik və Texnologiya Festivalı 26-29 may tarixlərində davam edəcək.